***
Şamın əzabını pərvanə çəkir,
Qınağa tuş gəlib pirdəki şəkil.
Kiminçün qaldırım badəmi axı,
Otaqda bir mənəm, bir də ki şəkil?!
Hər azan səsində bir rahatlıq var,
Çoxdan bu avaza zəliyik biz də.
Hərdən boş vərəqə "eşq" sözü yazaq,
Sonra elə bilək dəliyik biz də...
Kişi də, qadın da mey süzür cama,
Ruhun canındakı ağlıq düşmür ha...
Kim ömrü bir şüşə araq sanırsa,
Onun ölümünə sağlıq düşmür ha.
Yenə ürəyimin açarı itib,
Söksək aradakı çəpəri, çıxar.
Bu şeir özümə töhfədi, qadın,
Səndən nə divanə, nə pəri çıxar.
***
Pərvanə, elə bil bu şama yükdü,
Min ildi çalınır, sura çıxan yox...
Elçi daşındakı mamıra bax da,
Bəlkə əlli ildi bura çıxan yox.
Can uçuq hasardı, söykənmə, uçar,
Gözlər aradakı davaya uymur...
Könül rübabımın simi qırılıb,
Heç kim oxuduğum havaya uymur.
Eh, nə tez əridi bu şamlar axı?!
Dünənki nağılı doğru san, qadın.
Kimsə səhv saldığım cığırı əzib,
Sənə necə deyim oğrusan, qadın?
***
Payızdı, günəşə baxıram səssiz,
Günəş necə yorğun, necə də süstdü.
Yenə uzaqdayam bir bəhanəylə,
Burda vaxt tələskən, gecə də süstdü.
"Beşdaş" oynamağa hal yoxdu burda,
Nə qədər əyri var, düz şeyə gəlir.
Dünən sağlığıma içən adamlar
Bu gün də qapıma yüz şeyə gəlir.
Eh, desəm bağışla, mənası olmaz,
Səndən gizlətmişəm yaşımı, qadın.
Hər edam yerində tək bir kötük var,
Hara qoyacağam başımı, qadın?
Yuxuda görürəm vaxtım olanda
Gözümdən asdığın hədənlə səni.
Necə qısqanmayım, a başı batmış,
Bu armuda oxşar bədənlə səni?!
***
Nə azan çəkən var, nə namaz qılan,
Nədən bu kəndlərin piri bağlıdı?
Ölümlə aranda iki qapı var,
Sən birin açmısan, biri bağlıdı.
Pərvanə şamdan yox, kibritdən qorxur,
Söz sözə dirənsə, qələmə baxmır.
Canı ağrıyana mey çara deyil,
İndi ta adamlar ələmə baxmır...
Mey ilə cam varsa, meyxanə də var,
Bu qoca adamda zəndə bax, hələ.
Böyüklü-kiçikli, asidi hamı,
Qayıt, köç etdiyin kəndə bax, hələ.
Cəllad qamçısıdı təmənnalı eşq,
Qapıda durana gəl acı, mənəm.
Məni Allah adlı təbibə göstər,
Soruş, bu tifilin əlacı mənəm?
***
Saat on ikidə görüşümüz var,
Eh, nolar, arada vaxta bax, qadın.
Mən ovçu olandan göl sonasızdı,
Sən indi məndəki baxta bax, qadın.
Biz də çox inandıq cadu-pitiyə...
Sənə kim deyir ki, hamını qır, at?
Kim eşqdən borc umur, divanə deyil,
Saqi, beləsinin camını qır, at.
Ləpələr yıxırsa qayığı, qorxma,
Atma içindəki inamı, pəri.
Həyatın bir ovuc məcrası olur,
Tez-tez sənə baxmaq zinamı, pəri?
Bilet tapmadığım qatar da gedib,
Arada nə vardı, itdi, vəssalam...
Sonra deyəcəklər: biri var idi,
Biri də yox idi... bitdi, vəssalam.
***
Əzrayıl gəlincə, qayıt geriyə,
Gedib saz havası çaldıraq yenə.
Doldur boş camları mey ilə, saqi,
Köhnə sağlıqlara qaldıraq yenə.
Nikah kağızımda imza yox, şükür,
Sən niyə qələmi qırıb atırsan?
Eh, sevgi özü də qolsuz sənəddi,
Lazım olmayanda cırıb atırsan.
Məni gətirməyən qatara baxma,
Kişi yanındakı qadından bəlli...
Nə vaxtdı qulağım çəkilmir yenə,
Mən tez-tez çıxıram yadından, bəlli.
Şeytan da bir vaxtlar səmada olub,
Nədən mələklərin pisidir indi?
Adını yazdığım ağacı kimsə
Kəsib, balasını isidir indi.
Dəli, ya ağıllı, adamdı, boş ver, -
Tabut havayıdı, leş on manat pul.
"Xoşbəxt" olmaq üçün iki şey bəsdir:
Həyasız bir qadın, beş-on manat pul.
***
Mən kənddən çıxanda hava gün idi,
Ağaca yazaydım adını gərək...
Eşq də qumar kimi bir şeydi, dəli,
Tez-tez çıxarasan dadını gərək.
Kim sürtüb üzünə bu gözəlliyi?
Uzaqsan, ürəyim üzülür elə.
Şeh düşmüş şüşələr bulud kimidi,
Qoynuna ilğımlar düzülür elə...
Hər acı əzabda bir soyuq an var,
Gözlər neyləyibsə qoşuna, gəlmir.
Vida yaylığına ümid eləmə,
Bu əda heç kimin xoşuna gəlmir.
Köhnə xəyalımı sükut aparır,
Atlar qayıdacaq onadək, içmə...
Günah da, sanıram, bir badə meydi,
İçmək istəmirsən, sonadək, içmə...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
