"Hərdəmxəyal" silsiləsi (II hissə)

 

Əbədiyyət naminə

 

Aqşin Yeniseyə

 

Sonu olan heç nə

Diqqətə layiq deyil, məncə!

Tutaq ki, "əbədi" və "həyat" kəlməsi

Yanaşı işlənsə idi:

 

Nə çalardı kilsə zəngi,

Nə ziyarət edərdi bir kəs

Öz müqəddəs məbədini...

 

"Məbədin sükutu", əslində,

İnsanlığın süqutu deyilmi?

 

Hərdən xatırlayanda

Ha vaxtsa öləcəyimizi

Başımı bulayıb gülürəm.

 

Sonra isə fikirləşirəm:

Ölüm ömrün ironiyası

deyilmi?

 

Şair demişkən,

"Heç tanımadığım bir ölümün

əyninə biçilmiş bədən".

 

Fəqət düşündüyün qədər

sadə olmur həsrət.

"Yaşamaq" və "ölmək"

arasındakı tikanlı sərhəd.

 

Ən nəhayət,

hər şeyin sonu həsrət deyilmi?

 

Əbədi olmayan heç nə

Heç kəsə lazım deyil, şair!

Bunu məndən də yaxşı bilirsən.

Hətta, yəqin, tək qalanda,

Əbədiyyət naminə

Xəlvətcə tanrıya dua da edirsən...

 

 

Müşfiq üçün təsəlli

 

Açığı, Müşfiq əfəndi,

Diktatorların qaranlıq düşüncələri

sənə də əyan idi.

Bilirdin ki, gec-tez ya Nəsimitək dərin

üzülməli,

Ya da cansız bədəninin amansız

Xəzərin dərinlərində

Üzməli idi...

Əslində, öz taleyini özün seçməliydin,

Müşfiq əfəndi.

Onsuz da, arzun, məqsədin, gileyin

onlara maraqlı deyildi!

Onsuz da, qaranlıq işığın var olmadığı

yerə deyilir.

Fəqət fikir eləmə,

salma ürəyinə çox şeyi.

bir gün günəşin qızıl şəfəqləri

Qırmızı-qaranlığın gözünü tutdu,

üzünə duranları tarix özü də unutdu!

 

 

Nostalgiya

 

Sonuncu elegiya

 

Keçmiş yox,

köhnə xatirələrçün

darıxırıq bəzən.

Ax, nə xoşbəxtmişik

keçən ilki dünən...

Adını bilmədiyimiz bütün illüziyaları

"nostalgiya" - adlandırırıq

Heyif, xoşbəxtliyi

fərqli-fərqli ünvanda axtarırıq.

Əslində, o yox idi və

heç vaxt da olmamışdı.

Əslində, dünən də xoşbəxt deyildik,

elə bu gün də...

Sadəcə dünən daha yaxşı idik

bu gündən...

Ey, sən!

Qorxutma, məni getməklə...

Qorxutma, məni gözdən itməklə...

Onsuz hamı getdi tərk edilmiş şəhərə...

Heç sən də gəlmə.

...nə nostalgiya ol,

nə də keçmişimə zəhər qat!

Əgər haçansa gələsən,

mənə bir qutu siqaret al...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!