"Sənə gələn haqq yoludu, əfəndim..." - Faiq HÜSEYNBƏYLİ

Şeirlər

***

Sən demə bu tindən sonra payızmış,

Sanırdım bahardı, yazdı mənimçün.

Mən görən yuxular gerçək olmadı,

Fələklər tərsinə yozdu mənimçün.

 

Tanrının üzüydü üzün... sevirdim,

Kirpiyi sevirdim, gözü sevirdim.

Sözə inanırdım, sözü sevirdim,

Deyirdim bu dünya sözdü mənimçün.

 

Sel kimi, su kimi axıb getmisən,

Eşqin çaxmağını çaxıb getmisən.

Məni qaranlığa yıxıb getmisən,

Hər tərəf dumandı, tozdu mənimçün.

 

Kimə təsəllidi, göynədər kimi -

Ayrılıq... şəhərdən köylərə kimi.

Haqlısan yerlərdən göylərə kimi,

Mənə nə eləsən, azdı mənimçün.

 

İki əlim qanda olsa

Sənə gələn haqq yoludu, əfəndim,

Kölə canım xan da olsa, gələrəm.

Çağır məni, səssizlikdən ürpəndim,

Can üstündə can da olsa, gələrəm.

 

Dilə gətir içimdəki rübabı,

Bu quluna rəva görmə əzabı.

İki nədir, dünyaların hesabı

Beş də olsa, on da olsa gələrəm.

 

Lal olaram, quruyaram, axmaram,

Qərq olaram günəş kimi, çıxmaram.

Bu dünyanın nizamına baxmaram,

Yaradılış sonda olsa, gələrəm.

 

Donub sənsiz ömrüm-günüm, hər anım,

Həsrət dadır, qəm qoxuyur dörd yanım.

Çağır məni hüzuruna, sultanım,

İki əlim qanda olsa, gələrəm.

 

***

Səni misra-misra çəkdim içimə,

Başım dumanlanır, çən alınırsan.

Həsrətin, kədərin-qəmin içində,

Necə də mehriban, şən alınırsan.

 

Neynirəm atəşi, içim bir odkən,

Alışıb-yanarkən, adında adkən...

Bu qədər uzaqkən, bu qədər yadkən,

Ən yaxın, ən sadiq, ən... alınırsan.

 

Gəl, ey tənhalığım, təkliyim qadın,

Min ildi həsrətin çəkdiyim qadın.

Söz-söz ürəyimə əkdiyim qadın,

Saçımda bir ovuc dən alınırsan.

 

Daha faş olmalı bu sirr, yazıram,

Səni hərf-hərf, bir-bir yazıram.

Mən hansı qadına şeir yazıram,

Axırda yenə də sən alınırsan.

***

Quruyur bu eşqin budağı belə,

Gəl, ey yaz müjdəlim, xoş nəfəs gətir.

Bu gözə göz gətir, bu ələ əl ver,

Mənə söz ismarla, mənə səs gətir.

 

Səssizcə, sakitcə yeri ömrümdən,

Səsindən canlanan diri ömrümdən.

Bütün əzabları kürü ömrümdən,

Hicranı, həsrəti, qəmi tərs gətir.

 

Bu eşqi ürəkdə daşımaq olmur,

Təkcə əzizləmək, oxşamaq olmur...

Gəl, ey yaz müjdəlim, yaşamaq olmur,

Gələndə özünlə bir həvəs gətir.

 

Ürəklər oxşayan gözəl an gətir,

Nəyi gətirirsən, firavan gətir.

Bu ruha ruh gətir, cana can gətir,

"Bu ruha can adlı bir qəfəs gətir."

 

Üzüyümün baxtı

Mən idim, o idi, bir də qismətim,

Mənim üzüyümün üç qaşı vardı.

Göydə xəyallarım, yerdə qismətim,

Mənim üzüyümün üç qaşı vardı.

 

Sanki yaddaşımı salıb itirdim,

İtirdim başımı, salıb itirdim...

Hər gün bir qaşını salıb itirdim,

Mənim üzüyümün üç qaşı vardı.

 

Məndən oğurladı vaxt üzüyümü,

O tac üzüyümü, taxt üzüyümü.

Kim satdı, kim aldı baxt üzüyümü?

Mənim üzüyümün üç qaşı vardı.

