Şeirlər - Tahir TAİSOĞLU

 

Başını quyruğunun üstünə qoyub yatan it

 

Kosa çoban gecə vaxtı

Alaçıqdan çıxaraq,

kibrit çəkib qaranlığı çərtdi.

Əynində dar-düdük kürk,

çiynində çatal tüfəng.

Yerişi asta, ləng...

Quzuların üzü Günbaxana qazılmış

qazmasına baş çəkib qayıdanda

gördü it başını yumşaq quyruğunun üstünə

qoyub yatıb.

Bildi ki, yeyib, içib, doyub yatıb.

Düşündü: - "Buket" adlı

            bu itin vaxtında qulaqlarını,

quyruğunu kəssəydim...

belə bərk yatmazdı.

Yazığım gəlmişdi bir zaman ona -

İndi mənə bu da azdı!

...Hər yanda ağappaq bir qışdı,

Qarakeçə alaçığın qırağında ölgün kölgələr

üşüyə-üşüyə qalmışdı.

 

2025

 

 

Bərəçi, gəl, o taya keçirt məni

 

Ay bərəçi Baxış baba,

gəl, o taya keçirt məni.

Bərə haqqı nə qədər olar?

Öz yükü, öz xərci var hərənin, -

bilirəm -

amma gücü çatacaqmı bərənin?!

Mən uzaqlardan gəlirəm,

 yüküm ağırdı, pud-pud...

Həsrətlə, intizarla doluyam,

çox ağıram.

O taya keçirt məni,

Sakitləşdir, kirit məni.

O tay da mənim Vətənim,

bu tay da mənim...

O bərələrlə Culfa keçidlərini aşıb Təbrizə

gedərdilər.

Babalarımın ruhu yaşayır o bərələrdə...

İndi də kənddə-kəsəkdə söz açırlar,

danışırlar o barədə.

Bu çayın üstündən körpülər salacayıq sıra-sıra,

həmişəlik birləşəcək o tay, bu tay.

Səmasında o körpülərin buludlar

dolanacaq topa-topa, lay-lay...

O taydan gələn buludlar

            bu tayda boşaldacaq ürəyini,

bu tayın buludları o tayda...

Köçəri yağışlar mahnılar zümzümə edə-edə

yuyub aparacaq həsrətlərin son ləpirlərini də.

Açılacaq yollar, izlər.

Daha silahlı sərhədçilər ovçu kimi

yatmayacaq bərədə!!

 

1999

 

 

Kənək adam

 

Kənək cəviz kimidir, - bu löyünsüz, daz adam -

ha çağır, ha sığalla, ha əz, ha çək-çevir elə...

Hələ-hələ

quyruq verməz ələ.

Hər çəkic sındıra bilməz onun sitallığını,

hər adam çıxarda bilməz içindəkiləri.

Zərbənin törənindən salamat sivişib çıxıb,

fırlanıb şit bir gülüşlə yenə sənə baxacaq.

Bir kisənin hamısını sındırıb içini ayırsan,

heç birindən bütöv ləpə çıxmayacaq -

büneyi-qədimdən bütövlük yaddır onlara!

Sındırsan da, əzsən də, çəksən də dara,

ondan söz almaq, sirr çıxartmaq mümkün deyil.

Özü də tənliyi açılmayan kor düyün deyil -

yeri gələndə,

gizlənə bilir dilinin altında,

dilinin yeddi qatında.

İdarəyə müdirlərin biri gedib, o biri gələndə

o da dönür, dəyişir, -

tapır hər birinin dilini, çəmini.

Rəngi-rufi açılır -

sonra da işdaşları ilə əyişir!

Bilyard daşları kimi,

sürtüşə-sürtüşə hamıya,

özünü ora-bura,

vura-vura,

çoxlarını salır tora!

 

1998

 

 

Yarıaçıq, yarıbağlı qapılar

 

Gəlib, gəlib... onlar da mənim bəxtimə düşüb -

yarıbağlı, yarıaçıq qapılar.

Hələ indiyəcən mənə tam açığı rast gəlməyib ki,

birbaşa keçim

içəridə özümə yuva qurum.

Arxadan vurum cəftəsini, rahatlanım, oturum.

Kip bağlısı da hələ çıxmayıb qabağıma -

biryolluq əlimi üzüm,

qayıdım, gedim,

Gözləməkdən qurtulum.

Hərdən küləklər gətirir

            həmin o alayarımçıq qapıların

cırıldayan, sınıq, sısqa səslərini -

bədəlini əsəblərim ödəyir.

