Yolun sonunda Günəş var
Yolun sonunda Günəş var;
uca dağların başında,
pambıq buludlar qoynunda.
Rəngi əməlindən aslı;
parlaq olur, solğun olur...
Əgər, yol alsan payızda,
ilk salam, yarpaq səsidir;
şütüyüb keçər yanından,
ya da qalar ayaq altda.
Bu yolun daş yaddaşında
payızın barmaq izləri,
neçə ananın gözləri,
neçə min ilin sözü var.
Səni görən kimi külək,
qamışların dili ilə
haray salar, xəbər yayar,
hamı bilər;
sən gəlirsən...
Günəş dayanıb yerində,
üfüqün lap kənarında,
səni gözlər.
Kölgə susar, səni görməz.
İşıq görər, işıq gülər...
Sən davam et!
Heç aldırma;
vızıltıya,
sızıltıya,
uğultuya.
Sən davam etdikcə ayağın altda
vaxt xırdalanır,
yarpaqlar keçmişi
yumşaq səslə bağışlayır.
Hər addımda
sən daha az qorxursan,
daha çox yola çevrilirsən.
Bu yol
qaçış deyil,
qayıdış da yox!
Bu yol özünə doğru
sakit bir irəliləyişdir.
Sükut danışır,
sözlər kölgə salmır.
Qamışlar baş əyir:
- Keç,
amma iz qoymadan yox,
ürək qoyaraq keç.
Günəş doğur,
yalnız səmanın deyil,
sənin də yolunun üstünə.
Və sən anlayırsan:
işıq haradan gəldiyini soruşmur,
hara getdiyini də.
Yolumuza Günəş doğsun!
Yolumuza davam edək!
Biz getməsək, adi yoldu,
biz gedəndə dünya olur...
Oxu
İlk söz - "Tanrı" idi;
daş üzərində yazılmış,
sükutun sinəsində doğulan ad.
Söz hələ nəfəs idi,
zaman hələ ölçü bilmirdi,
işıq belə öz kölgəsini tanımırdı.
Sonra Tanrı danışdı -
amma danışmaq deyildi bu,
bu bir çağırış idi:
"Oxu!"
Səssizliyə atılan ilk ox
və ya toxum.
Kağızdan əvvəl yazılan cümlə,
insanın alnına deyil,
ruhuna yazılan əmr.
Oxu -
daşı, suyu, küləyi oxu!
özünü hərəsi bir dərədə olan
Pazl parçalarından yenidən qur...
Oxu -
əlifban olmayan gecələri,
qorxudan titrəyən səhərləri,
adını unutmuş şəhərləri oxu.
Tanrı dedi: "Oxu!" -
çünki bilmədən inanmaq korluqdur,
inanmadan yaşamaq isə
uzun bir susqunluq.
Və insan oxudu -
gözləri ilə yox,
yaraları ilə,
yıxıla-yıxıla,
qalxa-qalxa.
İndi hər kitab bir yol ayrıcıdır,
hər sətir bir imtahan,
hər sual Tanrıya tərəf
atılan addımdır.
İlk söz "Tanrı" oldu,
ilk əmr "Oxu!"
Və dünya hələ də
bir sözdən ibarət
o cümləni
tam oxuyub bitirməyib.
Ey huricamal
"Gərçi məndən surətin qaibdir, ney huricamal,
Sanma kim, gözdən camalın nəqşi pünhan oldu, gəl!"
İmadəddin Nəsimi
Camalın pünhan sanıldı,
Çünki, gözlər görməz onu.
Gözlər görməz, könül görər,
könülsə, hərfə möhtac...
Mən səni gözlə gəzmədim,
Çünki, göz zahiri görür.
Bütün zahirlərsə, hicab.
Səni hərflərdə gördüm -
"əlif"də qaim vücudun,
"be"də bükülən sirrin var.
Həqiqətlər "nöqtə"də cəm...
Hərf oxunur, yox olmur,
oxunmadan da mövcuddur.
Sənin camalın da belə:
nə görünməklə var olur,
nə də gizlənməklə itir.
Mən sənə heç "gəl" də deməm,
Çünki "gəlmək" də bir hicab...
Üfurdüyün ruh canımda,
Dik tutan iliyimdəsən!
Ədn cənnəti
Külək oynadır pərdəni,
Kölgələr gəzir üzündə.
Kirpiklərin enir, qalxır,
Arzular axır gözündə...
Kölgələrlə qaçdı-tutdu
Oynayırıq ağ bədəndə...
Elə bil ki, kəpənəkdir
Cövlan edir göy çəməndə.
Dodaqlarım yaxalayır,
Aman vermir kölgələrə...
Kəpənəklər təslim olur,
Qonur fərqli bölgələrə...
Sağ ol, Günəş, sağ ol, pərdə,
Bir də yaylı, düz yatağım...
Şükür, ey uca Yaradan,
Əsl cənnətdir otağım!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
