Firidun (Poema) - Mədinə GÜLGÜN

"Firidun" poeması Cənubi Azərbaycanda milli azadlıq uğrunda gedən xalq hərəkatından bəhs edir. Əsərdə Azərbaycanın milli qəhrəmanı Firidun İbrahiminin ictimai və inqilabi fəaliyyətindən, xalqla yaxından bağlılığından, milli hökumətin müvəqqəti məğlubiyyətindən sonra onun qəhrəmancasına həlak olmasından bəhs edilir.

 

Dünyada azadlıq uğrunda mübarizə edən bütün gənclərə ithaf edirəm...

 

 

Gözaydınlığı

 

- Hardasan, ay Qəni, gözlərin aydın,

Talvarın altından yaxına gəl bir.

Fatma salamatdır, bir oğlun oldu,

Oğul bu dünyada gözəl töhfədir.

 

- Çox sağ ol, ay bibi, çox razıyam mən,

Sənin sədaqətin bəllidir bizə.

Biz ayrı düşməyək bu şəfqətindən,

Anasan, böyüksən sən evimizə.

 

Demə ki, sonsuzam, sıxılma bir də,

Fatma da qızındır, sevin, gül, danış...

Bəxtin solub getdi acı illərdə,

Bilirəm, saçın da vaxtsız ağarmış.

 

Sənsən məşəqqətin canlı qurbanı,

Ərin də, evin də getdi əlindən.

Bilirəm, başının tükləri sanı

Nələr çəkməmisən bu torpaqda sən?!

 

- Ay oğul, qanını qaraltma, yetər,

Bu gün şadlıq edib sevinək gərək.

Deyirəm, dünyada hər şeydən betər

Odur ki ümidsiz qovrulur ürək!

 

Qarı əllərini qaldırdı göyə,

Yenə dua etdi öz adətilə.

Qəni öz evinə, öz qapısına

Baxdı bir atalıq məhəbbətilə...

 

Onun ürəyindən nələr keçmədi,

Oğul atasıyam, - deyə sevindi.

Köksünə sığmadı şirin arzular,

Fərəhdən, elə bil, uçacaq indi.

 

Bu zaman bir "inqə" sədası qalxdı,

(İl kata olanlar duyar bu səsi...)

Yox, bəlkə quşlardı, qondu qapıya?

Onlardır oxuyur bahar nəğməsi?!

 

Qəni bu atadan qalma evinin

Açdı qapısını indi atatək.

Danışa bilsəydi, nələr deyərdi

Onun sinəsində çırpınan ürək?!

 

O açdı qapını mehriban, gülər,

Öpdü saçlarından təzə ananın.

Söylədi: - Ay Fatma, deyirəm, yəqin

Düzələr gərdişi bu gəc dövranın.

 

Mən sənə bəxşiş də gətirməmişəm,

Bağçadan dərdiyim güllərdən qeyri.

- Ay Qəni, bu nə söz, bu nə gileydir?

Biz ki, çox görmüşük çətin günləri.

 

Deyə, asta-asta danışdı Fatma,

Heç sənə darıxmaq yaraşmır, Qəni?

Həmişə zülümə, möhnətə qarşı

Mən meydan oxuyan görmüşəm səni.

 

Zindana da düşdün, işsiz də qaldın,

Getdiyin haqq yoldan geri dönmədin.

Sən elə yandın ki, başının üstə

Tufanlar da qopdu, yenə sönmədin...

 

Ata ehtiyatla əyildi birdən,

Beşiyin içində uşağa baxdı.

Yuxuda ağlayıb, sevinən körpə

Sanki, atasıyla danışacaqdı...

 

Öpmədi körpəni ata, doğrusu,

Qorxdu bu təmasdan uşaq diksinə.

Fatmanın alnından, qara saçından

Ehtiramla öpdü, o dönə-dönə.

 

- Eh Fatma, nə qədər ağıllısan sən,

Fəqət, nə eləmək, atayam mən də.

İstərdim bəxşişlər, xələtlər alam

Dünyaya bu körpə balam gələndə...

 

Keçdikcə saatlar, keçdikcə günlər

Ana bir maraqla baxdı körpəyə.

Qara saçlarına sığal da verdi,

"Oğlumun ad günü olacaq", deyə.

 

Yeddi gecə

 

Bibi xonça bəzəmiş,

Qalmasın nisgil deyə.

O, noğuldan, şirnidən

Düzmüş kiçik süfrəyə.

Yığdığı quruşlara

Aldırmış ət, düyü, yağ.

Zaman çəksə də onun

Sinəsinə neçə dağ -

Çalışır şad görünə.

Gözlərində gizli qəm.

Deyir: - Qəni, darıxma,

Mən özüm əhd etmişəm:

Oğlunun ad günündə

Dolanam əl-ayaqda.

Hələ qonum-qonşudan

Çağırmışam qonaq da...

 

***

Gəlmişdir tanışlar, qohumlar - hamı,

Bu da Astaranın öz adətidir.

Bu "yeddi gecə"də şənlik eləmək

Elin bir-birinə məhəbbətidir.

Gəlinlər söz atır qarıya hərdən;

- Bibili, toyunda xəbər ver bizə.

- Burda nişanlılar qəhətə çıxmış,

Gərək bir özümü verəm Təbrizə.

Deyib, heç qarı da pozmur halını,

Gülüşür bu sözə ürəkdən hamı.

Gəlin Fatmanın da köksünə sığmır

Sevinci, şadlığı bu ad axşamı...

 

***

Süfrə yığışdı artıq,

Ortaya xonça gəldi.

Sanki məclis içində

Təzə məclis düzəldi.

Bibiyə döşək salıb

Yer göstərdi qız-gəlin.

Bu da bir adətidir

Bizim obanın-elin.

Körpə qundaq içində

Dolandı əldən-ələ.

- Elə mübahlıq gətir

Balaca qədəminlə.

Deyə, bu xoş arzunu

Hamı təkrar elədi.

Xeyir-dua verdilər,

Bizdə qayda belədi.

Qarı bir ehtiyatla

Aldı uşağı yenə.

Baxdı necə şəfqətlə

Onun məsum üzünə.

Körpənin qulağına

O, çoxlu sözlər dedi.

Ananın övladına

Bu ilk nəsihətiydi.

- Əlin əyri olmasın,

Xəbərçilik bilmə sən.

Biz görmədik, ay bala,

Sən xoş günlər görəsən!..

Qonaqlar dağılışır,

Gün doğur, dan sökülür.

Körpənin beşiyinə

Göydən şəfəq tökülür...

***

Gün günə qovuşduqca

Firidun da böyüdü.

İlkin məktəbi oldu

Ona ana şəfqəti,

Bir də ata öyüdü.

Sonra getdi məktəbə,

Meylini dərsə saldı.

İllər qanadlı quştək

Uçub arxada qaldı...

 

Firidun sual verir

 

Fatma süfrə açdı, tez şam gətirdi,

Ata da, oğul da iştahla yedi.

Fəqət, Firidunun baxışlarından

Ata hiss elədi kədəri, dərdi.

Sonra Firiduna - yaxın gəl - dedi.

Yəqin yorulmusan, ağıllı balam?

Gəl, mənim yanımda bir dincəl, dedi.

Bu mehribanlıqdan, bu nəvazişdən

Firidun kövrəldi, bir də tutuldu.

Min sual oynadı yenə başında,

Sinəsi ahlarla boşaldı, doldu...

- Nə olub, ay oğul, bir danışsana,

Ah çəkmə, kim dəyib xətrinə? - söylə.

Bəlkə də bir xata çıxıb əlindən,

Gəl məni hər şeydən sən agah elə.

Firidun tutuldu, bir bulud kimi,

Sanki, göy kişnədi, ildırım çaxdı.

Ürəyində nisgil, üzündə giley,

Bir anlıq atanın üzünə baxdı.

Sonra dilə gəldi, elə bil, çaylar,

Açıldı uşağın qaşı-qabağı.

O kiçik qəlbində, böyük dərdini

Danışdı ataya böyüksayağı:

- Rəhim, yazıq Rəhim, bu səhər müdir

Onu həmişəlik qovdu məktəbdən.

"Oxumaq pulunu tamam üç aydır

Söylədi hələ də verməmisən sən".

Dedi: - "Get özünə ayrı peşə tap,

Zorla ki, oxumaq yaraşmaz, bala".

Rəhim çantasını götürüb getdi,

Bir yol da qanrılıb baxmadı dala.

O getdi, gözlərim qapıya baxdı,

Az qaldım dalınca çağıram - Rəhim.

Deyəm bu boş qalmış yerinə sənin

Mən bir də nə təhər baxaram, Rəhim?

Hər səhər heç dərsə başlamadan biz,

Dua oxuyuruq şahın canına.

Ata, məsləhət ver, olmaz ki, Rəhim

Bir məktub göndərib, desin ki, ona -

Ey bizim ölkənin möhtərəm şahı,

Qovublar məktəbdən məni boş yerə.

Atamın, anamın ümidiyəm mən,

Ey şah, əmr eləyin bizim müdirə.

Məktəbin haqqını verərəm yəqin,

İşə girəcəkdir ata səhərdən.

Deyir, mən işlərəm, sən oxu, oğul,

Təki, gözübağlı qalmıyasan sən.

"Adilsən", "Böyüksən", gəl əsirgəmə

Bizim üstümüzdən kölgəni, ey şah...

Gecə də, gündüz də dua edərik

Sənə cansağlığı bəxş etsin Allah.

- Ata, məsləhət ver, yol göstər bizə,

Sabah mən də bəlkə, düşdüm bu günə.

Məgər yoxsul olmaq bir qəbahətdir?

Oğlu həsrət qalır məktəb üzünə.