Uzaqdan şəkilli-şəmayilli görünsələr də,

İkidilli, ikiüzlü, tutmalı adamlar kimidilər,

nə "hə" deyirlər bir işə, nə də "yox",

gah belə olurlar, gah elə.

Özləri də həmişə qaşqabaqlı, susqun, soyuq.

Onların əsl sifətlərini görən olmayıb hələ.

Bir-birinə bab olmasalar da,

cur olublar həmişə, müdam.

Ona görə də bağlı qapıların arxasında qalıb

indi çox adam!

 

2000

 

 

Canlı heykəl

 

Qalib Azərbaycan əsgərinə həsr olunur.

 

Hərdən gecələr

yanından keçəndə görürəm yerində yoxsan,

bilirəm ki, düşüb harasa getmisən yenə.

Darıxırsan orada çox dayanmaqdan -

hər gecə postamentdə yatıb,

pestamentdə oyanmaqdan.

Nə qədər bir yerdə qalmaq olar,

eyni məkanda fikrə getmək,

xəyallara dalmaq olar:

"Dostlarım döyüşdə ikən, mən niyə burda qalım -

şəhərdə, parkda... özü də gül-çiçək arasında?!"

Sonra bir də görürəm yenə öz yerindəsən, -

qayıdıb gəlmisən, barıt qoxulu,        

yorğun-arğın, sakit-səssiz...

Üzündən, gözlərindən

            süzülür ağrılar, dözüm, səbir -

damla-damla, aram-aram, bir-bir.

Baxıb görürəm özünə gəlmisən,

döyüşlərdən qayıtmısan deyə,

sakitləşmisən, elə bil dincəlmisən.

Amma... günlərin bir günündə,

sən də, mən də,

qaldıq heyrət içində,

donduq heyrət içində:

Çöl göyərçinləri topalanıb tutmuşdu sənin yerini,

ayaq qoymağa bir qarış fürsət qalmamışdı.

Özləri də sevincdən qanad çalıb,

Atılıb-düşürdülər;

poçtalyon kimi qələbə müjdəsini gətirmişdilər!

Bu xəbəri bir-birinə ötürə-ötürə,

civildəşə-civildəşə öpüşürdülər.

Heykəl - Əsgər,

Sənin postamentinin hər tərəfini tutmuşdu onlar,

daha qalxa bilmirdin öz yerinə-yurduna.

Özün də sevincindən hər şeyi unutmuşdun -

adamlara qarışıb Zəfər Meydanına

üz tutmuşdun.

 

2022

 

 

Adsız şeir

 

Ay kədərə batan adam,

Mən də bir gün düşdüm sənin tüstünə.

Üstü açıq yatan adam,

Yayda belə, qar yağacaq üstünə!

 

2002

 

 

Şehçiçəyi

 

Bitki olasan -

Özün də lal, kar, tərpənməz, dinməz,

amma canlı, uçan, qaçan həşəratı, böcəyi

tutub yeyəsən!!

Bu əndirəbadi işə nə deyəsən?!

Özü də Şehçiçək kimi adın-sanın ola -

cəlbedici, dadlı-duzlu;

Çiçəkli şeh....Şehli çiçək...

Yazda, yayda gül də açasan rəngbərəng, -

gözəl-göyçək.

Heç kəsin ağlına gəlməz ki, bu nağılvarı adın

alt qatında

həm də cürbəcür, zərif güllərin altında

bir yırtıcı gizlənib!

(bu da olur həyatda!)

Uzaqdan baxırsan, şeh içində parıldayır,

baxıb heyran olursan, - çiçək kimi işıldayır...

Zavallı, surətpərəst böcəklər, həşəratlar

xoş oxşartıya aldanırlar, uyurlar.

Yaxınlaşırlar, birdən... ilişirlər!

Tələyə, tora düşürlər -

Dönürlər sənin yeminə,

Sən də udursan onları bir-bir.

Deyirlər, dirilər cansızları yeyər,

İndi cansızlar diriləri yeyir!

Kim buna nə deyər?!

Bu səssiz, uzunömürlü qatili sevənlər,

qoruyanlar da var

öz aləti, gərəyi kimi.

Hətta onu bir oliqarxın evində gördüm -

Yetişdirib bəsləyirdi - sevimli ev dibçəyi kimi...

 

2001

 

 

Təkatlı arabada gedən iki nəfər

 

Yaz səhərində təkatlı bir araba gedirdi,

üzü Günçıxana tərəf.

İçində iki nəfər - biri baba, biri nəvə.

Gedirdilər!

Biri axşam, biri səhər.

Biri sevinc, biri qəhər.

İkisi də canbirqəlbdə,

deyə-gülə.

