Şeirlər - Müxəmməd Haqverdi

 

Azad Şuşaya

 

Füzulidən Şuşaya

Zəfər yolu çəkildi.

Şuşa sevinci yaşadıq,

Şuşanın dağları

Başı dumansız.

Gülüşlə qarşıladı;

Bizləri - köçkünləri

Öpdük torpağını,

İçdik İsa bulağından

Rahat nəfəs aldıq.

Şuşa qalasında

Molla Pənahın

Məqbərəsin ziyarət etdik.

Ruhu narahat şair

Sanki rahat idi bu an.

Salamladıq büstləri

Bülbül, Üzeyir, Natəvan.

Şuşanın sənət biliciləri

Qarşıladı bizləri -

Gözlərində Şuşa sevinci,

Qürur işığı

Doldu qəlbimizə.

Şuşada Şuşalaşdıq.

Soyunduq qəribliyi

Şuşanın sahibi bizik,

"Azadsan Şuşa!" - dedik.

Gələcəyik,

Yaşayacağıq,

Qoynun Azad Şuşa!

Ürəyini sıxma,

Səni yaşa,

            Yaşa

                        Şuşa!

 

 

***

Ömür yolunun

Neçənci kilometrində

Yıxılacağam,

Deyə bilmərəm.

Bir az ümiddən,

Bir az Allahdan

Tuta-tuta,

Yaşayıram.

Üzü məchulluğa,

Sonu yoxluğa.

 

 

***

Dünyanı duyan da var,

Duymayan da.

Dünyaya uyan da var,

Uymayan da.

Amma dünya yaman uydurur

Hər kəsi.

Heç birinin də

Çıxmayır səsi.

 

 

Etüd

 

Ölən yarpaqların

Cəsədlərini

Aparar küləklər,

Yuyar yağışlar.

Bir dua oxuyar göylər...

Gah bir qayıq kimi

Üzər sularda

Gah da çökəklikdə

Çuxur ağzında

Quruyar, çürüyər,

Ölər yarpaqlar.

Torpağa qarışar,

Torpağı artırar.

Torpaq da bir barmaq

Qalxar yuxarı.

Çılpaq ağaclar indi

Ya şəlalədir,

Ya da su buxarı.

 

 

***

Sən qəflətən uçub getdin,

Onun dağı ürəyimdə.

Zolaq-zolaq kəsdi məni,

Yaralarım içərimdə.

 

Düşmən aldı torpağımı,

Məzarım da əsir düşdü.

Dərd üstünə bir dərd gəldi,

Tənha ümüdüm üşüdü.

 

Çox uzaqdan deyə bildim,

Sən bulud ömrü yaşadın.

İstəməzdim bu qisməti,

Taleyinə Allah yazdı.

 

 

Mənim təkim, bir dənəm

 

Sən gəldin,

Ac könlüm doydu,

Ürəyimə sevinc doldu

Mənim təkim, bir dənəm.

Bu payızın soyuğunda.

Bahar gətirdin mənə

Mənim təkim, bir dənəm.

Gözlərimi oxşadın,

Sözlərini oxşadım.

Mənim təkim, bir dənəm

Həyatımın içinə

İşıq əkdin, bir dənəm.

Günlərim dolu,

Günlərin bəxtəvər oldu

Mənim təkim,

Bir dənəm.

 

 

Nəsnə

 

Daş,

bəli daş!

Kainatda

parçalanan,

qırılan

ev tikilən,

hər şey olan,

yerə düşən,

düşürən.

Qumu,

insanı,

Zamanı

əzən.

Məzar olan daş.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!