Qobustanda bir günüm
Əcdadımın ruhlarının qonağı
Oldum, orda - Qobustanda bircə gün.
Yorulmurdum seyr etməkdən sol, sağı,
Tamam başqa əhvaldaydım, büsbütün.
Möhtəşəmdi qayaların düzümü,
Durmuşdular əsgər təki farağat.
Bacarmırdım ayırmağa gözümü,
Düşünürdüm, dil açarlar bu saat.
Hər birində bir işarə, bir yazı,
Min il əvvəl olunmuşlar bura həkk.
Qəlbimdəydi, duyam, qanam ən azı
Bircəsini heç olmazsa, bu istək.
Dolandığım cığırları yenə də,
Dönə-dönə, təkrar-təkrar keçirdim.
Şahid göylər bəlkə, bəlkə dinə də,
Sirrin aça bir işarə seçirdim.
Gümanlıydım, nəsə deyər Qavaldaş,
Döyəclədim, osa verdi səs-səda.
Dərkimdəki tək fikirdən, çaşdım-çaş,
Özümüzdə bəlkə səsik dünyada.
Xəyallarla döndüm orda geriyə,
Daşlardakı şəkillərdi, bir də mən.
Ayılmadım da yolboyu qeyriyə,
Bircə anlıq da yönələ baxış, zənn.
Elə sən də
Arayırsan, doğru insan tapasan,
Uyğun gələ dərkindəki doğruna.
Çətin işdir, deyil bax, bu heç asan,
Təsadüfən bəlkə çıxa uğruna.
Zahirində görmək ölçü-biçini,
Mümkünsə də batinini necə bəs,
Duyasan ki, dəyərlisi, heçini,
Bilmək üçün odur, deyil həmən kəs?
Yetər olmur bir ömür də çox zaman
Öyrənməyə, tanımağa birini.
Min bir yana gedir onda zənn, güman
Kəşf etdikcə xislətindən sirrini.
Doğru-oğru, yaxşı-yaman, əyri-düz,
Bilən yox ki, hansı çoxdur, hansı az.
Eyni deyil ildə gecə, həm gündüz,
İkicə gündə gəlmirlərmi de, taraz?!
Bax, eləcə o saydadır "doğru" da,
İnanmıram aramaqla tapasan,
Görsən onu ilahidən doğruda,
Elə sən də osan, həmən o insan.
Dostlarım
Sevincimdə, qəmimdə tez yetişir hər biri,
Gecikənin azacıq aşkar görünür yeri,
Hərəsinin gözümdə çox, çoxdan da dəyəri.
Arxamdırlar, dayağım, sonsuz dövlətim, varım,
Etibarlı, qayğıkeş, vəfalıdır dostlarım.
Oxuyurlar elə bil, ürəyimdən keçəni,
Ayrılığım onlardan, bu mümkünmü heç, yəni?!
Var neçəsi, özünə məni qardaş seçəni.
Arxamdırlar dayağım, sonsuz dövlətim, varım,
Etibarlı, qayğıkeş, vəfalıdır dostlarım.
Düzüb-qöşar istəsəm diləyimi, həmin an,
Əsirgəməz, yolumda şəkk-şübhəsiz verər can,
Hər birinə özüm də qurbanam, qurban, qurban.
Arxamdırlar, dayağım, sonsuz dövlətim, varım,
Etibarlı, qayğıkeş, vəfalıdır dostlarım.
Beləsi varımdır
Kimsən, haralısan, nəçisən də sən?!
Bilmirəm, qəlbimdə özəl yerin var.
Dinsən, ağız açıb kəlmə söz desən,
Dönər qanunuma, bil, açıq, aşkar.
Həzz, ləzzət duyuram bil, varlığından,
Tez-tez salamlaşıb görüşməsək də.
Sənlə məsləhətim olur hər zaman,
Xəyalda, düşəndə çətinə, bərkdə.
Tək mən deyiləm ki heyran ağlına,
Dərkindən aqillik, müdrikliyinə.
Uyuram uşaq tək sanki nağlına,
Heyrətlə düşüncəm: "Allah deyir nə?!"
Ruhumuz birgədir, əkizlər kimi,
Ağrımız, acımız, sevincimiz də.
Bizdə doğmalığın Tanrıdan himi
Qoyulub şərikik həm dərdimizdə.
Çıxdın uğuruma, olsa da gec çox,
Şükür, bax buna da şükür, şükür, min.
Şagirdin olmaqla uduzmaram, yox,
Danış, bildiyini et mənə təlqin.
Bacarmıram
Düşünmə ki, sənintək böhtançıyam, deyən şər,
Kəf gəlməyi kiməsə sanan böyük bir hünər,
Yoxdur sözüm, əməlim, xəcalətdən tökəm tər.
Hədyanım yağışdır, boş danışma, havayı,
Bacarmıram başqa iş, yaxşılıqdan savayı.
Əndişədə qalmısan ki, ipini buraram,
Uğuruna yolunda tor, ya tələ quraram,
İmkanını edəm puç, bəlkə xəlvət "vuraram".
Yox, deyiləm, a bədbəxt bil, "curl"arının tayı,
Bacarmıram başqa iş, yaxşılıqdan savayı.
Alıb başdan ağlını, qul olmağın nəfsinə,
Baş kəsərsən qazanca, düşünmədən tərsinə,
Et diqqət el-obanın barəndəki bəhsinə,
Eşidərsən dilimdən təkcə kəlmə "ay-hayı",
Bacarmıram başqa iş, yaxşılıqdan savayı.
Şübhəlisən hər kəsdən, çəkinirsən hər zaman,
Adi sözdən ağlını hey çaşdırır zənn, güman,
Bezdirirsən saysızı eyləməkdən and, aman.
Qatırsan bir-birinə köhnə, təzə olayı,
Bacarmıram başqa iş, yaxşılıqdan savayı.
Heç-puçluğun bəllidir yaxınına, yada da,
Qalmaqal var, boğuşma, ötüb-keçən orada,
Nifrət edir ətrafın soy-kökündən hər ada.
Olsan da hər cəzaya layiq aşkar, dolayı,
Bacarmıram başqa iş, yaxşılıqdan savayı.
Əmin, arxayın yaşa, yox, çəkinmə məndən heç,
Yaşamına bundan da lap beşbetər yolu seç,
Dəyişməzsən, bilirəm, min yol desəm, ay bivec,
Baş qoşum, sən təklərin olum bənzəri, tayı?
Bacarmıram başqa iş, yaxşılıqdan savayı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
