Şeirlər - Şahnaz ŞAHİN

 

Mənim pəncərəmdə oynayan Günəş       

 

Mənim pəncərəmdə oynayan Günəş

Gah qaçıb gizlənir, gah üzə çıxır.

Bir ayağı dağda, biri aranda,

Bir ayağı gedib dənizə çıxır.

 

Mənim pəncərəmdə oynayan Günəş

Kəpənəyə dönür, böcəyə dönür.

Çiçəyə çevrilir, böcəyə dönür,

Cığıra çevrilir, küçəyə dönür.

 

Masanın üstündə dolçaya dolur,

Güldanda ətirli qonçaya dolur,

Fincanda buğlanan  çayıma dolur

Mənim pəncərəmdə oynayan Günəş...

 

Gəzir künc-bucağı, hər yan sevinir..,

Ayağım altında soyuq  döşəmə,

Başımın üstündə tavan sevinir.

Üç yaşlı qızcığaz qaçır dalınca,

Bir oyun başlayır, aləm sevinir...

 

Günəşin nurunda dəstəmaz alır,

Pəncərəm çevrilir üzü qibləyə.

Zamanın axdığı məsum yerdəyəm,

Üzüm qibləyədi, sözüm qibləyə.

 

 

Ölüm deyil quşcuğazın gedişi

 

Uçub gedər gözlərimdən quş kimi,

Ölüm deyil quşcuğazın gedişi.

Bir ömürlük yuva idim, indisə

Bir yuvalıq uçuş yolu çəkirəm.

 

Bir dualıq əl açıram Tanrıma,

Bir dualıq ah qoyuram üstünə.

Ağır gəlsin, ağır başa gəlməsin,

Bir atımlıq daş qoyuram üstünə.

 

Yolub gedir lələyini quşcuğaz,

Görüb gedir bələyini quşcuğaz.

Açıb gedir örpəyini quşcuğaz,

Mən də burda baş qoyuram üstünə.

 

Kimdi orda, əl eyləyir aşağı,

Kimdi baxıb yol eyləyir aşağı?

Aman gündü, incitməyin uşağı,

Aman gündü, darıxmasın quşcuğaz.

 

Üzər məni quşcuğazın gedişi,

Sezər bunu gözlərimdən dostlarım.

Duyar məni, sevər məni dostlarım...

Təsəllitək oxuyaram özümçün

Ölüm deyil quşcuğazın gedişi...

 

 

Əllərimə lələk düşdü buluddan

 

Elə hər şey bir kəlmədən başladı.

Elə qəfil, elə birdən başladı.

Mən gördüm ki, daşqın gəlir üstümə,

Sel özü də çaşqın gəlir üstümə...

 

Əvvəl bir az mən özümü itirdim,

Kimsə dedi: qaç, - tez ayaq götürdüm.

Su üzündə köpük, kötük.., nə ki, var

Kömək umdum, əl uzatdım.., itirdim.

 

Sonra kimsə yetib çatdı arxadan,

Kürəyimdən çəkib tutdu arxadan.

İlan kimi su qıvrıldı yol boyu,

Biz ikimiz su üstündə qol-boyun...

 

Yanımda bir quş yuvası axırdı,

İki məlul göz üzümə baxırdı.

İnanmazdım quş beləcə ağlayar,

Quş naləsi insan bağrın dağlayar...

 

Kimsə dönüb mənə baxdı buluddan,

Dönüb birdən qanad oldu qollarım.

Dönüb birdən quşa döndü əllərim,

Əllərimə lələk düşdü buluddan...

 

Sonra..,

Sonra elə o sel məni apardı,

Bircə anlıq macal məni apardı.

Bir əl tutub çəkdi məni özünə,

Çox yol vardı məndən, səndən onacan,

Bir yol vardı.., o yol məni apardı...

 

 

Şəhər də qəribdi, mən də qəribəm

 

Şəhər də qəribdi, mən də qəribəm..,

Elə dalanından tininə qədər,

Quru torpağından suyuna qədər,

Neçə mərtəbəli öyünə qədər...

 

Gedirəm, küçəsi mənə dar gəlir,

Adamlar birtəhər baxır üzümə.

Köhnə yurd yerində təzə cah-cəlal

Gendən qəribliyi soxur gözümə.

 

Dost-doğma şəhərdə gəzə bilmirəm,

Tapa da bilmirəm köhnə ünvanı.

Bax, elə bu yerdə su köşkü vardı,

Bu yanda dondurma, kokteyl dükanı...

 

Qarşıma nə bir dost, nə tanış çıxır,

Bu boyda şəhərdə tənhayam, təkəm.

Özüm zindanbazam, özüm zindanam,

Şəhər boğazımda ilişən rikə...

 

Gözəl, yaraşıqlı, mehriban şəhər,

Gecəsi, gündüzü çıraqban şəhər,

Səni dəyişdirib zəhmətkeş əllər,

Hüsnünə yaraşır bu gözəlliklər...

 

Amma ki, qəribsən, qəribəm mən də

O, tozlu-torpaqlı kəndimə qədər.

Geydiyim çəkmənin, örtdüyüm şalın,

Saçımın təbii rənginə qədər...

 

Sən də nabatından qəndinə qədər..,

Köhnə feilindən fəndinə qədər

istəsən çək, apar fikirlərimi,

Aldat, lap sonuncu zəndimə qədər...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!