Şair mənəm,
Şeir sən...
Sənə yazılanları özün mənə deyirsən.
Çox şey düşünmək olar,
Hər şeyi yazmaq olmur,
eşqə uduzmaq olmur.
Söz var, onu yazanda
Şeir olmur, söz olur.
Düşünülmüş yalanı düşünməsən,
düz olur.
Ay məndən ayrı düşən,
Səni şeirlərimdən ayırsam, tək qalaram,
Tökülər məhəbbətim
sinəmdən xəzəl kimi,
Yalın ürək qalaram...
Mən gördüyüm yuxunu
səndə görüb sevmişəm,
Misraları yozmuşam,
sonra şeir yazmışam.
Gəl, aldanma şeirmə,
Şeirdi də, yazmışam:
əvvəli var, sonu var.
Sevgimə inan mənim:
əvvəli var, sonu yox.
Sənə günah yaraşmaz,
Vallah, billah, yaraşmaz.
Mən bataram günaha,
Mənim yazan əlim var,
günah yazılmaz mənə,
Yazılsa da, uzağı, yazılar savab mənə.
Nə yaxşı ki, Allahım səni suallarımçün
göndərib cavab mənə.
Nə vaxt çətinə düşsən,
gəlmək üçün könlünə
Bir addımlıq yol ayır, saçlarından tel ayır.
Heç kəs görməsin deyə,
Kirpiyinlə od götür,
yandır, qaranlıq olsun,
Gəl görüşək xəyalda...
ömür bir anlıq olsun.
Soyuq, şaxta dünyada,
Yalan saxta dünyada
biz yaşaya bilmərik,
Bizim öz dünyamızda
yaşanmamış yaz qalıb,
Tələs, gedək, az qalıb.
Getdiyimiz ünvanı
Heç kim, heç kəs bilməsin.
Elə çıxıb gedək ki,
arxamızca - bizimlə
Kölgəmiz də gəlməsin...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