Hacının, malikin, tacirin oğlu

Hər səhər bizimlə bir dua edir.

"Yoxsulsan, get ayrı peşə tap, bala"

Söyləyən müdirin məqsədi nədir?!

Yəqin razı olmaz şah belə işə,

Məktəb dövlətindir, müdirə nə var?!

Deyirlər, şah özü əmr etmiş gərək -

Oxusun ölkədə bütün balalar?..

Uşağın gözlərində

Neçə sual, neçə söz.

Atanın ürəyini

Kabab edir alov, köz.

Uşaq baxır ataya,

Atanın fikri darda.

Dərddən birləşə bilmir

Bu doğma baxışlar da.

Ata indi nə desin,

Hardan başlasın sözə?

Ata ürəyi istər

Bu böyük dərdə dözə!

Yalan danışsınmı o?

Yox, yalan nəyə gərək,

Yalana yol verərmi

Ləkə görməyən ürək?!

Nə desin, nə söyləsin.

Axı, məktəb, dərsi

Yazmağı sevsin ancaq.

Bir siqar alışdırır,

Qullab vurur dərindən.

Eh, nələr, nələr keçir

Atanın gözlərindən:

Yoxsulların fəryadı,

Kəndlinin nəm daxması.

Göz yaşıyla ucalan

Saray, zülmət dünyası.

Bir də qanlı vuruşlar,

Xalqın haqq deyən səsi:

O əlçatmaz, quşqonmaz

Qəsri Qacar məhbəsi...

Gecənin bir yarısı

Yoxa çıxan igidlər,

Yurduna barmaqlıqdan

Həsrət baxan igidlər...

Danışsınmı kasıbın

Burda günü qaradır?!

İnsanlar var, dünyada

Xariqələr yaradır?

İnsan var ki, ömrünü

Dərd alır duman kimi.

İnsan var, həyat sürür

Qalib bir insan kimi!

Nə balası beşikdə -

Çörək deyib ağlayır,

Nə ana günahkartək

Dizini qucaqlayır.

Fikirlərdən ayrılıb

Ata baxır oğluna.

Tarix kimi danışır

Bildiklərini ona.

Oğlan heyrət içində,

Ata danışır hələ.

Deyir, oğul istərəm

Elin göz yaşın silə.

Yox, yox, hər daş altında

Neçə-neçə igid var.

Onlar alacaq yəqin

Haqqınızı, balalar!

Ataya qulaq asır

Oğul heyrət içində...

Süfrədəki çay tamam

Soyuyub, buza dönmüş,

Atanın həsrət gözü

Yanan ulduza dönmüş.

Yuxusu qaçmış tamam,

Gözü yol çəkir yenə.

Bir şəfqətlə baxır o,

Firidunun üzünə.

Ata, sanki həyatın

Sirrin açır oğluna,

- Bəs müəllim bunları

Niyə deməmiş ona?

Əkib, biçən kəndlidir,

Müftə kef çəkən ərbab.

Bu zülmə yoxsul yazıq

Nə təhər eləyir tab?

Burda iki cür insan,

İki cür həyat varmış.

Bəs nə üçün müəllim

Uşaqları aldatmış?

Elə bil ki, yuxudan

Ayılır uşaq yazıq.

Çəkilir gözlərindən

Pərdə-pərdə qaranlıq...

 

Firidun darülfünunda 

 

Tehran. Darülfünun. Qaynar bir həyat.

Gənclik, bir çağlayan su deyilmi bəs?!

Yaxşı deyiblər ki, tapılmamışdır

Həyatda gəncliyə bərabər, əvəz.

İnsan həyatında gənclik bahardır,

Min bahar gəlsə də, o dönmür geri.

Mənim də, sənin də, onun da yəqin

Özünə şirindir gənclik illəri...

O kimdir, əynində boz kostyumu var?

Xurmayı saçını yan daramışdır.

O gülümsər gözlər, o nazik bığlar

Bilsəniz, nə qədər mənə tanışdır?!

Boyu da bəstədir, görənlər bilir,

Əlləri qadının əlindən incə.

Dostlar, yaxın gəlin, dindirin onu,

Nədir bu cavanı sıxan düşüncə...

Onu fikir almış, durardı yəqin,

Özü salam verib, əhval tutardı.

Gərək arxasınca mən özüm gedəm,

Bəlkə ürəyində bir sözü vardı?!.

Açdı qapısını professorun

Firidun ədəblə salam söylədi.

- Əziz professor, hər sözünüzü

Buyurun, can-başla hazıram - indi.

Qaldırıb əlini tez professor

Dedi: - Çək stulu, yaxına gəl bir.

Anandan barı, heç kağız gəlirmi?

Necə keçinirlər, atan necədir?

- Atam da bir yaxın dostundan dünən

Məktub göndərmişdi, salam var sizə.

Yazır, vətənini sevən bir adam

Gərək sürgündə də yaşaya, dözə...

Atam Nəhavənddə, özüm burada,

İndi başsız qalmış ailə tamam.

Eh, necə səbr etsin bu haqsızlığa

Gözüylə hər zülmü görən bir adam?

Firidun danışır, qoca alimsə

Qalxıb var-gəl edir otaqda yenə.

Gah siqar yandırır, gah da eynəyi

Çıxarır, təzədən taxır gözünə.

Ağarmış saçında gəzir əlləri,

Beynində min fikir oynayır, sönür...

Qəzəbdən çatılır, qaşı-qabağı,

Sinəsi atlanır, qəlbi döyünür.

Əyləşir təzədən öz yerində o,

Deyir, diqqətli ol hər işində sən.

Hər daşın altında bir casus yatır,

Bunu yaxşı, yaxşı gərək biləsən.

Bəzi üzdəniraq müəllimlər də

Gündə neçə dona girirlər, bala.

Adam var, bircə il xaricdə qalıb,

İndi fars olduğun danır az qala...

Al, bu Əraninin yazdığı kitab

Zindan həyatımdan bir yadigardır.

Burda anaların əhdi, arzusu,

Cavan gəlinlərin göz yaşı vardır.

Orda yazılmışdır əsil həqiqət,

Həyat, mübarizə, döyüş, inqilab.

Sizə yol göstərməz bu yazılartək

Bilin ki, hər qalın bəzəkli kitab.

Fəqət, ehtiyatlı tərpənin bir az,

"Ehtiyat igidin yaraşığıdır".

Qoruyun bu böyük yazıları siz,

Bunlar kor gözlərin bir işığıdır...

Yenə eynəyini çıxarır qoca,

Gəzir ağ saçında qansız əlləri.

Ömrünü ellərə qurban vermişdir

O, ağı qaradan seçəndən bəri.

Gah vətəndə olmuş, gah da qürbətdə,

Bir yol dönməmişdir ilqarından o.

Onu gözləsə də mal da, sərvət də,

Doymamış yurdunun baharından o.

Vətənə qayıtmış, vətənə bəli -

Yad ölkə, söyləmiş, qəfəsdir mənə.

Cavan müəlliməm, arvadım, anam,

Bir də yoxsul evim, bu bəsdir mənə.

Elsiz bal da yesəm, zəhər dadacaq,

Yavan çörək yesəm, vətəndə yeyim.

Axı bu torpaqdan hərarət almış

Mənim bu nisgilli, dərdli ürəyim.

Sonra həbsxana, sürgün, ayrılıq,

Cavan arvadının ölüm xəbəri.

Kimsəsiz otaqda yola saldığı

Qocalıq, subaylıq, tənha illəri...

Onun gözlərində canlanır bir də,

Hər şeyi elə bil görür indicə.

Dolmuş gözlərini eynəyin altdan

Arıq əllərilə silir xəfifcə.

Deməyin kişi də heç ağlayarmı?

Fateh bir insan da ağlayar bəzən.

Qocanın gözündə parlayan o yaş

Elin göz yaşıdır, hiss edirəm mən.

Bir də nakam qalan məhəbbətidir,

Həzin kaman kimi inləyir belə.

Gəlin, toxunmayaq, dostlar, amandır

Qocanın qəlbində o həssas telə...

O ilk məhəbbətin, ilk təranəsi,

Bir də ki, bir də ki, son nəğməsidir.

O kama çatmayan eşqin, diləyin

Pərdə-pərdə qalxan həzin səsidir...

Qoyun qulaq assın qoca o səsə.

Hər kəsin öz eşqi, öz həvəsi var.

Əlimdən gəlsəydi pozardım sizi,

Siz, ey məhəbbətə dönük çıxanlar.

Firidun əl tutur, sakitcə gedir,

Qocanın gözləri qalır qapıda.

Bir an fikir, xəyal. Sonra zəng səsi,

Çıxır bir təmkinlə otaqdan, o da...

 

Həyat haqqında düşüncələr

 

Gecə yarıdan keçir,

Hələ yatmayan da var.

Gəlin, yaxına gəlin,

Görək, nə edir onlar?

Otağın rəflərində

Qəzetlər dəstə-dəstə,

Kitablar qalaq-qalaq,

Üzlərə işıq salır

Zəif yanan bir çıraq.

Biri kətil üstündə,

Biri taxtda oturmuş,

Biri əlində jurnal

Ayaq üstündə durmuş.

Sadə parçadan onun

Əynində pijama var,

Səliqəli geyməyi

Çox sevərdi, o, dostlar.

Saçını yan daramış,

Gözləri gülür yenə.

Əlindəki jurnalı

Oxuyur dönə-dönə...

Hər kəlmənin üstündə

Neçə sual, söz olur,

Müqəddəs fikirlərlə

Baş dolur, beyin dolur.

Mən demədim kimdir o,

Tanışdır çoxdan bizə.

Qəlbində baş qaldırır

Arzu təzə, söz təzə...

