Təsadüfən Sumqayıtda rastlaşdıq doğma vətənindən didərgin düşən ukraynalı qız Marina ilə. "Taras Şevçenko adına Kiyev Milli Universitetinin beynəlxalq hüquq şöbəsini bitirmişəm", - dedi. Sonra çay masası arxasında dərdlərini dilə gətirdi. Çox duyğulandım, çox kövrəldim...
Yavrum, gözlərindəki
Əzab mənə tanışdı.
Çöhrəndəki qan-qada,
Qəzəb mənə tanışdı.
Deyirsən, orda bizim
Körpələri qırırlar...
Xəstəxana, məktəbi,
Bağçaları vururlar.
Deyirsən, faşistlər də
Belə qəddar olmayıb,
Belə zalım olmayıb,
Belə "bar-bar" olmayıb.
Özün bu yad şəhərdə,
Xəyalların yurddadır.
Yaşıl bəbəklərindən
Yaş yerinə qan damır.
Deyirsən, ağır dərddir,
Onu daşımaq olmur.
Didərginlik zülümdür,
Belə yaşamaq olmur...
Yavrum, səni duymazmı
Bu xilqətin şairi?!
Xocalı qətliamlı
Bir millətin şairi!
Danışırsan, mənim də
Duyğularım can verir.
Təzəcə qaysaq tutmuş
Yaralarım qan verir.
Bizim də üstümüzdən
Həmin tanklar keçiblər.
Bir vaxt bizi də eynən
Doğrayıblar, biçiblər.
Körpələrə bundan da
Betər divan tutublar.
Məsum qızlar özlərin
Qayalardan atıblar...
Gözümüz az görməyib
Sən deyən viranları.
Uca Tanrı kahr etsin
Cahangir tiranları.
Bircə onu deyim ki,
Həftənin bu xas günü:
Qiyamətə qalmaz ki -
Yetişər qisas günü...
Məni də üzmə belə
Baxa-baxa, Marina.
Sil gözünün yaşını,
Dur ayağa, Marina!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
