Unutmaq, unudulmaq...
Unutmaq elə də üzmür adamı,
Çünki bilirsən ki, unutmamısan.
Yaxud üzəvarı unutmusansa,
bilirsən nə üçün "unut"duğunu.
Əslində, unuda bilmədiyini
gözün görməsə də, könlün axtarır.
Ancaq zulum dərddi unudulmağın,
əslində, ölümdü unudulmaqlar.
Ölüm yaddaşlardan silinmək deyil?
Tez-tez görüşdüyün yaxın dostların
əgər səndən ötrü darıxmırlarsa,
deməli, yoxluğun adiləşibdi,
deməli, varlığın önəmli deyil.
Amma ki, təskinlik bir ondadır ki,
bu işlər tək sənin başına gəlmir,
bu işlər hamının başına gəlir.
Xalqın yaddaşının dərinliyinə
ilişən dahilər az olur, çox az,
müşküldü onların unudulmağı,
onları bu dünya unuda bilmir.
Qapısı ağzında xeyli pərişan
dayanıb dərindən dərk elədim ki,
unudulmamağın bircə yolu var:
O da qayıtmaqdı aktiv həyata.
Yenidən qaynayıb-qarışmalısan
qohum-əqrəbaya, dosta, tanışa,
tərifə, təhqirə, tər-tədbirlərə.
Toylarda məxsusi oynamalısan,
Vaylarda kədərli dayanmalısan.
Gərək olmalısan hamıya hər vaxt,
gərək olmalısan itə-pişiyə.
Şirni almalısan nəvələrinə.
Ya da razılaşıb ayrılıqlara
imza atmalısan unudulmağa,
addım atmalısan tənha sonluğa
əbədi məkana varana qədər...
Səfər
Yazağzı yollandım dədə yurduna,
Həzin gözəllikdən doydum, qayıtdım.
Dolan ürəyimi çiçək yerinə
Qoymalı bir yer var, qoydum, qayıtdım.
Yer göyə uyğundu, göy ruha uyğun,
Yolların qəhrinə qərq olur duyğun.
Bülbüllə öcəşən Qaratoyuğun
Doğma cəh-cəhinə uydum, qayıtdım.
...Yaddaşa yalvardım dərə boyunca,
Hələ qalanım var, ucdan uca.
Düşündüm doyunca, baxdım doyunca,
Duymalı nə varsa, duydum, qayıtdım.
Nəvəm Railə
Dədə səndə yaşayır,
uşaqdı sənin kimi.
Böyü, mən də böyüyüm -
özündə qaytar geri,
yaşayım gəncliyimi,
Railim.
Aralanma gözümdən,
yoxsa bərbad olaram.
İstəsən əvəzində
döşənib döşəməyə
sənə ağ at olaram,
Çaparsan Kəmərliyə,
çoxlu nəmər alarıq,
Railim.
Sənlə divara çıxmaq,
başı üstə yerimək
asandı, asan mənə.
Təpər verən mələyim,
təbibim, loğmanımsan.
Sənə qurban olum mən,
havasan, susan mənə,
Railim.
Bilirəm ki, mənimsən,
bəsimdi var olmağın.
Vecimə də almaram
uçub getsəm göylərə.
Ancaq səni bir daha
heç görməsəm neylərəm,
Railim?
Həyatımsan,
bayatımsan,
soyadımsan,
Railim.
Ürəyimsən,
gərəyimsən,
görəyimsən,
Railim.
Sağ gözümsən,
ağ üzümsən,
bax, özümsən,
Railim.
Anamın yubileyi
Söz deyirəm, anam, doxsan yaşına,
Söz deyirəm doqquz yaşlı daşına.
Dolandıqca duyğuların başına
Duyğular da dalğınlaşır, deyəsən.
Kəsildikcə şirin qısma-boğmalar,
Yad yuxular hər gecəmi yağmalar.
Çox seyrəlir... Seyrəldikcə doğmalar
Dərdin kefi aşıb-daşır, deyəsən.
...Aramızda yasaqlaşan ayrılıq,
Bürkülənib, sazaqlaşan ayrılıq,
Yavaş-yavaş uzaqlaşan ayrılıq
Yavaş-yavaş yaxınlaşır, deyəsən...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
