Vaxtın şeiri
Qaralır qaş, sozalır göz, düşür şər,
Qaşın enən, gözün dolan vaxtı var.
Adamların ruh halıdır çiçəklər,
Qara yelin ləçək yolan vaxtı var.
Gecə aydır, gündüz gündür saçılan,
Bir söz varmı mərd adına qaçılan?
Al güllənin ağ alında açılan,
Qəbir üstə gülün solan vaxtı var.
Qəbri düşdü nə dərin ki vətənə,
Qan payıdır qədərinki vətənə.
Can borcudur əsgərinki vətənə,
Torpağın da vətən olan vaxtı var.
Yaddaş qəzası
Dağların qoynunda qalan bir kənd var,
O mənə doğmadır, mən ona naşı.
Məni kim xatırlar, kim yada salar?!
Özünə qarışıb dünyanın başı.
İllərdi ömrümə yazılır qayıb,
Dəyişən adını una salıqdan.
Orda doğmalıqdan bir şey qalmayıb,
Təkcə köhnə addır doğulmalıqdan.
Amma...
son gününü yadında tutub,
İlk günün zəngini qorxa çalan kəs.
Həyat məktəbində dərsi unudub,
Şapalaq qarışıq iki alan kəs...
Əyri döngələri, bəlkə də qardı,
Bəlkə də bağlıdır tar ilə sağ-sol.
Gedəsi olsaydım uğurlayardı,
Gəlməz ayağıma o palçıqlı yol.
Deyirlər, qürbətdir o üzü dağın,
Tanrının qədərə yazmağı kimi.
Çiyələk yığmağa gedən uşağın
Beyqəfil yolunu azmağı kimi.
Necə daşıyasan arana dağı?!
Hər işin başında cansağlığı var.
Biz küncə qoyulduq bir ömür axı,
Hər kəsin bir ömür dustaqlığı var.
Həyat doğuş ilə ölüm arası,
Haqdan asayiş um, gözəl çağ istə.
Qırılan dizimə enib qara su,
O vaxtdan qalmışam bir ayaq üstə.
İlk sevgi, son arzu
Çoxdan tərk edilmiş daxmadı qəlbim,
Barısı barlamış, himi dağınıq.
Çölü xarabazar qalaya bənzər,
İçi qarət olmuş kimi dağınıq.
Göy üzü görünür uçuq damından,
Çürük çatqıları bulud saxlamaz.
Baxıb qayğılanmaz çat sütunları,
Yağışa düşəndə səssiz ağlamaz...
Küləyin səsindən xoflanar həyət,
Kimin kölgəsidir sınıq qapıda?
Üzünə dirənər yol da adamın,
Dizinə dayanar ayaqqabı da.
İndi başqa cürdür ürək ağrısı,
Bir yanı umudur, bir yanı küsü.
Bir də and içərsəm gözüm ağarsın,
Qaçıb bərəkətin, çörək kürsüsü...
Çoxdan lasa yatmır yonca tayası,
İtib itiləyən çapanı əyri?
Hardadı "girzavoy" çəkmənin tayı?
Topuğu yeyilmiş, dabanı əyri.
Qar deyil, qaralan qanıdı dağın,
Kolların telinə köçüb ağlığı.
Yaman keçəlləşib yaldakı meşə,
Çəkib sinəsinə yol uzaqlığı.
Hər şey olduğu tək qalıb gözümdə,
Arada tər basır tor eynəyimi.
Bir azca köhnəlib nə varsa, olsun,
İlk sevgi, son arzu xatirə kimi...
Vaxt axır səssizcə bir vadi qəmdə,
Şəhər havasına axmadı qəlbim.
Bir kənd daşıyıram soyuq sinəmdə,
Çoxdan tərk edilmiş daxmadı qəlbim.
Kölgə ilə söhbət
Daha təsəllidən keçib və xeyli,
Sümüyə dirənən bıçaq da kütmüş.
Nə dünya kefsizdir, nə mən gileyli,
Amma ağrıları nəsə hürkütmüş.
O kölgə bilmirəm, kimdi, nə güdür,
Qırılır dünyanın harasında yol.
Günahlı, savablı insan ömrüdür
Keçmişlə gələcək arasında yol.
Ölüm gələndə də xoş sayıla, dost,
Gəlib də çıxmadı yolu yomrulu.
Yoxdu qılınc çəkən Əzrayıla, dost,
İndi hardan alaq dəli Domrulu?
Zaman hövsələmi çoxdan daşırmış,
Həmişə həyatın rəngi ağ olmur.
Adam qocaldıqca uşaqlaşırmış,
Dönüb başlanğıca qayıtmaq olmur.
Baxma köks ötürüb nəfəs dərə, dost,
Dayanıb gözləmə sonu... de, keçib.
Mən çoxdan öyrəşdim itkilərə, dost,
Daha təsəllidən keçib e, keçib.
Ağ qoşma
Axı indi çıxıb hər işin ağı,
Vardığın yolların ağıdı, ey dost.
Göydən zəhər yağır şeh düşən çağı,
Doğan gün sabahın ağıdı, ey dost.
Bir gizli "hə" olar hər aşkar "yox''da,
Ümid yeri yoxsa özünə, toxta.
Timsah gülüşünə aldanma çox da,
Qaralan gözünün ağıdı, ey dost.
O kimdi qatlamaq istəyir "yüz"ü,
Ayırmaq da olmur yalandan düzü.
Nə olsun, qaradır torpağın üzü,
Kəfən ki ölümün ağıdı, ey dost.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