Danışırlar ümidlə,

İnamla, hərarətlə.

Danışırlar, vətənə

Sonsuz bir məhəbbətlə.

Danışırlar sakitcə,

Danışırlar təkbətək -

Başqa cavanları da

Başa salsınlar, gərək...

- Mən, sən, o sakit dursaq,

Kim çarə gəzər axı?

Elin gücü bir olsa,

Neyləyər bizə yağı?

Danışdıqca Firidun

Hiddəti coşur onun.

Deyir: "Fəryadı birdi

Burda şəhərin, kəndin.

Bizdən ümid gözləyir,

Doğma vətən, doğma el...

Təkcə təhsil almaqla

Dərdlər sağalan deyil...

Gözlərdəki pərdəni

Cırıb ataq bir yana.

Azadlıqdan xoş nə var

Bu dünyada insana?!

Qoy təhsili qurtarım,

Burda qalmaram, bir an.

İntizarla gözləyir

Yolumu Azərbaycan.

Təbriz ümman kimidir,

Dalğa-dalğanı aşır.

Xalqın haqq-hesab günü

Anbaan yaxınlaşır,

Anam da yazıb: "Tez gəl,

Bağımızı aldılar.

Dəyirmanı yandırıb

Yaman günə saldılar".

Yazıq anam, yazır ki,

Gəlsən, pis keçməz bizə.

Bilmir ki, mən birbaşa

Getməliyəm Təbrizə.

"Xavərno" qəzetində

Gedib işləyəm gərək.

Ana dildə məqalə -

Necə səslənər görək?!

Axı bizim dildə də

Yaranıb neçə nəğmə.

Füzuli, Vaqif, Möcüz

Səs salıbdır aləmə.

Qanun yazdı Xətai

Doğma dilində fəqət,

Şeirə, sənətkara

Ürəyində məhəbbət.

Firidun danışdıqca

Qulaq asır dostları.

Gündüzə yol axtarır

Onlar bu gecə yarı...

Arada neçə söhbət,

Neçə-neçə söz olur,

Kiminin fikri yanlış,

Kiminin ki, düz olur.

Danışır gənc tələbə,

Tutulmuşdur bir qədər.

Deyir: - Tətil etməklə

Nə udacaq fəhlələr?

Dünənki nümayişdə

Neçəsi öldü nahaq.

Zərər çəkən, əzilən

Yenə yoxsuldur ancaq.

Məncə, yaxşı olar ki,

Ərzə yaza fəhlələr,

Sahibkar da güzəştə

Gedər, yəqin bir qədər.

Nahaq qan axmaz daha,

Ölməz arada fəhlə.

Son qoyular bu qanlı,

Vuruşlara, tətilə.

Soruşur bir başqası:

- Firidun, başa sal bir,

Bəlkə bizim fikrimiz

Kökündən düz deyildir?

- Səhvdir, fikriniz, qardaş,

Əranini oxuyun.

Ondakı fikirləri

Təhlil eləyin, duyun.

Şüurun da silahı

Mübariz bir kitabdır.

Fəhlənin azadlığı,

Haqq səsi, inqilabdır.

Sahibkar bir gün keçər,

Bir yol güzəştə gedər.

Nə üçün mərhəmətlə

Gün keçirtsin fəhlələr?

İş onun, dəzgah onun,

Qabarlı əllər onun,

Torpaq üstə tökülən

Puçur-puçur tər onun.

Niyə o, xahiş etsin

Ərzə yazsın hər səfər,

Sahibkarın ürəyi

Rəhmə gələ bir qədər?

Kəndlinin də həyatı,

Ömrü-günü qaradır.

Əkir, biçir, ərbaba

Xoş güzəran yaradır.

Bəs o yazıq nə etsin,

Odamı dözsün belə?

Allahın hər əmrinə?!

Qardaşlar, "Ajeri"də

Oxuyun yaxşı, yaxşı,

El gücü, el yumruğu

Birləşsin zülmə qarşı.

Dinləyir Firidunu

Dostlar heyrət içində.

Dan sökülür, ulduzlar

Qalır zülmət içində.

 

Ayrılıq və görüş

 

Hüquq şöbəsini bitirdi bir gün,

Firidun diplomu əziz saxladı.

Ürəyində arzu, gözündə gülüş,

Neçə yol diplomu açıb yoxladı.

Tehran dəbdəbəli olsa da onu

Bağlaya bilmədi özünə bir an.

Yığdı şeylərini, bir məhəbbətlə

Görüşüb ayrıldı yoldaşlarından.

Qoca alimin də getdi yanına,

- Kim bilir, bəlkə də görüşdük - dedi.

Həyat təcrübəsi öyrədib axı -

Bizim düşmənimiz, cəbhəmiz birdi.

- Yəqin görüşərik, qoca alim də

Əl tutub görüşür, tez Firidunla.

Silib eynəyini, taxır gözünə,

Qəhərdən titrəyir səsi az qala.

Oğula tamarzı atalar kimi

Öpür Firidunun alnından qoca.

Eh, necə istərdi, oğul böyüdüb

Dalınca baxaydı o da doyunca...

Firidun ahəstə çıxır qapıdan,

Üzündə, gözündə bir ümid yanır.

Qalxır öz yerindən ağsaçlı alim

Qapının önündə xeyli dayanır.

Kövrəlir yenə də bu ayrılıqdan,

Bir siqar yandırır məlal içində.

Unudur özünü, yenə qərq olur

Gah acı, gah şirin xəyal içində...

 

***

Firidun Təbrizə gəlir bir səhər,

İlk dəfə gördüyü bu gözəl şəhər

Ona doğma gəlir, ona xoş gəlir,

Vətən havasından ruhu dincəlir.

Baxır binalara köhnə tanıştək,

Geniş küçələri bir-bir keçərək,

O, Ərk döngəsində bir otaq tutur,

Bir çamadan qoyur, bir kiçik bağlı.

Qonşu arvadları xeyli maraqlı:

- Bəs şeylərin hanı?

- Şeylərim? Budur!

Firidun bağlını göstərib gülür.

(Kasıbın dərdini kasıblar bilir).

Qonşu utanaraq öz sualından

Deyir ki: "Qəm yemə, ay cavan oğlan,

Mən səndən kasıbam, düzünə baxsan.

Sən hələ çox pullar qazanacaqsan.

Nə ola, ömrünün sonu xoş gələ,

Sən bir bağlamayla gəlmisən, ancaq -

Nə var istəyirəm, nə də ki, otaq,

Deyirəm, kaş, balam əliboş gələ.

Fəqət gəlib çıxa...

- Oğlun hardadır?

Zalım əlindədir, bala, dardadır.

Eh, nə deyim sənə, nəyi danışım,

Çox bəlalar çəkmiş bu yazıq başım.

Yollar yorğunusan, get dincəl indi,

Dərdi söhbət etmək dərddən çətindi.

Vaxt gələr, deyərəm. Kim bilir, bir də

Çarə tapılarmı bu ağır dərdə?

Bəlkə dövran döndü, zaman dəyişdi,

Oğlum azad oldu, özü danışdı.

Firidun tez qalxdı səhər yataqdan,

Onun qulağına qonşu otaqdan

Həzin bir səs gəldi, ağlamaq səsi -

Yazıq bir ananın odlu nəfəsi,

Elə bil qarsırdı daşı-divarı.

Sonra da ananın hıçqırıqları

İsti göz yaşında boğuldu birdən.

Firidun sakitcə qalxaraq yerdən

Asta addımlarla çıxdı həyətə.

Ananı ağladan bu müsibətə

Şərik olmaq üçün düşündü xeyli.

Həyatdan, taledən belə gileyli

Ana Firidunla durub üz-üzə

Danışdı başından gəlib keçəni:

- Bir zülm eləmiş ki, ağalar bizə,

Mən neçə gündüzü, neçə gecəni

Durub nəql eləsəm, qurtarmaz yenə -

Biz kənddə olurduq, keçən il bu vaxt

Bilmirəm, hardansa xanın evinə

Yığılıb gəlmişdi bir dəstə qonaq.

Ağanın nökəri gəzdi hər yanı,

Kimin nəyi vardı, çəkib apardı.

Bizim kişinin də qızışdı qanı,

Bir qoyunun üstə haray qopardı.

"Belə də zülm olar" dilində qaldı,

Nökərin şallağı qalxdı havaya,

Haraya dəydisə zol-zol qaraldı.

Bir nəfər olmadı girsin araya,

Mən ha yalvardımsa zalım baxmadı.

Kişi bir dağ kimi qopdu yerindən

O yıxılan oldu, bir də qalxmadı.

Divana-dərəyə ərzə verdim mən,

Oğlum da hakimin yanına getdi,

Öz əlilə verdi ərizəmizi.

Bir gör ki, hakim də axır nə etdi?

Kənddən çıxartdırıb qovdurdu bizi.

Yığışıb Təbrizə gəldik keçən qış,

Sonra da oğlumu tutdurdu ağa.

Dedi ki, bəhrəni yığıb aparmış...

İndi üç aydır ki, tifil uşağa

Təbriz zindanında əzab verirlər.

Mənim də nə gecəm, nə gündüzüm var,

Dil bilən adamım olsaydı əgər,

Dərdimi bir yana çatdırardılar.

Firidun dinmədi, xəyala daldı,

Ananın halına yandı ürəyi.

İstədi desin ki, əmr-mahaldı

Bu dövlətin sənə ola köməyi.

Ancaq danışmadı, nə desin indi?

Ananın qəlbini ala bilmədi.

Lal-dinməz oturub qala bilmədi,

Keçib otağına dərhal geyindi,

Firidun birbaşa getdi zindana.

