Poema görkəmli ədibimiz Mir Cəlal Paşayevin böyük qardaşı, Cənubi Azərbaycanda S.C.Pişəvəri hərəkatının öncüllərindən biri olan Mir Xəlil Mirəliəşrəf oğlu Xəliliyə həsr edilmişdir
Gəlir quru canı keçir Arazı,
Çırpınan ürəyi o tayda qalır.
Qəfildən saralır ömrünün yazı,
Arzusu, diləyi o tayda qalır.
Ömürlük ayrılıq,
Düşün, bir düşün,
Amansız həsrətdən alışır Araz.
Həyat da, ömür də gözündən düşür,
Gözünün suyuna qarışır Araz.
Gözəl Aliyəsi, iki balası,
İndi ağac-ağac ondan uzaqdır.
Köksündən üzülür ciyərparası,
Bu necə ağrıdır, bu necə dağdır?!
Üz tutur Araza, gözləri qanlı,
Doğma yurd, ev-eşik qalır arxada.
Ürəyi ağrılı, başı tufanlı,
Bu yerdə o kimi çağırsın dada!
O kimi səsləsin,
kömək diləsin,
Ona üz tutardı kömək umanlar.
Gəldi qulağına qızının səsi,
Sökdü varlığını sellər, ümmanlar.
Gözünə göründü oğlu Nurəddin,
Ata, bizi qoyub hara gedirsən?
Tələsik keçsən də sərhəddi, səddi,
Köksündə sağalmaz yara gedirsən!
Səriyyə balası, əlində yaylıq,
Durub dayanmadan ona əl edir.
Gör nələr söyləyir ona ayrılıq,
Elə bil ürəyi üzülüb gedir.
Həsrət odasında sınma, Aliyə,
Ömür-gün dostunu gözlə, gələcək.
O, illər sonrası yanına sənin
Bir parça kağızla, sözlə gələcək.
Ona gələcəyi haram etdilər,
O halal mayalı seyid oğluna.
Həyat nə amansız üz göstərdi gör,
Sofyanın, Təbrizin igid oğluna!
Özü öz səsinə qulaq kəsilir,
Yeri də, göyü də indi kar görür.
Qınayır Vətəni bölənləri o,
Son anda Arazı günahkar görür.
Araza üz tutur Mir Xəlil ağa,
Araz səssiz-səssiz, Araz lal axır.
Fikri, düşüncəsi dirənir dağa,
Suların qoynunda bir xəyal axır.
...Bu həsrətlə barışdımı Mir Xəlil?
Kərəm kimi alışdımı Mir Xəlil?
Gecə-gündüz fikir-xəyal içində
Ayrılıqla vuruşdumu Mir Xəlil?
Qardaş məhəbbəti, qardaş qayğısı
Ona taqət verdi çətin anında.
Dünyaya dəyərdi onun sayğısı,
Böyük Mir Cəlalı gördü yanında.
Bağda ilk nübarı Mir Xəlil dərir,
İstək güc gələrmiş həsrət dağına?!
Allah öz lütfündən ənam göndərir
Qardaşın qardaşa sığınmağına.
Qayıda bilmədi o Əndəbilə,
Təbrizi bir daha görə bilmədi.
Körpə balasının -
Səriyyəsinin
İpək saçlarını hörə bilmədi.
Üzdü ürəyini təklik, tənhalıq,
Bu ağrı sığmadı
imana, dinə.
Xeyirxah bir dostun köməyi ilə
Bir gün qismətinə çıxdı Mədinə.
Mədinə - bir nəslin
saf, təmiz qızı,
Bu kəndin-kəsəyin ən əziz qızı
Gəldi Mir Xəlilə qol-qanad verdi,
Həyatdan küsənə o, həyat verdi.
Dilindən bir "həri" alıb evləndi,
Naümid, əlacsız qalıb evləndi.
Vicdan qılıncıyla
üz-üzə gəldi,
Oldu bu döyüşdə qalib, evləndi.
Evləndi Mir Xəlil, könlü yaralı,
Bu həsrəti necə çözmək olardı?!
