Şeirlər - Nadir QÜDRƏTOĞLU

 

Düşüncə qatarı

 

Rəngli işıqlardan bir qatar keçir,

Bilinməz məchula aparır məni.

Dəmir yollarında düşüncəm axır,

Tənhalıq dünyadan qoparır məni.

 

Bir vaqon içində min arzu yatır,

Tək bir bilet alıb o gələcəyə.

Sözlərim buxara dönür, dağılır,

Yollarım uzanır zülmət gecəyə.

 

Baxışım yolları sayır birbəbir,

Bulud göz yaşını səpir içimə.

Bu qatar mənimdir, səmtini bilmir,

Ürəyim xətləri çəkir içimə.

 

Yol gedir təlaşla, gedir xatircəm,

Varlıqla yoxluğun boş kölgəsində.

Təkərin taqqataq səsi - düşüncəm

Səslənir beynimin dar döngəsində.

 

Relslər qarışıqdır, yol əyri, dərin,

Bir xətdə ağlıma ayrılıq gəlir.

Bir arzu altında qalır təkərin,

Bir fikir doğulur, ölür bir fikir.

 

 

Sevək bu dünyanı, sonuna qədər

 

Sevək bu dünyanı sonuna qədər,

Yaşasın bir ömür bizim sevdamız.

Yazaq məhəbbətdən, qalsın bir əsər,

Birlikdə var olsun qoy eşq yuvamız.

 

Sevək bu dünyanı, sevək doymadan,

Hər doğan sabaha ümidlə baxaq.

Danışaq sevgidən onu danmadan,

Eşqin zirvəsinə bir yerdə qalxaq.

 

Sevək bu dünyanı, biz sonsuzadək,

Hər qışın ardınca bahar gələcək.

Yaşayaq, sevgiyə ümid bəsləyək,

Bilək ki, bəxtimiz səhər güləcək.

 

Sevək bu dünyanı, birlikdə, gülüm,

Sevək ömrümüzün hər bir anını.

Bizi ayırmasın qoy vaxtsız ölüm,

Gəl yazaq birlikdə eşq dastanını.

 

Sevək bu dünyanı, sonuna qədər,

Hamı sevgimizə qoy olsun əmin.

Bir vaxt bizdən sonra gələn nəsillər

Bizi xatırlarkən desinlər: "Amin!"

 

 

Ay gəncliyim, salamat qal, salamat

 

Ömrün bahar çağı yaman xoş idin,

Ay gəncliyim, salamat qal, salamat.

Xəyalında min arzunu daşıdın,

Ay gəncliyim, salamat qal, salamat.

 

Qartal kimi göy üzündə uçardın,

Günəş kimi ürəyə nur saçardın.

Yel qanadlı arzularla qaçardın,

Ay gəncliyim, salamat qal, salamat.

 

O gəzdiyim dərələr var, düzlər var,

Görmək üçün doymadığın üzlər var,

Xatirətək yaddaşımda izlər var,

Ay gəncliyim, salamat qal, salamat.

 

Bahar kimi çöl-çəmənlə, çiçəklə,

Dalğa kimi oynadın sən küləklə,

Yaman oldu zarafatın ürəklə,

Ay gəncliyim, salamat qal, salamat.

 

Ömür getdi, qocalığı seçdin sən,

Köhnə yoldan karvan kimi keçdin sən,

Zaman gəldi, keçmişimə köçdün sən,

Ay gəncliyim, salamat qal, salamat.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!