Gülsün - HUŞYAR

Huşyar 1905-ci ildə doğulub. 1941-1945-ci illərdə 21 Azər hərəkatına qoşulub. Azərbaycan Milli Hökuməti süqut edəndən sonra Huşyar barədə məlumat yoxdur. Şəhid edildiyi güman edilir.

 

Gülsün

 

Tez ol, ey lalə, açıl, dağ ilə səhra gülsün,

Rəngi-əlvanını görsün, hamı dünya gülsün.

Müjdəsin ver hamı bilsin ki, gəlir fəsli-bahar,

Eşq ilə şövqə gəlib bülbüli-şeyda gülsün.

 

Səni görsün, çiçək açsın bu diyarın çəməni,

 Bizim ellər də edib yaxşı tamaşa, gülsün.

Laləsiz hüsni nədir Azərilər torpağının,

 Gərək açsın çəmənində güli-həmra, gülsün.

 

Ey vətən, tarixə yazdım bu gözəl günlərini,

Eylədin bayraği-hürriyyəti bərpa, gülsün.

Güllər ilə vətənə bir elə ziynət verəsiz,

Nəzər etsin o gülə, rəhbəri-şura gülsün.

 

Huşyaram, vətən uğrunda gərəkdir çalışam,

Dəftərimlə qələmim əldə hüveyda gülsün.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!