Evi, ailəsi ondan aralı,
Hicrana nə qədər dözmək olardı?!
...Ağlasa, göz yaşı o taydan gəlir,
Bu tayda üzünün gülməyi yoxdu.
Çox da ki naləsi göyə yüksəlir,
O taydan bir xəbər bilməyi yoxdu.
Bu dərdi o necə gətirsin dilə;
orda fars, burda rus bağlayıb yolu.
Bu tayın ən şirin duyğusu belə,
Ağrıyla, əzabla, kədərlə dolu.
Yaxşı ki, Mədinə duyur ərini,
Müşkül məqamları vurmayır üzə.
Onunla hər dərdi birgə bölüşür,
Keçdiyi yollara gül düzə-düzə.
Arazı keçib gələndə
Qaldı evi, ailəsi.
Mir Xəlilə yaman dəydi
Bu həyatın sərt şilləsi.
Qızdırmalı xəstə kimi,
Ayaqüstə uçundu o.
Yeri-göyü hiss etmirdi,
Boşluqlarda uçurdu o.
Bilmədi ki, bu ayrılıq
Əbədidi, ömürlükdü,
Bilmədi ki, ötən illər
Ömür deyil, ona yükdü...
İndi bu təzə ailə
Sınıq qəlbi tutur dilə.
Əsən tufan çırpır onu
O sahilə, bu sahilə...
Qaysaq tutmur yaraları,
Neyləsə də, gülmür üzü.
Vaxtı elə qarışdırıb,
Səhv salıb gecə-gündüzü.
Bakıda namaz qılanda,
Elə bilir Təbrizdədir.
Şurəvidə keçən ömrü,
Qınaqdadır, təhnizdədir!
Yenə də üzünü tutur Tanrıya,
Güvənir Allahın kəramətinə.
Yalnız ondan umur çıxış yolunu,
Nə zaman işləri düşsə çətinə!
Bilir, yarıdacaq Yaradan onu,
Müqəddəs Quranı bağrına basır.
Oxuyur Allahın kəlamlarını,
Tanrı diqtəsini könlünə yazır.
Görür bu yaraya məlhəm gərəkdir,
Tənzifə, sarğıya ehtiyacı var.
Uçulan yuvadır, sınan ürəkdir,
Daima qayğıya ehtiyacı var.
Axşam Mədinəylə girir yatağa,
Gecə sayıqlayır - "Aliyə" deyir.
Necə dözmək olar bu ağır dağa,
Bu hissi nə sayaq anlatsın şeir?!
Buna bilə-bilə dözür Mədinə,
Ona doğmalaşır ərinin dərdi.
Aliyə tapşırır hər məktubunda,
Yazır: məni üzür Mirinin dərdi.
"Onun qulluğunda yaxşı dur" yazır,
Körpə uşaq kimi naz istəyir o.
Ondan əsirgəmə qayğılarını,
Demə az sevir o, az istəyir o.
Onunla birlikdə, onunla bahəm
Keçən xoş həyatı yazır Aliyə.
Mədinə ünvanlı hər məktubuna
"Miri amanatı" yazır Aliyə.
"Miri amanatı" sanki bir oxdu,
Tuşlayır ürəyə dünya qəmini.
Aliyə gücsüzdü, əlacı yoxdu,
Günüyə tapşırır öz həmdəmini.
Mədinə-Aliyə bir cana şərik,
Əslində günüdür bu iki qadın.
Geniş ürəyinlə dünyasan, vallah,
Eh, qadın, sən nəyə qadir olmadın?!
Sakit fikrə gedim, düşünüm bir az,
Yazdığım bu səhnə məni çaşdırıb.
Çarəsiz ayrılıq,
amansız Araz
Bu iki gününü doğmalaşdırıb.
Qəlbində, ömründə iki ailə,
Bu taylı, o taylı verib baş-başa.
Burda Mədinədir, orda Aliyə,
Mir Xəlil, möhkəm ol,
buna döz, yaşa!
Burda Ələddinin gəlib dünyaya,
Orda Nurəddinə əvəz deyil ki...
