Ay görünməz, gördüm səni - hər yerdəsən...
Mən görünən hardayam, bəs?
Tapılmıram...
Kündələnib öz ömrümün, köz ömrümün
təndirinə yapılmıram.
İtməmişəm,
Bitməmişəm.
Düşüncəmdə külçə-külçə fikirləri əritmişəm,
Şah damardan alıb qanı,
şax misranın damarına yeritmişəm.
Düşüncənin quş qonmayan zirvəsini
Dağdan ağır söz etmişəm.
Nə etmişəm, düz etmişəm...
Çiy qalmaram, küləklənib körük sinəm,
Mən ürəyi köz etmişəm.
Söz üstündə qərar tutub
şeir adlı asimanın bənd-bərəsi.
Düzlük - hiyləm, əməlimdi,
Fikir mənim təməlimdi.
Dünya cismim,
Dünyam ruhum,
Dünya - mənim göz yükümdü.
Mən sözdəyəm - söz yükümdü.
Kök ataram məzarımda ağac kimi,
Göydən yerə endirilmiş əlac kimi.
Ən vəfalı torpaq dosta söykəyərəm kürəyimi,
Boşaldaram ürəyimi.
Yağış kəsər, külək bitər,
Zaman gələr, qəbrim üstdən
ürək bitər.
Dən düşəndə dan yerinə,
Dönər ruhum can yerinə.
Öpər bahar mənim könül gülzarımdan,
Bu dünyaya günəş doğar məzarımdan.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