Rəislə görüşüb xeyli danışdı,

Məhəl qoymadılar əvvəlcə ona.

O bir vəkil kimi işə qarışdı,

Sonra qanun-qayda gəldi araya.

Eynəyin üstündən baxanda rəis

Firidun duz səpdi təzə yaraya.

Dedi: Nə zamandır bəs məhkəməniz?

- Məhkəmə, məhkəmə... - rəis duruxdu -

Dəqiq bilməyirəm, düzünü bilsən,

Məhkəmə haqqında bir xəbər yoxdur.

Adam göndərərəm arxanızca mən,

Sizsiz məhkəməni keçirmərik, bil.

Firidun hiss etdi bu kinayəni,

- Buyurun, neçə ay, ya da neçə il

Oturub gözləyək biz məhkəməni?

- Bu bir az çətindir.

Kəndin maliki

Şikayət etmişdir:

O ölən adam

Xəstəymiş, bu kənddə hamı bilir ki,

O öz əcəliylə ölmüşdür tamam.

Odur ki, məhkəmə olmadan qabaq

Qazıb çıxarsınlar gərək ölünü.

Diqqətlə hamımız mərhuma baxaq

Gərək o məhkəmə başlayan günü,

Sonra da haqq ilə verilsin qərar...

Firidun hirs ilə qalxdı yerindən:

- Demək, hələ sizin nəqşəniz də var?

Eyb etməz, yenə də gələcəyəm mən.

Bəlkə məhkəmədə dustaqdan qabaq

Haman o ölünü dindirəcəksiz?

İndidən deyirəm, siz o gün ancaq

Xalqı özünüzə güldürəcəksiz...

Rəis eynəyinin üstündən baxdı,

Hakimin dodağı qaçdı bir qədər.

Düşündü, məktəbdən çıxmış uşaqdı,

Deyərəm, "dərsini yaxşı" verərlər...

Keçdi hadisədən bir həftə tamam,

Firidun gəlmədi, iş bitdi demək.

Bir səhər şəhərdə bir dəstə adam,

"Xavərno" satırdı haray çəkərək:

"Gəlin, təzə bəxər, nadir bir xəbər,

Hakimlər ölünü dindirəcəklər..."

Hamı maraqlandı, bu necə işdir?

Ölü məhkəməyə necə gələcək?

Gördülər ki, hakim özü demişdir:

"Qazıb çıxarsınlar mərhumu gərək..."

Xəbər dükan-dükan, küçəbəküçə

Şəhəri dolandı, kəndə yollandı.

Qəzet hökmdara gəlib yetincə

Elə bil od tutdu, o, alovlandı.

Qəzəblə zəng etdi rəisə haman:

- Bir deyiniz görüm, bu necə işdir?

İşin tərsliyindən elə bu zaman

Firidun otağa təzə gəlmişdi.

Rəis Firiduna baxıb yanakı,

Özünü itirdi həycan içində.

Nə "hə" deyə bildi, qorxdu, nə də ki,

"Yox" söyləyə bildi. Duman içində,

Bir sözlər danışdı mənasız tamam.

Ostandar yarıda kəsdi sözünü:

- Bəli, xidmətizə gələrəm axşam,

Gəlib danışaram sizə düzünü...

Burda Firidunun qaçdı dodağı,

Qəzeti uzatdı rəisə sarı.

Hakimin töküldü qaşı-qabağı,

Dedi: - Oxumuşam tamam bunları.

İndi vaxtım yoxdur, sabah gələrsən,

Bəlkə imkan edib eşitdim səni!

Firidun söylədi: - Gələcəyəm mən,

Görək kim aparır bu məhkəməni? -

Rəis eynəyinin silib tozunu,

Baxdı Firiduna o, əyri-əyri.

Zor ilə saxladı rəis özünü,

Onu təhqir etmiş uşağın biri.

Rəis dillənmədi, qəlbində fəqət

Dedi: "Sabah yenə gələrsən, əlbət..."

Ananın səsinə qalxıb yataqdan

Firidun kədərli çıxdı otaqdan.

Yenə ağlayırdı zavallı ana,

Nahaqdan tutulmuş o tək oğluna.

Əlac axtarırdı göydən, Tanrıdan,

Deyirdi, kömək et, böyük Yaradan,

Səndən istəyirəm oğlumu ancaq.

O, çöldə dustaqdır, mən evdə dustaq.

Firidun kədərli çıxdı otaqdan,

Ananın sözləri onu bayaqdan

Alıb aparmışdı. O öz-özünə

Danışa-danışa gedirdi yenə.

Deyirdi, dünyaya təzə gəlmişəm,

Məktəb bir aləmdir, həyat bir aləm...

Mən indi düşündüm, mən bildim indi

Həyat imtahanı daha çətindi...

Xəyal bir quş olub gəzir hər yanı,

Keçib küçələri, baş xiyabanı,

Gedir komitəyə Firidun dərhal,

Ürəyində təlaş, üzündə sual.

Görüşür dostlarla, ona deyirlər, -

Rəis xəbər alıb səni bu səhər -

Deyirmiş, xeyirdir, gəlsin həl-həlbət.

 - Xeyir olan işdə olmaz məsləhət.

Firidun rəisin yanına gəlcək,

Rəis yer göstərdi ona yanında.

- Mən də alovluyam, elə sənintək,

Ancaq elə alış, alovlananda

Dostu da qarsmasın alovun, barı,

Deyib dişlərini ağartmış ona.

- Axşam başa saldım mən hökmdarı,

Dedim ki, mərhumun yazıq oğluna

Üç aydır əziyyət verilir nahaq,

Əmr edin, bu səhər onu buraxaq.

Sağ olsun, çıxmadı o da bu sözdən,

Elə oradaca əmrini yazdı.

Səhər də şad xəbər vermək üçün mən

Səni axtarırdım...

Bu da kağızdı,

Göndərin, zindandan buraxsın dərhal.

(Kağızı uzatdı ona hörmətlə)

Bir də xahişim var, - unutma bizi...

Firidun hakimə baxıb diqqətlə

Dedi, - unutmaram xidmətinizi!..

 

***

Şad xəbər bircə anda qanadlı quşa döndü,

Məhəllədə tanış da, dost da, yaman sevindi.

Bəxtikəm bir ananın güldü üzünə həyat,

Yazıq arvad az qaldı çığırsın, ay camaat!

Eşidin, agah olun, balam qurtardı dardan!

Bircə iltimasım var indi pərvərdigardan:

Bu ömrümü calasın Firidunun ömrünə,

Gözümün işığını o qaytarıbdır mənə.

Eh, qoysaydı neçə yol dolanardım başına,

Görüm darda qalmasın ona süd verən ana...

Ananın daxmasına tanış da, dost da gəldi,

Ay Qızyetər, bir danış, bu nə təhər əməldi?

Sirr-xudadır, düzü, heç belə də iş olar?

- Hə, inanın, dünyada belə də igidlər var.

Nə pul aldı, nə para, fəqət dadıma çatdı,

Sanki yatmış bəxtimi öz əlilə oyatdı.

- Sən allah, ay Qızyetər, bizi də tanıt ona,

Balamı neçə aydır salıbdılar zindana.

Varım, yoxum dağılıb, səbrim tükənib daha,

Dilim qabar olubdur yalvarmaqdan Allaha...

- Məni də tapşır ona. Bir tək qardaşım vardı,

Onu təqsirsiz yerə polis gəlib apardı.

Gərdənbəndim, güşvaram rüşvətə getdi tamam,

Əl mənim, ətək sənin, ay xala, yalvarıram!

Çatdır ərzi-halımı o cavan vəkilə sən,

Qardaş dərdi yamandır, onu başa sal, denən.

Ana böyük inamla hamıya ürək verdi,

Dedi, ağır da olsa, gərək bütün bu dərdi

Axşam gedib yanına özüm danışam bir-bir.

Fəqət dərdi danışmaq dərd çəkməkdən çətindir.

Onda olan insafa ürəkdən inanmışam,

Sizin də ərzi-halı yetirərəm bu axşam.

Hər kəsin ürəyində bir təsəlli oyandı,

Ev-ev gəzdi Təbrizi cavan vəkilin adı...

 

Tapşırıq

 

Firqə komitəsinə

Firidun getdi yenə.

Görüşüb, danışdı o,

Dostlarla dönə-dönə.

Ona xəbər verdilər,

Bir tapşırıq var təzə:

Elə günü sabahdan

Kəndləri gəzə-gəzə

Torpaq haqda yazdığın

Məqaləni başa sal.

Kəndli yaxşı bilsin ki,

Nə yuxudur, nə xəyal,

Bu aydın həqiqətə

Kəndli bir də inansın.

Becərdiyi torpağın

Özü ağası olsun,

Keşiyində dayansın!..

 

***

Firidun düşündü. Onu xəyallar

Aldı qanadına, bir tərlan kimi.

Nəyisə yadına saldı o, xeyli,

Baxdı üfüqlərə nigaran kimi.

Elə bil, bir anda dəyişdi dövran,

Qurumuş ağaclar dirçəldi, qalxdı.

İllərlə sükuta qərq olan Ərk də,

Sanki Firidunla danışacaqdı.

Doğma kəndlərində neçə il qabaq

Sevdiyi İntizar yadına düşdü.

Elə bil, qış vaxtı, şaxtalı gündə

Bir sevdalı bahar yadına düşdü.

 

***

- Yazıq qız, nə qədər həsrət çəkibdir...

Yəqin, deyəcəkdir yenə gedirsən?

Daha bilməyir ki, lap bu yaxında

Onunla toyumu edəcəyəm mən.

Sən ey saf məhəbbət, sənin yolunda

Əzab çəkəndə də yorulmur ürək.

