2001-ci ildə əslən iğdırlı olan ana və atanın övladı kimi Bakıda anadan olmuşdur. Şair atası Paşa Mədətovun (Paşa Dalğın) yolu ilə gedərək, uşaq yaşlarından yazı qabiliyyətini kəşf etmiş və ilkin yaradıcılıq fəaliyyətinə pyeslər qələmə almaqla başlamışdır. Daha sonra Azərbaycan Dillər Universitetində Beynəlxalq Münasibətlər və Regionşünaslıq (Yaponiya üzrə) ixtisası üzrə bakalavr təhsilini başa vurmuşdur. Orta məktəb illərində ssenari və hekayə yazmağa başlayan müəllif, bu yaradıcılıq prosesini universitet həyatı boyunca da ardıcıl şəkildə davam etdirmişdir. Eyni dövrdə tanınmış türk sənətçisi Tamer Levent tərəfindən yaradılmış "SANATAEVET" sənət cəmiyyətinin üzvü olmuş və fəaliyyətlərində iştirak etmişdir. Azərbaycanda isə bu qrupun Bakı qolunu "SƏNƏTƏ HƏ" adı ilə formalaşdırmışdır. İlk əsəri olan "Ölüm Sanatı" adlı hekayə kitabı 2020-ci ildə Azərbaycanda nəşr olunmuşdur. Kitabın üz qapaq fotosunu və Ön sözünü rəssam Akın Ekici hazırlamışdır. 2022-ci ildə isə ikinci kitabı və eyni zamanda ilk romanı olan "Kader" çap edilmişdir. Bu dövrdə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Arxeologiya və Etnoqrafiya İnstitutunda "Antropologiya" və "Arxeologiya" kafedralarında assistent vəzifəsində çalışmışdır. 2023-cü ildə İstanbul şəhərinə köçmüşdür. Hazırda İstanbul Universitetinin Türkiyə Respublikası Tarixi ixtisası üzrə magistratura təhsili alır və ata yurdu Türkiyədə mədəniyyət və diplomatiya sahələrində fəaliyyətini davam etdirir.
Bu daşlar, bu səkilər
Bu daşlar, bu səkilər
Bir vaxtlar sevincimin ortaqları.
Necə də dost görünürdünüz
Ruhum hüzura qovuşduğunda.
Sizin şahidliyinizdə daddım
İlk sevinci, ilk həyəcanı.
Qoynunuzda birləşdi dodaqlarım
Sevgilinin narın yanaqlarıyla.
Ən məsud gündüzlərimə,
Gecələrimə yoldaşlıq etdiniz.
Sayənizdə qovuşdu
Sevgi ilə sərxoş ruhlarımız.
Keçib getdi keçmişin xoş anları
Ötən zamanla birlikdə.
Həsrət yüklü bir ürək
Qaldı geridə.
Bir vaxtlar dost baxışlı
Bu daşlar, bu səkilər
Düşman görmüş kimi
Qaçırırlar gözlərini.
Necə də yaddılar indi.
Vecsiz sürətləri ilə yola salırlar
Bir vaxtlar bağırlarına basdıqları
Eşqə boğulmuş sadəlövh gənci.
Bu daşlar, bu səkilər
Çoxdan unudub xatirələri.
Eşq, məhəbbət adiləşib,
Bir məna kəsb etməz artıq.
Yeni sevdalarına
Köhnə sevgilinin
Şahidlik edir
Bu daşlar, bu səkilər.
25 may 2025,
Zekeriyaköy/Ormanada
Ey Adəm oğlu!
Ey Adəm oğlu,
Sev ürəyin qədər,
Ürəyini geniş tut.
Yerindədirsə sağlamlığın,
Varsa taqətin hələ,
Sev, sevgi qığılcımını
Əsirgəmə əsla, könlündən.
Sevgisiz mənası yoxdur
Dünyanın, anla.
Vara bilməzsən heç bir şeyin
Gerçək dadına.
Hədər edər ömrünü,
Peşmanlıqla köçərsən
Bu dünyadan.
Sevgin qədər xoşbəxt olar,
Hüzur taparsan.
Yoxdursa ürəkdə sevgi,
Zindana dönər həyat.
Yaşamaq istərsən əgər,
Bilməlisən: nədir sevgi...
Aşiq olmadan heç
Məşuq olunarmı,
Ey Adəm oğlu!
Saç ətrafa sevgini,
Yeganə sevgidir, paylaşıldıqca
Qarşılıq tapan hər zaman.
İnsan taleyi
Uşaqlıq baxar Tanrıya:
"Haradadır Tanrı?
İstəyirəm görmək".
Gənclik üsyan edər Tanrıya:
"Niyə təsadüf etməz
Xeyir mənə?"
Yetkinlik dua edər Tanrıya:
"Doğrunu, xeyiri ayırd edə biləcək
Məntiq ver mənə."
Qocalıq pıçıltı ilə soruşar Tanrıdan:
"Nə vaxt gələcək ölüm mənə,
Yoxdurmu bir xilas yolu?"
Beşikdən məzara
Süzülər ömür.
Bir düşüncədir
Çarxı döndərən.
Elə bir çarx ki, hər parçası
Bir bədəndir,
Zehinləri gəzdirən.
16 oktyabr 2025,
Zekeriyaköy
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
