Şeirlər - Sahibə YUSİF

 

Bir az da gözlə məni

 

Mən yuvası boş qalan

Bir qaranquş balası.

Bilirsən ki, mənimlə

Bitməz qışın davası.

 

Baharı gözləyirəm,

Gəlib çatacam sənə.

Aramızda bir qış var...

Uzaq deyilsən mənə,

Bir az da gözlə məni.

 

Bilirəm, orda yazdır,

Ləçəklənib ağaclar.

Təzələnib təbiət,

Çiçəklənib yamaclar.

 

Qızılgüllər açmamış,

Gərək ki çatam sənə.

Görürsən ki, ay ömrüm,

Uzaq deyilsən mənə,

Bir az da gözlə məni.

 

Bu qədər çırpınmağı

Edərəmmi heç hədər?

İllər ilə döyüşüb,

Dönəcəyəm birtəhər.

 

Körpə qanadlarımı

Yelkən edəcəm qəmə.

Qanadlarım var ikən,

Uzaq deyilsən mənə.

Bir az da gözlə məni!

 

 

Mən zülmət kəlamıyam

 

Mən bir dəli küləyəm,

Fırtınadan yarandım.

Dənizlərlə döyüşdüm,

Dalğalarla sınandım.

 

Min payızın içindən

Keçib bahara çatdım.

Dirənib ümidlərə,

Arzuları yaşatdım.

 

Nağıla dönən ömrə

Noğul qata bilmədim.

Rəngli xəyallarıma

Yenə çata bilmədim.

 

Dərə aşıb, düz keçdim,

Yollarda yorulmadım.

Möhkəm çıxdım poladdan,

Əyilib, qırılmadım.

 

Günəşə salam verib,

Ulduzlarla görüşdüm.

Oda, alova dönüb,

Şimşəklərlə döyüşdüm.

 

Nə illər yordu məni,

Nə aylara qarğadım.

Nə qəmə boyun əydim,

Nə kədərə ağladım.

 

Zülmətə işıq saçan

Sabahın salamıyam.

Zülmətdən qorxum yoxdur,

Mən zülmət kəlamıyam.

 

 

Mənə yüksəkdən baxma...

 

Mənə yüksəkdən baxma!

En, yanıma gəl hərdən.

Təkliyin rəsmin çəkən

İkicəcik rəssam var,

Biri sənsən, biri mən.

 

Mənə  yüksəkdən baxma!

Səni görə bilməkçün,

Mən də azıram orda,

Bədənim yerdə qalır,

Ruhumsa buludlarda.

 

Mənə yüksəkdən baxma!

Səni yaxşı görmürəm.

Gözlərim bulanıqdı,

Düş, otur ürəyimdə,

Qəlbim sənə qayıqdı.

 

Mənə yüksəkdən baxma!

Gəl, toxun saçlarıma.

Titrət könül varımı,

Sənə etiqad edim,

Silim yazdıqlarımı.

 

Mənə yüksəkdən baxma!

Görüm ki, yanımdasan.

Gəlib çatıb gümanım,

Bu günə xoşbəxt olub,

Keçən dünəni danım.

 

Mənə yüksəkdən baxma!

Axı kimlər biləcək,

Guya ki, məndə olsan?

Dünyamı dağılacaq,

Bircə gün bəndə olsan?!.

 

 

Hansı ürəkdə azmısan...

 

Hansı ürəkdə azmısan,

Yol tapıb çıxa bilmirsən?

Bu tilsim necə tilsim ki,

Güc gəlib yıxa bilmirsən?

 

Bəlkə tor qurub hörümçək

Sənin qismət pətəyinə.

Tanrı bilib yapışmısan

Bir iblisin ətəyinə.

 

O səadət nədir, məgər,

Bəxtimə yaza bilmirsən?

Nəs gördüyüm bir yuxunu

İllərdir yoza bilmirsən...

 

Görmürsənmi xəyallarım

Yoluna düzülüb gəlir?

Göz yaşlarım muncuq kimi

Gözümdən süzülüb gəlir?!

 

Mənim pərvanə ürəyim

Dərdi hardan qanır axı?!

Harda eşitsəm adını

Od-alovsuz yanır, axı.

 

Onsuz özün də bilirsən,

Ruhum sənə alaçıqdır.

Nə vaxt dönsən mənə sarı,

Qapım üzünə açıqdır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!