Həbib Sahir 1903-cü ildə Təbrizdə anadan olub. 1927-ci ildə İstanbul Universitetinin tarix-coğrafiya fakültəsinə daxil olub. Cənubi Azərbaycandakı Milli Hökumət zamanı Azərbaycan Demokratik Partiyasının "Azərbaycan" qəzeti ilə əməkdaşlıq edib. Milli Hökumət dövründə heç bir vəzifəsi olmayıb. Xalq yazıçısı Anarın dediyi kimi, "Cənubi Azərbaycanın o fərəhli günlərində hökumətdən heç bir vəzifə, imtiyaz almamışdırsa, o günlərin səfasından çox, cəfasını çəkməli oldu. 1946-cı ilin dekabrında şah qoşunları Cənubi Azərbaycanı qana bələyəndən sonra Həbib Sahir də sürgünə göndərildi..." Sahir 1985-ci ildə 82 yaşında intihar edib.
Mahnı
Qar əridi, axar sular lülləndi,
Çay-çəməndə böcək-böcək dilləndi.
Bağ-bağçada yenə badam gülləndi,
Hanı yurdlar, hanı ellər, hanı yar?
Kim alnına qara yazı yazandı?
Az ömürdə qara günlər uzandı.
Bura qürbət, nə Lalə, Şamqazandı,
Hanı yurdlar, hanı ellər, hanı yar?
Gün qızartdı, sular oldu zərnigar,
Daşdan-daşa çaldı bizi ruzigar.
Yağış yağdı, yenə gəldi ilk bahar,
Hanı yurdlar, hanı ellər, hanı yar?
İllər boyu bizə hökm sürdü fars,
Əsir olduq, toy-düyünlər oldu yas.
Boyundakı zəncirləri basdı pas,
Hanı yurdlar, hanı ellər, hanı yar?
Hanki ocaq keçdi, hanki odlandı,
Şeir, qəzəl dəftərləri tozlandı.
Demək, "insan hüquqları" yalandı,
Hanı yurdlar, hanı ellər, hanı yar?
Qar əridi, sel suları atlandı,
Dəli könlüm hər dərdlərə qatlandı.
Yazıq cismim iynələrə saplandı,
Hanı yurdlar, hanı ellər, hanı yar?
1968
***
Bir susuz ağactək qurudun qürbətdə,
Tez ayaqdan düşərək, tez də qocaldın, Sahir.
Yaxşı günlər məgər əfsanə imiş aləmdə,
Yoxsa sən xar oluban pis günə qaldın, Sahir?!
Bir yada şeir, bir gazəl qoşmaq üçün il, gecəni
Şam-çiraq yandıraraq irkətə daldın, Sahir.
Sən ki, illər boyu Qəzvində tanınmaz qaldın,
Yaxşı Tehranda özün dillərə saldın, Sahir.
Hamı gülləndi, əziz oldu baba yurdunda,
Sən də qurbətdə solub... muzdunu aldın, Sahir.
Xəstəlik dördnala gəldi... evimə girdi... aman!
Çarə, dərman qapısın boş yerə çaldın, Sahir.
Son gecə
Ay işığı öpür suları, sular
Soyuq bir gülüşlə uzaqlaşırlar.
Gecənin sükutun yırtan nəğmələr,
Dağları ağladan daşqın dərələr,
Çağırır fənaya uğrayanları...
Hürküdür quşları, çalayanları...
Öz sevgilisindən ayrı düşən bir
Bayquş ağaclıqlarda fəryad edir...
Çinarlardan qopan quru budaqlar,
Qumlarda çağlayan, duru bulaqlar
Titrədir zülmətin dalğalarını,
Açır həyatın bütün əsrarını...
Sükuta alışqan, məhzun könlüm,
Sərməst, dinlərkən sərt baxışlı ölüm,
Qara dumanlara bürünən gültək,
Uzadır mənə bir zəhərli çiçək!
İçirdir şükran ilə dolu cam.
Necə ki, içmişdi zavallı anam,
Gecə yarısıdır, çirağım sönür,
Başım ağrıyır ürəyim dönür.
Göy və yer başıma dönür... dönür, mən,
Hələ kainatın səsin dinlərkən...
Baxıram uzaqdan gələn bir qıza,
Üfüqlərə sarı axan yıldıza...
Salam
Salam məndən Təbrizə,
Bağda açan nərgizə...
Əkinçiyə, işçiyə,
Yurdsuzlara, yersizə...
Şah İsmayıl dövrünün yadigarları
İstanbulun sakit və səssiz bir guşəsində Mərmərəyə baxan çinarlar kölgəsindəki Topqapı sarayı qədim Osmanlı sultanlarından yadigar qalan gözəl bir binadır.
Bir zaman sultanlar məskəni olan bu qəsr bu gün bir muzeyə çevrilmişdir.
Bu qəsrdə çox zəngin və ağır qiymətli əntiq əşyalar saxlanılıb və o əşyaların içində Azərbaycan sənətkarlarının zərif və sehrəngiz sənət əsərlərini bariz bir şəkildə göstərən dəyərli əsərlər də gözə çarpır. Məsələn, Səfəvilər dövrünə aid məşhur ləl-cəvahirlə bəzədilmiş zəngin "Şah İsmayıl taxtı" muzeyin salonlarının birində qoyulmuşdur.
Bu taxt bir sütun üzərində duran, Hindistanın qiymətli ağaclarından yonulmuş, zərif ipəyə sarılmış və cəvahirat ilə bəzədilmiş bir taxtdır. Bu taxtın üzərində işlənmiş olan zümrüdlər, sarı və yaşıl yaqutlar, almazlar bu gün artıq cəvahirat satanların sandığında deyil, ancaq şairlərin divanında cilvələnir.
Neçə milyard qiymətə sahib olan bu bədii və əfsanəvi əsər bu gün bizim qədim incəsənətimizin nə qədər ali olduğuna canlı bir şahiddir.
Taxtın yanı başında yenə də Şah İsmayıldan yadigar qalan gözəl bir ipək xalça divardan asılıbdır.
Bu xalça XVI əsrdə toxunan xalçaların, bəlkə də ən gözəli və ən zərifidir.
Bu xalçada nazik ipək tellər ilə salınan gül butaları və ondakı sönməz işıqlı rənglər seyrçiləri heyrətdə buraxır.
Xalçanın ortasında bənövşəyi rəngdə olan bir yerdə Şah İsmayılın üzərində "vilayətin şahı İsmayıl Səfəvi" ifadəsi olan səltənət möhürü oxunur.
Yenə də həmin salonda, aynabənd qəfəslər içində qızıl, gümüş və yaqutla bəzədilmiş şahanə qab-qacaqlar arasında qiymətli bir xəncər və bir də sarı yaqutla bəzədilmiş qızıl kəmər gözə çarpır. Bu xəncərin və qızıl kəmərin üzərində bizim böyük sərdarımız və həmşəhərlimiz olan İsmayıl Səfəvinin parlaq adı həkk olunubdur.
Həbib SAHİR
"Azərbaycan" qəzeti
22 yanvar 1946-cı il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
