Təsəlli
Pişiklərin xoşbəxt olduğu şəhərlərdə
itlər bədbəxtdir,
itlərin xoşbəxt olduğu şəhərlərdə
pişiklər,
razı sala bilməzsən hamını,
heç göylər də razı sala bilmir hər kəsi;
günəş də,
yağış da,
qar da,
külək də.
Birinə xoş gəlir, birinə yox
nərgizin ətri,
pəncərəsini bağlayan var
bülbül cəh-cəh vuranda,
var ulduza, aya dil uzadan da -
hər şeydən, hər kəsdən
narazı yaranıb adam,
gözəl qız,
səni bəyənməyənin
ürəyinə qadan.
Bir köks ötürümündə
Daha ucuz siqaretə keçmiş qoca -
sinəsinə düşmür təzəsi,
öskürdür onu
gözləri yaşarıncayadək.
Deyirəm ona:
"bəlkə əl çəkəsən həmişəlik,
zərərdir sənə,
pulun yoxdur, üstəlik".
Köks ötürür,
gözləri yol çəkə-çəkə,
barmaqlarının arasında
bərkdən sıxaraq kötüyü
daha möhkəm sümürərək,
zəhəri ürəklə içinə çəkərək
zarafat edir:
"hamısını eləyən arvaddır,
bezib əlimdən,
bahasını alanda deyinir,
ucuzundan aldırır ki,
dul qalsın,
bir az da başı dinc yaşasın".
Gülüşürük,
sarı, mırıq dişlərinin arasında
sıxılır siqaretin kötüyü,
arvadı sığallayır masanın üstündəki örtüyü,
örtüyün üstündə rəngi solmuş sarı güllər,
sonra
hər üçümüzün üzündən yağır kədər -
uçuşur havada halqalar.
Uşaqlığımda tutmaq istəyərdim onları,
amma həmişə əllərim boş qalardı,
siqaret dumanı kimidir ömür də,
gün də
əriyib yoxa çıxır
bir köks ötürümündə.
Gənclik üçün darıxmaq
Dar bir pilləkəndə
qız kitabı saldı əlindən,
cavan oğlan kitabı yerdən qaldırdı,
kitabın uzun, maraqlı adı vardı:
"Bir qəpiyim də yox idi,
qız isə çox gözəl idi",
hər şeyi oxumaq xəstəliyim baş qaldırmış,
kitabın adını oxumuşdum tezcənə.
Qız gülümsədi,
oğlan başını salladı,
hərə ayrılıb öz yoluna getdi pilləkənin başında;
seriallardakı kimi olmadı,
başlamadı romantik sevgi;
bəlkə bir şans idi ikisi üçün də,
qaçırtmışdılar əldən,
bəlkə belə sıradan
başlanğıc xəyalında deyildilər,
ya da sevgililəri vardı.
Qız gözəl idi,
oğlanın pulu, güman ki, yox idi,
hardan olsun tələbənin pulu?!
Bəs bu səhnə yadımda niyə qaldı?
bəlkə ikisi də unutmuşlar dünəndən.
Niyə istədim ki, bu səhnənin
axırı yaxşı qurtarsın?!
o gözəl qız alicənab
oğlandan həmişəlik ayrılmasın
o pilləkənin sonunda
niyə?!
***
Çəkilib xəlvətə
şeir yazıram.
barmaqlarımın
rəqsinin səsi yayılır evə.
Ərim güdür məni -
görən, kimlə yazışıram?!
Əslində haqlıdır güdməkdə -
yazışmaqdır şeirlər
xəyali bir qüvvəylə.
Ayrılmaqdır evindən,
yurdundan,
doğmalarından,
hamıdan,
hər yerdən getməkdir həm də.
***
Şəhər yuxuya qərq olub,
çamadanını sürərək
gedir bir adam;
nə qədər səssiz getməyə çalışsa da,
həm də qaranlıq kimi
kimsələrə görünmədən
qulaq kəsilirəm gedişinə,
qaranlıq eyvanımdan boylanıram dalınca
bu gedən yad adamın.
Gecə saat dörddür,
tanımadığım adamın gedişi,
çamadanın təkərlərinin səsi
kədərləndirir məni,
baxıram dalınca
gözdən itincə,
sanki sonuncu adam idi
bu şəhərdən çıxıb gedən.
Yerin üstündə,
göyün altında
təkcənə qaldım indi mən.
***
Lombarddan çıxartdım
nişan üzüyümü,
həbsxanadan çıxan
əziz adam kimi
sevindim onu görməyimə,
ovcuma almağıma;
doğma gəldi gözümə, əvvəlki kimi,
amma həm də yad idi,
kobudlaşan,
sərtləşən
barmağıma olmurdu daha...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