(Sən ey saf məhəbbət, ömrüm uzunu

Səni hər naşıdan qoruyum gərək.)

Gedir asta-asta Firidun yenə,

Gedir Şeşgilana, İntizargilə.

Gedir, ürəyində düşünür, görən,

Bu yolla nə qədər gedəcək hələ?..

 

***

- Kimdir, qapı döyən?

- Açınız, mənəm.

- Bıy, sənsən, Firidun, di gəl içəri.

- Yox, yox, işim vardır, yolüstü gəldim.

Doldu İntizarın yenə gözləri.

- Bəs işin var idi, niyə gəlirdin?

Gəlibsən, keç evə, çörək ye, dincəl.

- İntizar, doğrusu, səfər üstdəyəm,

Sən keç təqsirimdən bu dəfə də gəl.

Uzun hörüyünü barmaqlarına

Dolayıb astadan dindi İntizar:

- Lap məəttəl qalmışam, düzü, Firidun,

Adam da bu qədər qürbətdə olar?

- Nə qürbət, vətənin hər yeri birdir,

Fəqət, ayrılığın məni incidir.

- Demirsən mənim də...

- Hə, de, utanma?

- Nə deyim, gedirsən, yaxşı yol sənə.

Qızın saçlarından öpür Firidun,

Deyir, inanıram sədaqətinə,

Bu son ayrılığın, son həsrətindir,

Hər şey dəyişəcək yaxın zamanda.

Lap el qaydasilə, el adətilə

Səni evimizə aparram onda.

İntizar qızardı.

- Eh, sən də vallah, elə toy deyirsən,

Toy niyə gərək?!

- Toysuz da iş keçər? Anam əhd edib

Ki, oğul toyunu ölməyək, görək.

- Mənim də xanımım əhd eləyibdir,

- Demək, düzələcək hər şey yaxında.

Lap el qaydasilə, el adətilə

Səni evimizə aparram onda.

Bilirsən, kəndlilər qalxmış ayağa,

Şəhərdə fəhlələr lap üzə durmuş,

İntizar, sevgi də, puç olub gedər,

Olmasa azadlıq, bir də qurtuluş.

- Mən nə deyirəm ki, rast gəlsin işin,

Bəlkə mən də sənə bir kömək edəm?

- Hələ vaxta vardır, lazım olanda

Səndən də köməklik istəyəcəyəm...

Yadların əlində dağılır vətən,

Onun hamımıza ehtiyacı var.

Zülmətdən çıxmaqçün əzilən xalqın

Fəqət bircə yolu, bir əlacı var:

O da inqilabdır, bir də azadlıq.

Bunu başa düşsün gərək hər adam.

Bax, o gün İntizar, arxanca gəlib

Səni də evmizə aparacağam...

Əl tutub ayrıldı iki sevgili,

Vüsalla ayrılıq durdu üz-üzə.

Susdu hər ikisi, şirin xəyallar -

Sanki qıfıl vurdu söhbətə-sözə...

Bir anlıq baxışlar danışdı, dindi,

Dil danışmayanı gözlər danışdı.

Oxucum, yəqin ki, sevda çağları

Mənimtək sənə də yaxşı tanışdı!

İntizar qapıda durdu bir zaman,

Baxdı Firidunun ardınca xeyli.

Biz də arzu edək, gözəl bir gündə

Kam alsın bu iki cavan sevgili...

 

***

Səhər dan söküləndə,

Qızaranda göy üzü,

Firidun yola düşdü,

Tərk elədi Təbrizi.

Gah atla, gah piyada

O, kəndlərə yollandı.

Neçə yoxsul kəndlinin

Evində qonaq qaldı.

Başa saldı, torpağın

Becərəndir ağası.

Söylədi uçulacaq

Zülm, əsarət dünyası.

El bir olsa oynadar

Öz yerindən dağı da.

Birləşin, qoy məhv olsun

Kəndxuda da, ağa da...

Firidunun sözündən

Cana gəldi kənd tamam,

Oymaq-oymaq dolanıb,

O danışdı hər axşam.

Dünya görmüş bir qoca

Söykənib ağacına

Dinlədi Firidunu,

Ah çəkdi yana-yana:

Köhnə dərd təzələndi,

Qocanı qəhər boğdu,

Dedi: - Kənd əhli bilir,

Kimim-kimsənəm yoxdu,

Arvad aclıqdan öldü.

Qaldıq qızım, bir də mən.

Balama pay verərdim

Pay olsaydı ömürdən.

Eh, birtəhər böyütdüm,

Dərdlərim də böyüdü.

Yüz qıza dəyişmərəm

Doğrusu, bir igidi.

Onu qəmli görəndə

Bağrımın başı yandı.

Qıza gözəl olmaq da

Kənd yerində yamandı.

Hə, nə deyim, ay oğul,

Nə təhər danışım mən?

O son ümidimi də

Ərbab aldı əlimdən.

Sonra da eşitdim ki,

Qızım yaman xəstədir.

Bir səhər də dedilər:

Narıngül can üstədir.

Öz evimdə yas tutub

Səhər-axşam ağladım.

Həsrətini qəlbimdə

Bir nişanə saxladım.

Qadanı alım, oğul,

Tez qurun haqq divanı,

Ədalətlə ayırın

Siz yaxşını, yamanı.

Qoca xəyala dalır,

Hamı susur bir anlıq.

Barat dillənir birdən:

- Eh cavanlıq, cavanlıq,

Qayıtsaydın, nə dərdim,

Mən də cavanlar kimi

Bir silah götürərdim.

- Qəm eləmə, ay əmi,

Nə kövrəl, nə də ah çək.

Sənin də əvəzində

Bax, bunlar döyüşəcək, -

Deyə, Firidun yenə

Aram-aram danışır.

Gecə keçir, kənd əhli

Evinə dağılışır.

- Bu gecə də Barata

Qonaq olasan gərək.

Nə olar, bu qocayla

Kəsəsən bir duz-çörək.

- Çox sağ olun, ay əmi,

Sizə tabeyəm mən də.

Yaxşı olar oyatsan

Səhər dan söküləndə...

Firidun qalxdı yerdən

Sübhün lap erkən çağı.

Barat kişi dilləndi:

- Sənin kimi qonağı

Allah öz imdadında

Saxlasın, əziz bala!

Düşməyəsən çətinə,

Gəlməyəsən zavala.

- Sağ ol, əmi can, sağ ol,

Görüşərik biz yenə.

Sən qəm etmə, darıxma,

Qulluq elə özünə.

Arzusunu çəkdiyin

O dövranı gör, sən də.

Təzə həyat gələcək

Möhrə divarlı kəndə.

Qoca güldü, Firidun

Bağrına basdı onu,

Yoxsul kəndistan haqda

Düşündü yol uzunu.

 

Təzə ev və təzə arzular

 

Tərbiyət xiyabanı,

Yaraşıqlı bir həyat.

Firiduna vermişdir

Onu Milli Hökumət.

Həyətdə güllər açıb,

Gözəl çarhovuz da var.

Meyvədən başlarını

Yerə əymiş ağaclar.

Həyətin baş ucunda

Çeşmə axır, ahəstə,

Quşlar məclis düzəldib

Tər budaqların üstə.

Şəhər gəlinə bənzər,

Örpəyi ağ buludlar.

Sevinc yaşıyla yuyur

Tellərini göy otlar.

Əllərində çantası,

Dillərində şən nəğmə

Uşaqlar dəstə-dəstə

Yollanırlar məktəbə...

Var-gəl edir otaqda

Odur, Firidun yenə.

Əlindəki məktubu

Oxumuş dönə-dönə.

O, doğma sətirlərdən

Yenə ayrıla bilmir.

Onun qulaqlarına

Elə bil ki, ananın

Mehriban səsi gəlir:

"Canım-ciyərim, oğlum!

Şükürlər olsun ki, sən

Xatirimə dəyməyib

Bu bahar evlənirsən.

Bacılarınla bahəm

Gələcəyik Təbrizə.

Yəqin sevdiyin qızı

Göstərəcəksən bizə.

Toyunu görsəydim bir

Dünyada kam alardım.

Ömrümün son vaxtında,

Gəlinimlə qalardım.

Körpə nəvənin üstə

Nanə kimi əsərdim,

Sən toy eyləyən günü

Bir qurban da kəsərdim.

Ancaq, el adətini

Heç zaman unutma sən:

Elçiliyə bacınla

Özüm gedəm gərək mən.

Salam, dua, öpürük

Hamımız səni, oğlum!

Məktubun cavabını

Tez yaz, qurbanın olum".

 

***

Bir səhər də Fatmayla

Qızları gəldi qonaq.

Dostlarla, tanışlarla

Doldu, boşaldı otaq.

Ana plov dəmlədi,

Bacılar döşədi miz,

Süfrə qadın əlilə

Oldu qar kimi təmiz.

Astara matahından

Bir bağlı da düzəldi, -

O sovqat haman axşam,

Gəlin evinə gəldi.

 

***

Ana bir də düşündü,

Ev təzədən döşəndi.

Bacılar necə şəndi.

Gəlin, biz də sevinək,

Toy olacaqdır demək.

 

Həqiqətmi, xəyaldı,

Firidun üzük aldı.

Bu ayna, bu da şaldı.

Gəlin, biz də sevinək,

Toy olacaqdır demək.

Təzə güllər əkildi,

Qəşəng talvar çəkildi.

Bəy otağı tikildi,

Gəlin, biz də sevinək,

Toy olacaqdır demək.

 

Ananın gülür üzü,

Gülür arzusu, sözü,

Toya çağırır bizi.

Gəlin, dostlar, sevinək,

Toy olacaqdır demək.

