***
Gedin, bütün adamlar!
Sizlərlə yarım qalmaqdansa,
Tənhalığımla bütün olaram!
Adımı bilmək,
Üzümü seçmək
Məni tanımaqdır məgər?
And içərəm bütün quşların dən ümidinə,
Tora salınan balıqların yem sevincinə,
Göy üzünün mavisinə,
Bəyazına...
Məni tanıyan kimsə olmadı bu həyatda.
Ruhumdan soyunub atsam bədənimi,
Yenə yad olaram qardaşıma, bacıma...
Mən ortaq istəmirdim ağrıma, acıma,
Allah versin öz əlacıma...
Sadəcə tanınmaq, bilinmək arzusu...
Sözdən, bədəndən, maddədən uzaq...
Azərbaycan dilini deyə bilmərəm,
Həyat dilində
Heç bir şəxs mənsubiyyət qəbul etmir.
Hamımız təhayıq!
***
Dənizdəki daşların içini bilmək istəsən,
Sahildəki qumlara bax.
Hər ovuc qum bir daş parçasıdır.
Qum və daş...
Buz suyun yaralar almış halıdır,
Su hələ cavandır,
Buz hər şeydən halıdır...
Buzun içini bilmək istəsən,
Axıb gedən sulara bax.
Su və buz...
İçində od gəzdirir
Yaşıl ağaclar,
Özündən kəsir özünü,
Özündən yandırır özünü,
İllər boyu bəsləyir közünü,
Yaşıllar dönüb boz olur,
Yaşıl və boz...
Bu adla bürünmüşəm bu bədənə,
İçindəki mənəmmi, sanırsan?
Tüstün çıxmırsa,
Nə bilsinlər, yanırsan?
İçimdəkini bilmək istəsən, güzgüyə bax.
Bax...
Sən və mən...
***
Bu gözəl göy üzünün altında
Çirkin adamlar
Elə gözəl yaşayırlar ki, Fyodor!
Bu gözəl göy üzünün altında
Gözəl adamlar elə gözəl
Yaralar daşıyırlar ki...
Bu gözəl göy üzünün altından
Ya gərək dişini sıxıb gedəsən.
Ya da bir ömür
Ürəyini sıxıb ölüm güdəsən.
Olmur, Fyodor, olmur.
Adamları daha göy üzünün
Gözəlliyinə də güzəştə getmək olmur...
***
Deyim, biləsən...
Möhtəşəm gedişlərim var mənim,
Bu gün istəsən, canımı verərəm.
Sabah elə bir şey edərsən,
Canın çıxsa, qayıtmaram,
Canım çıxsa, qayıtmaram.
Sevəndə ölümünə sevərəm,
Gedəndə ölümünə gedərəm.
Qəfil...
Heç olmamış kimi...
Gedişlərin sevgiyə nə dəxli?
Bir də qırıqlar var,
Bu gün bir dənə,
Sabah qalaq-qalaq qırıqlar.
Bu gün bərəlmiş gözlərlə,
Sabah dərin bir ah,
O biri gün sakitcə,
Səssizcə qarşılanan qırıqlar.
Mən ağlamağı da bacarmıram,
Ağladılacağım yerdə dayanmağı da.
Deyim, biləsən...
Möhtəşəm gedişlərim var mənim.
Elə gedirəm, elə qəfil...
Heç olmamış kimi...
Bir az da vicdansız gedirəm.
Ciblərimə doldururam günəşi,
Prometey kimi oğurlayıram atəşi.
(Sonradan didilsə də ciyərim)
Çantamda yaz çiçəkləri,
Qollarımda bir qucaq göy üzü...
Mən gedəndə məğrur gedirəm,
Gedirəm dağ kimi,
Qalıram dağ kimi...
***
İçimdə kədərli bir qız uşağı,
Güzgülərə ağlayan,
"Dünyanın ən çirkini"
Gözəl bir qız...
Saçına dəyməyən sığalların
Ürəyində əbədilik izi var.
Gözəl olduğunu deməmişdilər,
Bilməmişdi...
Qısılmışdı, utanmışdı,
Ürəkdən gülməmişdi.
Gizlincə qayçını götürüb
Saçını kəsməyi...
Əllərinin, bədəninin əsməyi,
O həyəcanlı macəra
Özü də bilmədən
Ən böyük üsyanı idi.
İçimdə qanadları qırıq qız uşağı...
Yandırdığı kekin "Afərin"inə,
Sındırdığı qabın "Eybi yox"una həsrət...
İçimdə çılğın bir qız uşağı,
Evdəki qırmızı yastıqların anası,
Gəlinciksiz, kuklasız...
İçimdə xoşbəxt bir qız uşağı...
İllər sonra yenidən gələn,
Deyən, gülən, rəqs edən...
Oğlumun möhtəşəm oyun dostu...
Kimsəyə buraxmaram,
Bu dəfə özüm böyüdəcəyəm onu.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