Niyə sığmayırsan sən günə, aya?
Yaşamdı, ötəri həvəs deyil ki...
Donmuş duyğuların açılsın donu,
Qəlbindən, ruhundan yan tutma onu.
Sən Allah, bir düşün əvvəli, sonu,
Ömür bir udumluq nəfəs deyil ki...
Mədinə ananın ana rəhmini,
O içdən duysa da üzə vurmurdu.
Heç zaman doğulan körpələrə o,
Nəvaziş göstərib, yaxın durmurdu.
...Mədinə, heyranam ana mehrinə,
Qadın sədaqətin hər kəsə bəlli.
Yazdığın məktublar keçdi Arazı
Hər iki sahilə oldu təsəlli!
Duydun Mir Xəlili, sən qadın kimi,
Bölüşüb dərdini içdən yaşadın.
Kim deyir, bu əzab sındırdı səni
Kim deyir, bu ömrü gücnən yaşadın?!
Ürək bahasına, can bahasına
Həsrəti, hicranı təkləyə bildin.
Yuvası dağılmış,
sınıq bir qəlbi
Təzə bir sevgiyə kökləyə bildin.
Sadədil qəlbinlə, saf istəyinlə,
Bu dərdli kişini sehirlədin sən.
Qəlbində boy verən uca sevgini
Üç oğul, bir qızla möhürlədin sən.
Ancaq Mir Xəlili vaxtsız itirdin,
Ağır bir külfətin çiynində yükü.
Ayağın altından yer qaçdı qəfil,
Gördün gözlərinə
qaranlıq çökür...
***
...Yaralar günbəgün qövr eləyirdi,
Hicran qılıncını yaman çalmışdı.
İki balasını yetim qoyalı,
Mir Xəlil özü də yetim qalmışdı.
Səriyyə, Nurəddin dağ idi ona,
Dağ çəkməz bu dağı, o çəkdi, getdi.
Bakıda doğulan dörd balasının
Qəlbinə, ruhuna dərd əkdi getdi.
Ata istəyini, ata mehrini
Aşkarda onlara qızırğanırdı.
Soyuq rəftarından özü sınırdı,
Gizlində hönkürür, içdən yanırdı.
Yerdə yaşasa da, göylərə bağlı
Mir Xəlil bir ayrı təbiət idi.
Qəribə rəftarlı bu seyid oğlu
Hər kəsə çatmayan bir qüdrət idi.
O ruh adamıydı, ruhani idi,
Əlindən düşmürdü müqəddəs Quran.
Gözündə bu ömür-gün fani idi,
Haqqın öz ritmiydi köksündə vuran.
Quran oxuyanda onun avazı
Məclisdə hər kəsə təsir edərdi.
Heç zaman olmazdı özündən razı,
Təmkinli əyləşər, səssiz gedərdi.
Onun güzaranı, onun həyatı
Kitaba yerləşməz, dəftərə sığmaz.
Göynəkli qoşmadı, ağlar bayatı,
Hünərin çatırsa, şair, bunu yaz.
***
...Ələddin on altı yaşa çatmamış,
Əcəl Mir Xəlili ondan ayırdı.
Ata istəyindən doyumsuz qalan
Qəlbi köz-köz olub sızıldayırdı.
Kiçik qardaşları, körpə bacısı
İndi evdə onu böyük görürdü.
Artırdı gün-gündən ağrı-acısı,
İlbəil boynunda o yük görürdü.
Nə yaxşı, dünyada əmisi vardı,
Yaxını, doğması, hamisi vardı.
Tufanlı dəryadan üzüb çıxmağa,
Nuhun gəmisitək gəmisi vardı...
Ələddin, Mir Xəlil düşüncələrim
Məni gör bir hardan, haraya çəkdi.
Vallah, ürəyimdən gələn bu istək,
Sənə, doğmalara olan istəkdi.
Mir Xəlil, Mir Cəlal... bu qoşa adda
Qədim bir şəcərə, ünvan yaşayır.
Onlar olmasa da bu gün həyatda,
Qardaşlıq, doğmalıq hər an yaşayır!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
