Əlisəmid Kürə
Mən səni yazdıqlarından tanıyırdım,
"Kentavr" kimi qalmışdın ağlımda.
Bir də şair dostların
dəliliyindən danışmışdılar
yanımda, nə vaxtsa.
Bilirdim dünyanın kür uşağı olduğunu,
Əslində şair elə belə olur, Əlisəmid.
Şair laylaya yatdısa,
adam satdısa,
yaşamaq ağlına batdısa,
ondan nə adam olar,
nə də şair, Əlisəmid.
Kürlüyünlə qaldın çoxunun yadında,
şeirlərindən,
ağrılarından
kimsənin xəbəri olmadı, amma.
Şairlərin çoxu baharda gəlir,
Sən qışla baharın arasında
gəlmişdin dünyaya.
Payız şairlərin fəslidi əslində,
Niyə quşlar kimi
payızda tərk elədin ömrü,
Sənin ağac qədər də
etibarın yoxdumu, Əlisəmid?!
Axı ağaclar baharda yenidən çiçəkləyir.
Yoxsa, baharı gözləməyə
hövsələnmi çatmadı?!
İndi hamı
səndən yazır,
səndən danışır.
Kimə gərək innən belə
ha danışıb,
ha yazsınlar?!
Sən ki görməyəcəksən,
sən ki eşitməyəcəksən,
sən ki bilməyəcəksən.
Sən ki bir də qayıdıb
geri gəlmiyəcəksən.
Dünyanın kür uşağıydın,
ipə-sapa yatmayan,
bu dünya nağılı ağlına batmayan,
Dəli-dolu oğuluydun.
Ölümüylə çiling-ağac oynayırdın,
vecinə almırdın ömürü, baxtı.
Nə hay saldın,
nə kimsədən kömək umdun.
Səssiz-səssiz,
için-için,
gözlərini qəfil yumdun,
Şair elə belə ölür, Əlisəmid.
***
Mən kiməm -
itib-batan səsmi,
yoxsa bir ağacmıyam, Acun?!
Elə bilirdim
səni beş barmağım kimi tanıyıram.
Sən demə,
beş barmağımı da tanımamışam.
Bir kimliklə tanıyır adamı
adamlar.
Kimliyin varsa, adamsan,
yoxsa, fərqin yox,
divara düzülən
düzənbaz daşlardan.
Bir kağız parçasıdı
adamların kimliyi -
kirlənə, islana, əzilə bilən.
Mən həmahəng
ola bilmirəm adamlarınla,
nə də həmrəng.
Başqa sivilizasiyanın adamıyam sanki,
kimliyim uyuşmur zamana.
Aksiom kimi yaşayıram həyatı.
Akkulturasiyaların modifikasiya olunmuş
şəklidi Yer kürəsi,
aqnoziya halındadır hər şey.
Kimlik soruşurlar haraya getsən,
bir kimlik qədər teorem deyil insan.
***
Hər şərqidə bir parçamız qaldı,
hər gedənlə bir az öldük.
Və sonra anladıq,
illərcə yaşamaq adına aldadırmışlar bizi.
Hər gecə içdik göz yaşlarımızı
qədəh-qədəh;
ayrılıqların şərəfinə.
Hər şeirdə yarımçıq bir sevdanın izi,
hər gedən gün apardı
bir tikəsini ömrümüzün.
Ruhumuzda son fotosu qaldı,
bir də sol yanımızda ağrısı
bizi tərk edənlərin.
Ən çox güvəndiklərimizdən aldıq
ən dərin yaranı,
ən çox sevdiklərimiz öldürdü bizi.
Ölüm ən son şərqisiydi ömrün -
oxuduqca bir-bir sıradan əskildik.
Aynalar belə, utandı riyakarlığımızdan,
səmimiyyət rol oldu,
məsumiyyət tamaşa.
Kim daha gözəl oynadısa
daha çox qazandı bu həyatda.
Eşq,
sevgi,
filan son kadrıydı
uşaqlığımızın.
Mən həyatı ölümə uduzmuş adamam, balaca,
uzaq dur məndən.
Alışdım susaraq şərqi söyləməyə,
sən şərqi dinləməyə alışma.
Əslində həyat da bir şərqidi -
içi əzablarla dolu.
Mən illərcə özümlə savaşdım,
amma qəhrəman ola bilmədim,
çünki bu savaşda
hər kəsin məğlub olduğunu
hamıdan tez anladım.
***
Bir gün səhər tezdən,
ya da gecə yarısı
Qapın döyülsə qəfildən,
Qorxma!
Dur, aç qapını,
Gələn ölümsə,
Qorxma!
Üzünə gülümsə.
***
Qapıları bağlama,
gedən var.
Gedənləri saxlama,
gələn var.
Durub, durub ağlama,
görən var.
Canımızı yüz yerə
bölən var.
İnsan nədir -
ağ bələk,
ağ kəfən.
Aldanıb bu ağlığa
nə qədər yer üzündə
ölən var.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