 

Mən hələ özümü sınayacağam,

Tale yazanımı qınayacağam.

Vallah, harda görsəm, tanıyacağam,

Mənim üzüyümün üç qaşı vardı.

 

***

İlmə-ilmə hörülüb

Naxış-naxış gəlmişəm.

Addım-addım gedənim,

Baxış-baxış gəlmişəm.

 

Mən bu eşqə yol oldum,

Susdum-susdum... dil oldum.

Dama-dama göl oldum,

Yağış-yağış gəlmişəm.

 

İnanmazdım heç nəyə,

Nə Yerə, nə də Göyə...

Səninçün bu zirvəyə,

Yoxuş-yoxuş gəlmişəm.

 

Papaq

Yavaş-yavaş, ilbəil yox olur

kənddə köhnə kişilər

köhnə evlərdən.

Buxara papaqlar başsız qalır

damların altda.

Son gün tükənir, xərclənir ömürdən,

Ölümlə üz-üzə qalır həyatda

insanoğlu.

Hər köhnə kişi yox olduqca

sıxılır adam.

Hər köhnə kişi yox olduqca

ömürdən bir addım yıxılır adam.

 

Başı boş saxlamazdı köhnə kişilər,

Ayaz kişi "kepka" geyinərdi,

Hüseynxanın başı öz papağıyla öyünərdi.

 

Yavaş-yavaş, ilbəil yoxa çıxır

kənddə papaqlar.

Hər şey başqa cür idi qabaqlar.

Papaqlar başsız qalıb,

Başlar bədənsiz,

Bədənlər ruhsuz...

Papaqlar baş axtarır,

Başlar bədən...

Ruhunu qaytar bu kəndin, İlahi,

Papaqsız qalıb bəndən.

 

Yavaş-yavaş yoxa çıxır köhnə papaqlar,

Papaq alta yatardı kişilər qabaqlar...

 

Kəndimizdə bir papaq da var,

Öz ölümünü gözləyir.

 

Üç qadın

Bu dünyada üç qadınnan keçmişəm -

Xəyanətdi...

Sədaqətdi...

Sevgidi...

Üç qadının əlinnən su içmişəm -

Hərarətdi...

Lətafətdi...

Sevgidi.

 

Üç qadına varaqlandım, oxundum,

Axtarıldım, soraqlandım, oxundum.

Üç qadınla maraqlandım, oxundum -

Cinayətdi...

Məhəbbətdi...

Sevgidi...

 

Bu ölümə gedən yoldu olumdan,

Gah önümdən, gah sağımdan-solumdan.

Üç qadının yolu keçib yolumdan,

İnayətdi...

Dəyanətdi...

Sevgidi...

Mən yolumu üç qadınnan salmışam,

Üç qadının taleh yolu olmuşam.

Çiynimə üç qadın yükü almışam,

Cəsarətdi...

Əsarətdi...

Sevgidi...

 

Dedim, budur, gəldi bir eşqin fəsli,

Gözəlliyin özü, ruhu və əsli...

Üç qadının bir kişiyə hasili -

Mərhəmətdi...

İbadətdi...

Sevgidi...

 

Gəl

Gəl, ey dilbər, könül mülküm

qəmdən viran olanda gəl.

Əcəl zəngin çalan vədə,

can üstə can olanda gəl.

 

Leysan oldu gözüm yaşı,

Gəl, ey sirrimin sirdaşı.

Tutuşub da bağrım başı

hicrindən qan olanda gəl.

 

Sevən qəlbim abad olsun,

Qəmxanələr bərbad olsun.

Gəlişinlə dil şad olsun,

Qəmin mehman olanda gəl.

 

And verirəm pir eşqinə,

Bir olanın bir eşqinə.

Göy eşqinə, Yer eşqinə,

Haqdan fərman olanda gəl.

 

Çarə qıl sən, ey həbibim,

Yaqutum, zərim, əqiqim.

Mən bimaram, ol təbibim,

Dərdə dərman olanda gəl.

 

Qovuşarmı yar yarına,

Həmdəminə, simsarına?

Güldən gözəl rüxsarına,

Sinəm meydan olanda gəl.

 

Ey Faiq, pünhanın nədir,

Aşkarın, əyanın nədir?

Cismin nədir, canın nədir,

Ruhun şan-şan olanda gəl.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!