 

Xalq məhkəməsi

 

Səttarxan xiyabanı. Bura Filarmoniya.

Cərgələr dolmuş, hələ ayaq üstə duran var.

Gəlmişdir bu salona, heç ömründə gəlməyən,

Gözüylə neçə zülmə şahid olan qocalar...

Nə nümayiş olacaq, nə də konsert günüdür,

Məhkəmə qurulubdur, nəğmə ucalan yerdən.

Elə bir məhkəmə ki, dilimiz, adətimiz -

Ürək açan nəğməmiz, zəncirlənməsin bir də!

Gəlmiş evi dağılan, malı əllərdə gedən,

Bir doyumluq çörəyə körpəsi möhtac qalan.

Gəlmişdir, ömrü boyu taxıl əkib, becərən

İl başı yenə borclu, yenə özü ac qalan.

Gəlmiş kəndli, şəhərli, gəlməmək olarmı heç?!

 

Xalq özü düşməninə hökm verəcək bu gün.

Sən ey Milli Hökumət, ey doğma partiyamız,

Hər addımda görünür qüdrətin, böyüklüyün.

Səhnəyə daxil olur müddəyiümum, müstəntiq,

İclasçılar, vəkillər, şahidlər əyləşir, bax:

Hər nigaran ürəkdən bir səs ucalır indi -

Bu gün heç görünməyən xalq divanı olacaq.

O ortada əyləşən cavanı kim tanımır!

Çiynində qara örtük, əyləşib miz başında.

Neçə məna, neçə söz, neçə nisgil oxunur

Onun alışıb yanan, qəzəbli baxışında.

Yenə də hər günkü tək saçını yan daramış,

Təbəssümü bir anlıq uçub getmişdir ancaq.

Axı bu gün Firidun, haqqı kül olmuş xalqın,

Bir də doğma yurdunun adından danışacaq!

Canlanır gözlərində viran qalmış o kəndlər,

Qoca Barat kişinin yanıqlı şikayəti.

Canlanır gözlərində gəlinlərin, qızların,

Oğulsuz anaların dağdan ağır möhnəti...

Hakim zəngi basantək, gətirirlər məhbusu,

Bu caniyə dikilir bütün baxışlar bir an.

Başını yerə əyir, əynində hərbi forma,

Vicdanı qan, əli qan, iblis görkəmli insan.

 

***

Paqonundan bildiniz, sərhəng olmuş bu cənab,

Zəngənənin zülmünə yer də, göy də ağlayıb.

Vaxtsız ölən oğluna, vaxtsız ölən qızına

Sinəsi dağlı vətən hər zaman yas saxlayıb.

 

Kəndlinin dərisini soyudub bircə anda,

Təki öz ağasına sadiq qalsın bu cənab.

Min belə canilərin haqqını verir indi

O Səttarxan bayraqlı, bahar səsli inqilab.

 

Cani keçən günləri unuda biləydi kaş,

Qara məchul kölgələr gözündən keçir yenə.

Ayaqdan asdırdığı neçə kəndli elə bil

Deyir, cavab ver, axı nə etmişdik biz sənə?

 

Alnımızdan axan tər, əlimizin qabarı,

Bir də könül qubarı artdı yenə, qaldıq ac.

Qolumuz zəncirləndi, göylərə zülmət endi,

Kim ucadan dilləndi, başına endi qırmanc.

 

Qaradağın naləsi, Urmiyanın fəryadı

Dönür bir uğultuya caninin qulağında.

Axı, onun əmrilə talan oldu neçə ev,

Süngüyə keçirildi körpələr qundağında...

 

Başından çarğatını götürdü neçə ana,

Onun ayaqlarına atdı, rəhmə gəl, - dedi.

Bizi pənahsız qoyma, odlama daxmamızı,

Onsuz da, başdan aşır yazıq kəndlinin dərdi.

Cani keçən günləri unuda biləydi kaş,

Tonqalda yanan kəndli gözlərində görünür.

Axır nəfəsə qədər günahım nədir? - deyən

O kəndlimi, yoxsa ki, kölgəsidir sürünür?

 

Elə bil ki, kölgənin neçə-neçə əli var,

Yapışır boğazından sərhəngi boğsun deyə.

- Aman, səsi də çatmır, çağıra bəlkə, bəlkə,

Tanışından, dostundan gəldi ona köməyə.

Köksünə süngü enmiş körpənin son inqəsi,

Bir də - can balam, - deyən gəlini salır yada.

İndi məcburdur, gərək diqqətlə qulaq assın

Bir vaxt nəşə aldığı o aha, o fəryada.

 

İndi ah da, aman da səslənir qırmanc kimi,

Sərhəngin gözlərində sürünür neçə kölgə.

Yapışır boğazından, canini boğsun deyə,

Düşmənlərin əlindən azad olmuş bir ölkə!

 

Danışırlar şahidlər, vəkillər də aramla,

Məhbus sərhəng qəzəbdən gəmirir dodağını.

Eh, bilsəydi bir gündə məhv edib bu "türkləri"

Torbada daşıdardı Azəri torpağını.

 

Dilini, adətini lağa qoyduğu bir el

Hökm çıxaracaqdır onun özünə indi.

Yəqin onu da duydu bu sərhəng cənabları -

Xalqın məhkəməsindən can qurtarmaq çətindi.

 

***

Danışırlar şahidlər, danışırlar vəkillər,

Məhbusa söz verilir, məhbus danışmır, fəqət.

Donur damarında qan, deyir, bir az su verin,

Nə danışsın, kim ona eləyəcək mərhəmət?!

Danışır müddəyiümum, vüqarı dağdan ağır.

Qanun məcəlləsini varaqlayır əlində.

O danışır, sərhəngin dodaq büzüb, güldüyü

İllərlə bağlı qalan Azərbaycan dilində.

Ürəklərdə tələb, söz çevrilir uğultuya,

Hamı təsdiq eləyir, cavanı bir ağızdan.

Dünya görmüş bir qoca söz alıb deyir: - Bala,

Xalqın hökmü böyükdür o əl boyda kağızdan.

Firidunun üzünə qonur xəfif təbəssüm,

Baxır qocaya, sonra yenə başlayır sözə:

- Cənab sərhəng, eşidin, mənim xalqım, vətənim,

Bir də ki, qanun yazıb ölüm hökmünü sizə.

Salonda bir uğultu, salonda bir hərəkət,

Məhbus-sərhəng qıvrılır yerində ilan kimi.

Cərgə-cərgə əyləşən salondakı adamlar

O donmuş gözlərində rəqs edir duman kimi.

Salon seyrəlir artıq, səhnə boşalır tamam,

Min illik bir ölüyə bənzəyir məhbus sərhəng.

Zorla qalxıb ayağa çığırır dəli kimi,

- Yox, yox, rəhmə gəlin bir, istəmirəm mən ölmək.

Dünən gurlayan o səs gör necə də zəifdir.

(Mərd insana yaraşıb mərd yaşamaq, mərd ölmək.)

İki pasiban qalır, dağılır gedir hamı,

Mən ölmək istəmirəm, - deyə çığırır sərhəng...

 

El bayramı

 

Günlər günü adladı,

Həftələr aya döndü,

Kəndlər, şəhərlər tamam

Bayram donu geyindi.

"21 Azər"ə

Qız, gəlin nəğmə qoşdu,

Axı o gün sevindi,

Həsrət qəlblər qovuşdu.

Bu bayrama hər kəsin

Yadigar dəməti var,

Kəndlinin, şəhərlinin

Böyük məhəbbəti var.

Hərə öz sənətindən

Hazırlayır bir nişan.

Uzun gecələrini

Gözəl mahnılar qoşan

Sənətkar da yatmayır,

Yazır, gözəl bir nəğmə.

Bir nəğmə ki, yurdunu

Tanıtdıra aləmə.

Hananın qarşısında

Əyləşibdir bir ana.

O, hədiyyə toxuyur

Doğma Azərbaycana.

Rənglərdən rəng seçir o,

Calayır sapı-sapa.

Düşünür bu xalçaya

Gözəl bir ad da tapa...

Savalanın qarını,

Təbrizin baharını,

Yurdunun vüqarını

Göstərə biləydi kaş...

 

Azadlığın dadını,

Kəndlinin həyatını,

Azad olmuş qadını

Göstərə biləydi kaş.

Ana rəngdən-rəng seçir,

Calayır sapı-sapa.

Düşünür bu xalçaya

Gözəl bir ad da tapa...

 

Kəndli öz torpağının

Buğdasından, dənindən

Deyir, Milli dövlətə

Pay aparam gərək mən.

Nənə corab toxuyur,

Naxışlar, gözəl, təzə.

O da yola salacaq

Sovqatını Təbrizə.

- Qadanızı alım mən,

Deyin ki, Milli dövlət -

Üşüsə corabları

Geyinsin ha, həl-həlbət!

 

Yununu öz əlimlə

Darayıb, əyirmişəm.

Hələ Milli dövlətə

Neçə nəzir demişəm.

Qadadan uzaq olsun,

Zaval gəlməsin ona.

Bir görsəydim, neçə yol

Dolanardım başına...

 

Qəfil yara və nigarançılıq

 

Pozuldu ellərin bayram cəlalı,

Tehran qoşun çəkdi Təbrizin üstə.

Evlər talan oldu, neçə igidin

Ömrü külə döndü soyuq məhbəsdə.

 

Neçə məsum körpə beşikdə öldü,

Onun bələyini boyadı al qan.

Torpağı əlindən çıxmış kəndlilər

Yenə də çöllərə düşdü acından...

 

Çəkildi dağlara fədailər də,

Təzədən ağ günə çıxmaq eşqinə.

Gəldi vicdanını quruşa satan,

Yaltaq həyat sürən satqınlar yenə...