Çal bir ayğır gəlib keçdi onların yanından

yel kimi.

Yəhərsiz belində bir cantaraq oğlan!

Babanın yaxşı udumu vardı,

qanadlandı xəyalları o oğlanın arxasıycan, -

başladı xatirələrini sığallaya-sığallaya

gəncliyini yarpaq-yarpaq çözələməyə...

Nəvənin əlində atın yüyəni,

Babanın dilində keçmiş xatirələrin ipucu -

dilə gələni!

Nəvə qulaq asdıqca hiss edirdi ki, qəlbi uçur!

At tək... arabanın təkərləri cüt...

yol bir... sağ bir... sol bir...

Qütblər iki!

Dan yeri tək, qürub tək.

İkisi də rəngbərəng!

Ətrafda yaz istisi, bahar qırımı

çəmənləri bir-birinə bağlayır, tikir!

Yolun kənarında atılıb-düşən,

şən-şən,

deyib-gülüşən,

şəlalə səsinə oynaşan

daşları

görmürdü baba.

Görsəydi, tərpənərdi saqqalı, çatılardı qaşları.

Ağappaq qaşlar onların arxasıycan düzülüb

bir-bir yerə döşənərdi... cığır kimi.

Nəvə baxıb görürdü,

o hər şeyi bilirdi,

Çünki o cığırın üstüylə

təzə həyat gəlirdi!..

 

2000

 

 

Saman çöpü haqqında ballada

 

1

 

Axar suyun üzündə saman çöpü gördüm,

sakit-səssiz, rəqs edə-edə,

arx boyu yellənə-yellənə axırdı.

Yol yoldaşı oldum onunla.

Bir azdan elə bil o da yollaşdı mənimlə,

mehribanlaşdı.

Tez-tez dönüb, dikəlib mənə tərəf baxırdı,

qırımından bilinirdi - dili sözlə doludur,

nəsə demək istəyir.

Sağa-sola çevrilir, qalxır, əyilir, düzəlirdi.

Gah batırdı, gah da üzə çıxırdı.

Dedim, yol yoldaşı olaram onunla,

söhbətləşə-söhbətləşə gedərik.

Onsuz da bir idi yolumuz, -

mən də Sarıgölə tərəf gedirdim,

balıqçı dostlarımın yanına.

Gəlib, gəlib... suların üstündə

            ləngər vura-vura axan

bir topacığa ilişdi o, - qarışdı elə bil xora.

Girdi o dəstənin içinə bərk-bərk,

qoşuldu onların köçünə.

Oldular onlar çox, mən tək.

...Sonra daha nə sənə, nə mənə,

heç elə bil bayaq tək-tənha qalan,

atıla-atıla axan,          

mənə tərəf tez- tez yönələn, baxan

saman çöpü deyildi,

əl atanda tutmağa güman çöpü deyildi.        

 

2

 

Amma mənim üçün

            həmən saman çöpüydü, həmən...

Tanımışdım onu mən,

Ayırmışdım cürübbəs

            gövdəsini, bir qarış boyunu

yoldaşlarının arasından,

sarısından, qarasından.

Yenə də ipə-sapa yatmırdı -

nə qəfil seli sayırdı, nə kəmfürsət küləyi.

Xırmanın bu başından vurub, o başından çıxırdı,

bu yerlərin xal vurmuş tüləyidi, tüləyi.

Bir də... gördüm yenə arxın

            bulanlıq sularında axır -

fit çala-çala,

ovqatı, qırımı saz;

yenə də həmişəki kimi -

odda yanmaz, suda batmaz!

Küləklərin fitvasıya cəlayi-vətən olsa da,

nə rəngi qaçmışdı,

            nə də gözünün kökü saralmışdı.

Şivəsindən bilinirdi ki, kefi ala buluddaydı.

Bir də ona nə vardı ki... saman çöpüydü -

Zaman çöpü deyildi ki!

Nəyinsə, kiminsə üstündə gedib, gedib

çıxacaqdı bir yana -

sular boyu axa-axa, sallana-sallana.

Qorxusu bircə suya yıxılan,

suda boğulan insanlardan idi!!

Səydəş bir tısbağa yerişiylə yol getmirdi, yox,

İti axan suların qoynunda şəstlə axırdı,

hünərlə üzürdü.

Suların səmasında quş kimi süzürdü.

Bilirdi ki, dünya başınadır,

yüngülməcaz, içi boş,

amma həmişə damağı dolu, kefi çağ!

- Sən özünü düşün,

            ay kirayədə qalan gənc alim,

O gedib bir yana çıxacaq!

 

2000

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!