"Bu ayrılıq yük olurmu sənə də?.." - Ceyhunə Mehman

Şeirlər

Uçuq daxma kimisən,

Tökülürsən başıma.

Nə gəlmisən, ay adam,

Bu itən yaddaşıma?!

 

Hələ qış ürəyimdə

Tükənməyib qar payı.

Sənə yer yox evimdə,

Təkadamlıq çarpayı.

 

Nə birlikdə həyat var,

Nə qaçmağa yerimiz.

Çoxdan intihar edib,

Qoşa şəkillərimiz.

 

Gedəcəksən, indi get,

Get! aldatma özünü.

Mən səni unutmuşam,

Xatırlatma özünü...

        

***

Adını bilmədiyi

fəsillərdə yaşayırdı,

Yaddaşını muharibədə itirən qoca.

Qış çoxdan haqlamışdı ömrünü,

Günəş də təsir etmirdi

kipriyin qırovuna.

Qəribə düşüncələri vardı;

Göylər-dəniz

Ulduzlar-balıq idi,

Və hər gecə göylərə tilov atardı,

Bircə "balıq" düşməzdi tilovuna

        

***

Yenə soyuqluğun cəllada dönüb,

Hələ almadığın neçə can durur?

Sənin buz ürəyin, qış nəfəsinmi

Mənim ürəyimi belə dondurur?

 

Ürəyim o qədər üşüyür, hətta

İsti göz yaşımı hiss edə bilmir.

Gözümdə bir soba dərd qalasam da,

Soyuq ürəyimi isidə bilmir.

 

Elə uzaqlaşır getdiyim qatar,

Arxamca ha səslən, ha yüyür indi.

Soyuyub arzum da, xəyallarım da,

Bütün xatirələr üşüyür indi.

            

***

Bu ayrılıq yük olurmu sənə də,

Əzablarım sol çiynini əyirmi?

Görən məni bitirən bu suallar,

Sənin bircə cavabina dəyirmi?!

 

Nə demədim sənə "unut", "ayrılaq",

Nə demədim, "dəli kimi sev məni"

Görən yenə tövbə edib gecələr,

Gündüzləri pozursanmı tövbəni?!

 

Fikirlərin qarışırmı arabir,

Xəyalların yenə duyuq düşürmü?

Mənim burda itirdiyim yuxular,

Sənin orda yastığını deşirmi?

 

Qaçmaq üçün gecələri kabusdan,

Verirsənmi yuxularda nəzir sən?

Baxışların soyunurmu əksimi,

Yoxsa yenə hamıda mən gəzirsən?


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!