 

Arvad paltarında qaçıb gedənlər.

Kişi paltarında qayıtdı indi.

Ənlikli, kirşanlı, ürəksiz xanım

"Ərim gəlib", - deyə yaman sevindi.

 

Əfsus, soruşmadı, ipək donumu

Harada itirdin, harada saldın?!

Hər gün bir şəkilə girməyin üçün

Ağandan nə qədər sən bəxşiş aldın?..

 

Qadın məclis qurdu, gəldi əfsərlər,

Gəldilər sahibi-ixtiyar kimi.

Xanım dəyişdikcə tez-tez yerini...

Əri də gülürdü, yaltaqlar kimi.

 

Elə haman axşam qəhqəhə səsi

Fəryad səslərində itib gedirdi.

Elə haman axşam qövr eləyirdi

Vətən torpağının yarası, dərdi!

 

Qəti qərar

 

Aldım sorağını, gəldim dalınca,

Məhbəsin önündə qaş qaralınca

O qansız rəisi gözlədim xeyli,

Könlümdə səninlə görüşmək meyli...

Mən hər gün beləcə yol gedib gəldim,

Nə yorulmaq bildim, nə də dincəldim.

Fəqət söylədilər, səbr edib bir az,

İcazə gəlincə görüşmək olmaz.

Bu zindan yolunu ayaqdan saldım,

Durub saatlarla qapıda qaldım.

Bu qarlı, çovğunlu yollarda ancaq -

Bir gəlin də gördüm, qəmli, utancaq.

Əlində bağlama, başında örpək,

Boylanır dörd yana, o, ürkək-ürkək.

Gah qapıda durur, baxışı darda,

Gah da yol gedir o, qarlı yollarda.

Gəmisi batıbdır, sanki dənizdə,

Dostlar, gəlin onu dindirək, biz də.

Saçları pərişan, üzündə kədər,

Kimin həsrətini çəkir bu qədər?

Uzun kirpiyində yaş donur necə,

Köksünü ötürür hərdən xəfifcə...

Zərif barmağında bir üzük də var,

Dəbdir, üzük taxar nişanlı qızlar...

Yəqin tanıdınız, kimdir o qız da,

Yol gedir, yol gəlir qarda, ayazda.

Əfsus ki, ilk eşqi daşlara dəymiş,

Bəlkə də söyləyir, bəxtim beləymiş.

Bəlkə də söyləyir günahsızam mən,

Alnıma bunları kim yazdı, görən?

Bəlkə də inanmır bəxtə, taleyə

"Arzusu kül olan tək mənəm?" deyə, -

Ürəyi təskinlik tapır, kim bilir,

Bu qarlı yolları hey gedir, gəlir.

Bəlkə də, bəlkə də inanır ki, qız -

Yəqin qalmayacaq başsız, pənahsız.

Axı, Firidunun min-min dostu var!

Deyin tək qalarmı, dostu olanlar?!

Əlində bağlama, görkəmi məhzun,

Qız yenə yol gedir, hey yorğun-yorğun...

Kim bilir, kim bilir, məlal içində,

Fikirlər, qəzəblə çırpınan ürək

Bəlkə qərarını indi verəcək?!

Bəli, verəcəkdir qərarını o,

Pozmaz ilk əhdini, ilqarını o.

Bildi ki, düşəcək çətinə, dara,

O, qarlı yollarda gəldi qərara.

Fəqət, ürəyində nisgil ağladı,

O getdi, dərdini gizli saxladı.

Görə bilməsə də sevgilisini,

Söylədi Firidun, bəlkə də səni -

Kim bilir, həbsdən kənarda gördüm?

Qışda görməsəm də, baharda gördüm.

Başında çal papaq, çiynində tüfəng,

Həsrətə, möhnətə sinə gərərək,

Cəbhədən-cəbhəyə adlayan gördüm?!

Düşmənin bağrını odlayan gördüm.

Fədai dostların arasında sən

Gördüm aram-aram nitq eləyirsən,

Harda olur-olsun, nə fərq, sevgilim,

Yəqin ürəyimdə qalmaz nisgilim.

Vətən torpağında görüşərik biz!

Dildən-dilə gəzər məhəbbətimiz!

 

Ömrün son səhifəsi

 

Gün hələ rəqs edir şəhərin üstə,

Qaranlıq, rütubət soyuq məhbəsdə

Tanıya bildinmi, kimdir o cavan?

Belə qəzəblidir, belə nigaran.

Yenə saçlarını daramış yana,

Bu qara kostyumu yaraşır ona.

Təzə köynək geymiş, pambıq kimi ağ,

Elə bil harasa gedəcək qonaq.

Bığı səliqəylə vurulmuş yenə,

Hələ müşk ətri də səpmiş üzünə.

Çiçək də taxmışdır sol döşünə o,

Bəlkə öz yarının görüşünə o,

Beləcə geyinib getmiş həmişə?!

Görkəmində vüqar, qəlbində nəşə,

Bəlkə, universitetə, tələbələrlə

Geyinib görüşə getmişdir belə?!

Bəlkə, bu paltarda çıxarmış qərar,

Önündə baş əymiş qansız ağalar.

Novruz bayramında, gözəl baharda,

El şənlik edəndə doğma diyarda

Beləcə geyinib getmiş görüşə?!

Görkəmində vüqar, qəlbində nəşə!

Düşünür Firidun, düşünür dərin,

Çəkmir barmaqlıqdan o, nəzərlərin.

Vətən göylərinə həsrətlə baxır,

Başında elə bil ildırım çaxır...

Yenə taladılar Azərbaycanı,

"Dost" deyə, qırdılar min-min insanı.

Neçə qəhrəmanı dardan asdılar,

Neçə ana qaldı sinəsi dağlı.

Sürgün yollarının yolçusu oldu

Neçə cavan gəlin, qolları bağlı.

Düşünür anası nə edir görən,

Bacısı, qardaşı indi sağmıdır?

Bu nahaq qanların intiqamını

Onlar düşmənlərdən alacaqmıdır?

 

***

O, son qələbəni görürmüş kimi,

Unudur ən ağır hökmü bir anda.

Görür azadlığın bayraqlarını

Necə dalğalanır Azərbaycanda...

Ona ölüm hökmü vermiş yağılar,

Yandı ürəyimin başı bu sözdən.

Necə dilim gəlsin, necə deyim ki,

Firidun əbədi ayrılır bizdən?!

Onun son arzusu, onun son əhdi

Heyrətə gətirmiş düşməni belə:

Mənim kostyumumu, çəkmələrimi

Gətirin - söyləmiş, o gülə-gülə...

"Təəccüb etməyin, demiş, ağalar,

Mənim adətimdir təmiz geyinmək.

Bir də, deyirəm ki, dar ayağında

El məni pərişan görməsin gərək".

Elini, yurdunu düşünən igid

Bizim qəlbimizdə yurd saldı, getdi.

Bir insan ömrünü başa vurmadı,

Min insan ömrücə kam aldı, getdi.

Qalxıb barmaqlıqdan baxır nigaran,

Bir quş qanad çalır bəxtəvər, azad.

Ömrünü ağ günə bəxş edən insan

Sənin həsrətinlə gedir, ey həyat?!

Sabah sönəcəkdir dan ulduzutək,

Doğan günəşin də gözü dolacaq.

Pərişan saçını açıb ahəstə.

Cavanın üstünə kölgə salacaq...

 

Fikirlər çağlayan ümmana bənzər,

Qurtaran deyildir, bir an içində.

Çəkilin, qoymayın siz ey fikirlər!

Firidun qərq ola ümman içində.

 

Cilovsuz at kimi nə olmuş belə,

Gah lal durursunuz, gah çapırsınız?

Fikirlər, bir məni agah eləyin,

Dincliyi harada siz tapırsınız?

 

Qanadlı quş olun, qalxın göyə siz,

Bəlkə qəhrəmanım dincələ bir az.

Onun ürəyini dinləyə Təbriz,

Öz son laylasını oxuya Araz!

 

Baxır barmaqlıqdan Firidun yenə,

Hörür tellərini günəş də artıq,

O mavi göylərin gen sinəsinə

Ahəstə-ahəstə çökür qaranlıq...

 

Firidun gözünü çəkmir səmadan,

Bir quş qanad çalır bəxtəvər, azad.

Ömrünü ağ günə bəxş edən insan

Sənin həsrətinlə gedir, ey həyat!

 

***

Pozur ağır sükutu

Ayaq səsləri bu an.

Qarışıq hənirti də

Eşidilir yaxından.

Zəncirlər cingildəyir,

Boş dəhlizə düşür səs.

Yəqin ki, bir-birini

Qapıçı edir əvəz.

Qapıya bir əl dəyir,

Qıfıllar düşür səsə.

Zindanbanla bir nəfər

Daxil olur məhbəsə.

Ayın zəif işığı

Divarda rəqs edir, bax,

Firidun tez düşünür:

Kim ola bu yad qonaq?

Geyimi səliqəli,

Əlində, qələm, kağız,

Süni bir təbəssüm var

Dodağında qərarsız.

Firidun danışmayır,

Qonaq keçir qabağa,

İrişib salam verir

Fikrə getmiş dustağa.

- Çox şadam bu görüşə,

Nə təhərdir kefiniz?

Kiməm, nəçiyəm yəqin

Heç tanımırsınız siz?

Burda mütərcim də var,

O sizi başa salar,

- Cənab mister, hazıram,

Danışınız, nə olar.

O, siz, ingiliscə də

Bilirsiniz danışmaq?!

- Hər cəhətdən münbitdir

Doğulduğum bu torpaq.

- Yaman diplomatsınız,

Gözəl savadınız var.

