İmpressionizm
İşıq fırçasıyla çəkir Tanrı
Dünyanın bütün rənglərini.
Dünyanın bütün boyaları işıqdan keçir.
Bir dəfə çəkilir təbiətin hər anı.
Səmada buludları,
Küləyin qaldırdığı tozu,
Dənizin ləpələrini,
Çayın axarını -
Həyatın hər anını mümkün deyil təkrar çəkmək,
Hər vuranda ayrı duyğuyla döyünür ürək.
Qaytarmaq olmur ömürdən ötən hər bir anı,
Hər an ayrı baxışla seyr edirik dünyanı.
Bir işığın min çaları bir kölgədə gizlənir,
Fələklər də ulduz-ulduz, işıq-işıq düzlənir.
Daş da, torpaq da, dağ da, qaya da
Yağışda yuyunur,
Günəş işığına bürünüb yaşayır həyatı.
Tanrı işıqla hər gün təzələyir kainatı.
Bir eşqdə vəhdət tapır kainatda hər şey,
Yerin təki, göyün qatı.
İnsanın gözlərilə çəkilir
Allahın bir anlıq təəssüratı.
Abstraksizm
Allahın yaratdıqlarından uzaq,
Təbiətin ölçülərindən fərqli,
Sözlə çəkilən,
Eşqlə ölçülən,
Diqqətdən kənar görüntülər,
Düşüncələri yaran,
Çərçivəsinə sığmayan fikirlər,
Ölçüləri sındırıb keçən xətlər,
Həddini aşan sədlər,
Rənglənmiş, boyalanmış
Rənglərə, boyalara sığmayan
Xəyal dünyası.
Yaradıcı insan düşüncəsinin
Qeyri-adi həyat kompozisiyası.
Ölümə üsyan edən olum,
Batıya üsyan edən Doğu,
Tanrının dərkolunmaz sonsuzluğu.
Klassizm
Həyat gözəldir,
Gözəldir həyatın ağı, qarası,
Gözəldir insanın yaşamaq sevdası,
Yaşatmaq sevdası.
Başımız üstə bulud gözəldir,
Ayağımız altında daş.
Gözəldir nəsildən-nəsilə,
Tarixdən-tarixə ötürülən yaddaş.
İnsan da gözəldir, mələk də,
Torpaq da gözəldir, fələk də.
Ölüm də gözəldir, həyat da.
Həyatda
Qədrini bilək hər bir anın, saatın.
Dünyada ölüm olmasaydı,
Heç bir mənası olmazdı həyatın.
Dağ da gözəldir, düz də,
Gecə də gözəldir, gündüz də.
Necə də gözəldir eşq!
Necə də gözəldir məhəbbət!
Gözəldir bu yolda çəkdiyin əzab da,
Bu yolda etdiyin günah da.
Dünya gözəldir,
Gözəldir dünyanı gözəl yaradan Allah da.
Kubizm
Riyazi ölçülərlə qurulub cahan,
Riyazi ölçülərə sığışmır.
Həndəsi ölçülərlə yaranıb insan,
Həndəsi ölçülərə sığışmır.
İnsan məkana sığışmır,
İnsan zamana sığışmır.
İnsanın ölçülərində yaşayır neçə qat dünya,
Üçbucaq dünya,
Rom dünya,
Kvadrat dünya.
Eşq oxunda dolanan dünyamızın
Xət-xətdir paralelləri, meridianları,
Kəsir bir-birini əyrilər, düzlər,
Üçbucaq çiyinlər,
Üçbucaq üzlər.
Dördbucaq döş qəfəsində
azadlıq eşqiylə çırpınır ürək,
Çıxa bilmir dairədən,
Çıxa bilmir çərçivədən.
Onunçun çəkilmiş çevrədə
Dolanır zamanın başına.
Vücudu bənzəyir çoxüzlü meteroid daşına.
Gözü nə qədər açılsa da insanın
Yenə baxışı kor bucaqdır.
Kor bucaq kimi gəzir aranı, dağı,
Tanrı eşqindən gözləyir pənah,
Görmür yaxını, görmür uzağı.
Dünyada hər şeyi görür ancaq Allah,
Kürə şəklindədir Allahın baxış bucağı.
Yerdəyəm
Tur dağında, Sinada
Nur olduğum yerdəyəm.
Haqqın gözəlliyinə
Vurulduğum yerdəyəm.
Sudan, oddan süzülüb,
Təmiz addan süzülüb,
Daş inaddan süzülüb
Durulduğum yerdəyəm.
Yalan dünyada gəzib,
Yaxşı, yamanı sezib,
Qandan, qadadan bezib
Yorulduğum yerdəyəm.
Tanrının əli altda,
Zamanın dili altda,
Eşqimin külü altda
Qor olduğum yerdəyəm.
Sığmıram hər qanuna,
Yolam vüsal anına.
Göylərin mizanına
Qurulduğum yerdəyəm.
Özünü axtarır dünya
Nazdan düşmüş qarı kimi
Nazını axtarır dünya.
Kor ocağın qoru kimi
Közünü axtarır dünya.
Açıbdır fal kitabını,
Göyə tutub xitabını,
İtirib haqq-hesabını,
Düzünü axtarır dünya.
Ələyir qəm ələyini,
Çalır şeytan tütəyini.
Dostla halal çörəyini,
Duzunu axtarır dünya.
Sındırıb daş qəfəsini,
Ötmək istər nəğməsini.
Dara düşmüş haqq səsini,
Sözünü axtarır dünya.
Yolun azıb qaranlıqda
Dayanmayır bir anlıq da,
Hey gəzir bu viranlıqda,
Özünü axtarır dünya.
Xərcləyir könül varını,
Qıra bilmir qəm torunu.
Geyinibdir astarını,
Üzünü axtarır dünya.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
