AYB və AJB üzvü, Prezident və Həsən bəy Zərdabi mükafatçısı Fuad Biləsuvarlının poetik nümunələri xalq şeirinin ruhunu və mənəvi zənginliyini özündə hifz edir. Onun şeirlərində həm şəxsi tale izləri, həm də çağın ictimai nəfəsi duyulur. Fuad Biləsuvarlının şeirlərində gündəlik həyatın içindən gələn ağrı və ümid, eləcə də, insanın özünə qayıdışı ilə bağlı düşüncələr ana xətt kimi keçir. O, bəzən fani dünyanın kədərini dərd yükünü daşıyan bir adamı, bəzən Vətən qarşısında borcunu hiss edən vətəndaşı, bəzən də sınaqlardan keçə-keçə həyatı dərk edən və mənəvi dirənişlə yenidən ayağa qalxan insanı poetik dillə canlandırır. Şair həm kədəri, həm etirazı, həm də ülvi duyğuları eyni təbii axarda birləşdirir. Onun poeziyasında tənhalıqla nikbinlik, ağrı ilə ümid, həsrət ilə Vətən sevgisi üzvi şəkildə qoşalaşır. Fuad Biləsuvarlının təqdim etdiyi bu silsilə şeirlər oxucunu həm düşündürür, həm də insan ruhunun dərin qatlarına apararaq tale və dünyanın həqiqətlərini duymağa vadar edir. Günel NATİQ
Ürəyimdə
Müşfiqin, Cavidin yaşadığını
Mən də yaşayıram öz ürəyimdə.
Kimlər ki, haqqıma nankor çıxdılar
Döndülər oldular köz, ürəyimdə.
Çox zaman qırıldım, sındım o ki var,
İçimdə alışdım, yandım o ki var.
Həyatı dərk edib qandım o ki var...
Dərdimə qoşuram söz, ürəyimdə.
Qışın havasıdı... Əsir küləklər -
Özü öz səsinə əsir küləklər...
Söz kimi adamı kəsir küləklər,
Hələ ki, duyulmur yaz, ürəyimdə!..
Qaya parçasıyam, əzilməzəm çox,
Dözümlü olsam da, dözülməzəm çox.
Sirr dolu sinəyəm, çözülməzəm çox,
Həqiqət gəzirəm düz ürəyimdə!
Yaz oğluyam, yaz mənəm də
Elə bilmə - doğru düşün,
Səhv deyiblər: buz mənəm də.
Məmləkətdə əskiklik çox,
Düz arama - düz mənəm də.
Kəm-kəsirlər içindəyəm,
Yığışmışam - köçümdəyəm,
Çıxmamışam - özümdəyəm,
Hövsələli - öz mənəm də.
Dəlilərin artıb sayı,
Keyfiyyətin çıxıb zayı.
Haraylama sən o hayı -
Haya baxan göz mənəm də.
Fərqli şəxsəm, insan mən də,
Ətdən deyil bu can məndə.
Şeirdən doğulan bəndə -
Ədəbiyyat, söz mənəm də.
Mən boyat sözlərdə yoxam,
Hər bir evdə, sizdə yoxam.
Qış bilir ki, buzda yoxam -
Yaz oğluyam, yaz mənəm də.
***
Kədər elə rahatdı ki -
ürəyimdi sığıncağı.
Elə girib ürəyimə,
çıxıb getmək istəmir də -
ürəyimdən
bir zərrə yox qanacağı.
Sanki məni o yaradıb -
nə göz verir, nə də işıq.
Bir gün mən sevinən kimi,
o an olur mənə qıcıq.
Gözü məndə, çəkmir gözün -
mən hardayam, ordadı dərd.
Nə veribdi, ala bilmir,
yollarıma qoyubdu sədd.
Tələbini qoy kənara -
anam, atam deyilsən, qəm.
İmkan ver də, qadan alım,
bir həzz alım səadətdən.
***
Ölüm elə pis şeydi ki,
Bax, hamını tapa bilir.
Vaxt çatanda gedir hamı -
Xan, vəzir də, padişah da...
Kim ölümdən qopa bilir?!
Harda gəldi tutmağı var,
Bəndələri qucmağı var.
Qorxa bilin siz Allahdan -
O göndərir ölümü də.
Fələk haçan istəyərsə,
Bizi attək çapa bilir.
Fani ömür deyib keçmə,
Bizlik deyil ömrü seçmək.
Çıxart qəlbdən sıxıntını,
Həmişəlik deyil heç nə.
Hər şey Allahın əlində -
Bir əmrinə tabeyik biz.
Allah əmrin verən kimi,
Fələk bizi doğmaların
Əllərindən qapa bilir.
Yazıya pozu yoxdur ki,
Deyən vallah, çox düz deyib.
Odur ki, sığın Allaha -
Xoş günü də, bəd günü də.
Allah bizim bəxtimizə
Düçar edib yaza bilir.
Asan olmuşam...
Mənim kövrəkliyim sıxır özümü,
Ən xırda bir sözdən küsən olmuşam.
Hər dosta, qardaşa səmimi insan,
Hər kəsin üstündə əsən olmuşam.
İçimdə od tutub yanmışam daha...
Beləcə, kül olub sönmüşəm daha.
Vaxtında susmayıb dinmişəm, daha,
Gördüyüm çox şeyə susan olmuşam.
Yoluma qayalar salanlar olub,
Qarşımda nə qədər ilanlar olub...
Gözümün odunu alanlar alıb,
Özümü bir küncə qısan olmuşam.
Fuadam, yaşaram ömrü birtəhər,
Sıxır boğazımı əl kimi qəhər.
Düzümə şər qatan, balıma zəhər -
Çətin insanlara asan olmuşam...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