- Bəzən istedadını

Pula satır adamlar.

- Yanlış başa düşdünüz,

Fikr edirəm, siz məni?

- Siz gələndə hiss etdim

Qəlbinizdən keçəni.

- Yox, yox, siz nahaq yerə

Ayrı fikrə düşməyin.

Rica edirəm, mənə -

Cənabsız mister deyin.

Sadəcə bir müxbirəm,

Amerikadan gəlmişəm.

Məqalə yazmaq olmuş

Əvvəldən işim, peşəm.

- Müxbirlik çox yaxşıdır,

Tanışam mən də, bir az.

Fəqət, əsil müxbirə

Yanlış yazmaq yaramaz!

- Bəli, bəli, elədir,

Tam şərikəm sizə mən.

- Cənab, mister, bəs onda

Əziyyət çəkib nədən -

Amerikadan birbaşa

Gəlibsiniz Təbrizə?!

- Mən qəti söyləyirəm,

Mister, bunlar nağıldı.

Duymağı bacarsaydın,

Qulaq asardın, yəqin,

Həqiqəti ürəklər

Danışardı səninçün!

Deyirlər, xalqınız da

Sizə inanmır daha?

- Bizə inanmayıb bəs

İnanacaqdır, yəqin

Xana, bəyə allaha?

- Yazır, sizin nə qədər

Cilovlanıb ağlınız.

Dumanların içində

Keçir gənclik çağınız...

- Cənab, bu nə deməkdir?

Nəyə lazım təbliğat?!

Yaxşı olar söhbəti

Tamamlayaq bu saat?!

- Elədir tamamlayaq,

Sözünüz yoxsa əgər.

- Kameranın havası

Sıxdı sizi bir qədər...

- Deyin, ölüm hökmünə

Varmı etirazınız?

- Mister, bu sözlərimi

Diqqət ilə yazınız!

Məni qorxutmadı düşmən hədəsi,

Ürəyim çağladı, coşdu sinədə,

Əgər olsam da həyatdan gedəsi,

Anacaqdır məni ellər yenə də.

 

***

Yenə yurdumda çiçəklər açacaq,

Güləcək dərdli ürəklərdə dilək.

Gün doğub yurduma nurlar saçacaq,

Göy üzündən qara zülmət gedəcək.

Ruhumu oxşayacaq yaz günəşi,

Mənə layla çalacaq bir də Araz!

Qatacaq nəğməsini, nəğmələrə,

Qoyacaq son, bu ağır dərdə Araz!

Yada baş əymədi odlar diyarı,

Şöhrəti gəzdi nəsildən-nəsilə.

Unudar doğma vətən ağrıları,

Bil ki, haqq məhkəməsi bitmir hələ...

Bu sözlərin altında

Dağ da dözə bilməzdi.

Qalsın ki, müxbir ola!

Müxbir dəhşət içində

Tez çəkildi dal-dala...

Firidun acı-acı

Gülümsündü bu hala.

Cənab müxbir dinmədi,

Əsdi əli, ayağı,

Qorxu, heyrət içində

Tərk elədi dustağı.

Zəncirlər cingildədi,

Qıfıllara düşdü səs.

Sükut çökdü təzədən

O qaranlıq məhbəsə...

 

Ana görüşə gedir...

 

Hava ilıq, səhər-səhər yel əsir,

Novruzgülü bayraq açır yamacda.

Bu gün nədən dil-dil ötən o quşlar

Qəmli, qəmli əyləşmişdir ağacda?

Kəsilmişdir həzin səsi çayların,

Üstü yığıncaqlı, bulaq ağlayır.

Düşmən göz yaşını görməsin deyə,

Kövrəlir, ürəkdən torpaq ağlayır.

 

Sənin kədərinə şərikəm mən də,

Demək, tək qalmışam, ey ana Təbriz!

Firidun yatıbdır, bəlkə yorğundur,

Gəl susaq, qoymayaq oyana, Təbriz!

 

Daha laylasını çalmır Araz da,

Kəsmişdir o şirin, həzin nəğməni.

Qorxur ki, dalğalar, şıltaq ləpələr

Yuxudan oyada yatan körpəni.

 

***

Fatmanın başında saçaqlı örpək,

Əlində bağlama, gəlir Təbrizə.

(Mən aslan ürəkli ana istərəm

Bu dərdə tablaya, bu dərdə dözə!)

 

***

"Tehran qarajı"ndan çıxır nigaran,

Dalğın baxışları görən nə gəzir?!

Yollanır Gülüstan bağına tərəf,

Həsrət ürəyini fikirlər əzir.

 

O, bir an Səttarxan xiyabanında

Durub nəfəsini dərir ahəstə.

O, məhbəs yoluna dönür, bilmir ki,

Firidun balası yoxdur məhbəsdə?

 

Ananın qəlbində dərd ümman kimi,

Şəhərin sükutu onu da sıxır.

Dalğın baxışları nə gəzir görən?!

Fatma sağ-soluna çevrilib baxır.

 

Uşaq da, böyük də keçir önündən,

Eh, kimdir burada tanıyan onu?!

Bu bayramqabağı uzun yol gəlib

Təki görə bilsin əziz oğlunu!..

 

Sezir üzlərdəki matəmi ana,

Qopur ürəyindən kədərli bir ah...

- Hifz elə hamının balasını sən,

Mənim də balamı, ey adil Allah.

 

Ananın önündən keçir adamlar,

Sıxır ürəyini bir qorxu, təşviş.

Düşünür, kim bilir, bəlkə şəhərdə

Ən böyük, mötəbər bir adam ölmüş?!

 

Yoxsa bu nə matəm, bu nə sükutdur?

Ana dalğın-dalğın yol gedir yenə.

Danışır qəlbində, dinir qəlbində,

Arabir ürək də verir özünə.

 

Uzaq yol gəlmişəm - deyib rəisə,

Yalvarıb görüş də alaram, yəqin.

Canım ölsün, bala, əziz bayramın

Niyə məhbəslərdə keçir bəs sənin?

 

Ananın qarşısında

Neçə cavan əydi baş,

Ana təlaşla dindi!

- Dilim quruyaydı kaş.

Bəlkə, bəlkə balamın

Başında bir xata var?

Siz onun dostusunuz

Yəqin ki, ay cavanlar.

Sizin də ananız var,

Mən də anayam axı.

Deyirlər, yaman olur

Anaya oğul dağı.

Dilim, ağzım qurusun,

Gör nə çıxır dilimdən.

Kömək edin, balamı

Bəlkə görəm bu gün mən!

Ananın qarşısında

Analar da əydi baş...

Fatma ah çəkdi birdən,

Gözlərindən axdı yaş.

Duydu ana ürəyi

Öz təzə yarasını.

Daha görməyəcəkdir

Firidun balasını...

Ürəyinin telləri

İnlədi kaman kimi.

Dərdlər başından aşdı,

Çağlayan ümman kimi...

Ana hamıdan qabaq

Qəbristana yol aldı.

Bir saatın içində

Ana yüz il qocaldı!

Təbriz əhli Fatmanın

Arxasınca yeridi,

Neçə möhlətkeş qarı,

Neçə qoca yeridi...

Məzar bir gül dənizi,

Məzar çiçək dünyası,

Yatır güllər içində

Onun əziz balası.

Fatma diz çöküb birdən

Hönkür-hönkür ağladı.

Çiçəkləri iyləyib

Məzarı qucaqladı.

Elə bil Firidunla

Danışacaqdı indi.

O, yatmış balasına

Təzədən layla dedi:

 

Yaman olur oğul dağı,

Bağlı qaldı bəy otağı,

Bu ömrümün qoca çağı

Bir dərd tapdım təzə, ellər!

 

Ata öldü sürgünlərdə,

Axşamladım yaman yerdə,

Üzüm gülməz mənim də,

Canım qurban sizə, ellər.

 

Mən də deyim bu fərağa

Alışıram baxa-baxa.

Sinəmdəki çarpaz dağa

Dağ istərəm dözə, ellər!

 

Güllərin yarpağına

Göz yaşları töküldü.

Günəş tab gətirməyib,

Dağ dalına çəkildi.

Ananın qollarından

Yapışdı cavan, qoca,

Bütün bir şəhər getdi,

İndi onun dalınca.

O keçdi küçələrdən,

Şəhər qəzəb dünyası.

Bu dalğalar içindən

Qəhrəmanın anası

Keçir, kədərlə keçir.

Dünyanı başdan-başa

Gəzə bilsəydi ana -

Hörmətlə baş əyərdi

Bütün yer üzü ona.

Ana gedir təmkinlə,

Gedir, yaralı şirtək,

Dərdin ağırlığını

Ürəyində çəkərək...

Qəzəbdən qurumuşdur

Üzündə göz yaşı da.

Ana bilir, tufanlı

Yollar durur qarşıda.

Boğub hıçqırığını,

Başını dik tutur o.

Dərdini-nisgilini

Bir anlıq unudur o.

Xalqa tutub üzünü

And içir ana kimi.

Deyir: - Evdə oturub

Qəmdən yanana kimi

Sizinlə qalıram mən,

Ürəyim deyir bunu.

Dar gündə analar da

Əvəz edər oğlunu!

Bu torpaq məndən də çox

Görüb övlad dağını.

Mənə verin oğlumun

Siz qanlı yarağını.

Sabahkı haqq savaşda

Mən sizdən ayrılmaram

Dərin olsa da yaram.

Qoy eşitsin səsimi

Yer kürəsində hamı.

Yamandır oğlu ölmüş

Ananın intiqamı!

Ana gedir, ardınca

Min-min insanlar gedir.

Düşmənlərin əlində

Yanan bir diyar gedir.

 

1959-62

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!