Günəşli dünya
Yükləyib
sevgi dolu xoş günləri,
arzuları, istəkləri, ümidi
qaranlıqdan uzaq,
aydın səmalı,
günəşli dünyaya
getmək istəyirsən bəzən,
həyatın gözəl olduğu
həmin dünyada
ümidlərin qönçə olmasını,
arzuların, istəklərin
çiçək açmasını istəyirsən.
Sevgi dolu çiçəklərə
bürünəydi həyat.
Həmişə şirinliyi ilə
özünü insana sevdirsə də,
acılığı ilə onu dünyaya gəlməyinə
peşman da edər həyat.
Peşmanlığın olmadığı,
günahdan uzaq,
günahkarın dünyaya gəlmədiyi
həyata açılaydı
o gözəl, günəşli dünyanın pəncərələri.
Unudulmaq qorxusu da olmazdı
günəşli dünyada.
Unudulan
xain olardı, çıxardı yaddan,
onun xəyanəti isə
unudulmazdı.
Çəkiləydi həyatın
zülməti,
günəşli dünya olaydı,
qönçə ümidlərin
arzu, istək çiçəklərinin ləçəkləri
səpiləydi
xəyal yollarına...
Ömür karvanı kimi
Günəş batacaq,
ay çıxacaq,
biz də yuxuya gedib, oyanacağıq...
Beləcə, həyatımız asılacaq
ömür hakimiyyətinin
dar ağacı olan
saatın əqrəblərindən
cinayətkar kimi.
Torpaqda
gül-çiçək də bitər, qanqal da.
Şumlanmayan,
becərilməyən torpaqda
bar-bərəkət görünməz
və o
xoş sözə həsrət qalan
ürəyi sevindirmək əvəzinə,
onun sevgisinə
susmaqla, xəyanətlə
cavab verən
soyuqqanlı sevgiliyə bənzəyər.
Sevgi olmayan yerdə
bəzən xəyanət olar.
Ağ günlərin yanında
qara günlərin də
rəngi görünər onda,
xoşbəxtliyin yanında
bədbəxtlik gözə dəyər.
Amma çox çəkməz,
ağrısı, əzabı qalsa da,
özü gedər,
yorulmaqdan yorulsa da,
həyatın ağır yükünü
daşımaqdan,
əziyyət çəkməyi bacarmağından
zövq alan,
bizi yaşadan, dünyaya bağlayan
ömür karvanı kimi...
Xəyanət
Kədərin
yorğun yolçusuna çevrildin.
Günün qaraldıqca
saçın ağardı.
Qara gün tərk etməsə də səni,
qara saçlar tərk etdi.
Üzündə qırışlar,
həsrətin yollarında
ayaqların iz açdı,
tənha qadın.
O izlərə
Sevən bir ürəyin
segisinə layiq olmayan,
xain ərin
xəyanəti səbəb oldu.
Sevgi sənə Leyli nənədən
mənəvi miras qalmışdı,
Sən o mirasa layiq oldun.
Ərin isə Məcnun babanın
sevgi mirasına
ləyaqətlə sahib çıxmadı,
Ruhunu incitdi
sevginin əbədi və ədəbi simvolu
Məcnunun.
Xəyanətə tuş gələn qadın,
baxma bu həyata,
görmə xainləri və onların xəyanətini.
Yum gözlərini, tənha qadın!
Gördün axı, gördün!
Onu da, onun xəyanətini də
unutmaq, bəlkə də
çətin olacaq.
Söylə, həyat, söylə,
sevgi kimi gözəl hissi
belə xainlərin xəyanətinə
qurban verməyə dəyərmi?
Bir ulduz qədər
Sevgi istəyirdin -
Həyatın qaranlıq
gecələrində
dünyaya
bir ulduz qədər
nur saçsın.
Amma görmədin.
O sevgini
qıymadı sənə
həyatını həsr etdiyin
adam.
Ürəyi gəlmədi
kiməsə xoş söz deməyə dili,
xeyirxahlıq etməyə
əli gəlmədiyi kimi.
Özünü düşündü,
yalnız özünü!
Ayrılıq körpüsünü də
keçib getdi,
səndən gizlətdiyi sevgi şərbətini
başqası ilə içdi.
Səni heç düşünmədi ki!
Adın Səadət olsa da,
O ad həyatına işıq saçmadı.
Sevgi dünyasının
qaranlığında itirdiyin
adam da
səni itirdi.
Özü öz həyatına
bədbəxtlik gətirdi.
Ana təbiətin də öz hökmü var:
zülmət gecələr
qara libasdan çıxmaq üçün
həmişə günəşə möhtac olar.
Sənin sevgin idi
o günəş!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
