Təbrizim
Baxdıqca hüsnünə, doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim!
Qoymaram yadları girsin qoynuna,
İzn ver, qolumu salım boynuna!
Sənin bayramına, sənin toyuna
Dili bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib...
Sən çıxdın qarşıma duzla, çörəklə,
Bağından dərdiyin, güllə, çiçəklə,
İkiyə bölünməz saf bir ürəklə...
Təbrizim, Təbrizim, aman Təbrizim,
Yox olsun başından duman, Təbrizim!
Bülbül zar-zar ağlar çəməndən ayrı;
İnsan deyib-gülməz vətəndən ayrı;
Can necə yaşasın bədəndən ayrı?!
Aç öz ürəyini, danış, Təbrizim,
Olum dərdlərinlə tanış, Təbrizim!
Qədrini ayrılıq çəkənlər bilir,
Hicrində göz yaşı tökənlər bilir,
Ömrünə qaranlıq çökənlər bilir, -
Bağından gül, çiçək dərdim, Təbrizim,
Yenə təzələndi dərdim, Təbrizim!
Bu ayna bulaqlar, bu ayna sular,
Suda ayağını yuyan qarğular
Doğurur könlümdə min bir duyğular.
Səslənir kamanım, sazım, Təbrizim,
Ey mənim baharım, yazım, Təbrizim!
İzn ver dağların başına çıxım,
Dərim üzümündən bir neçə salxım,
Yeyib gilə-gilə, hüsnünə baxım, -
Könlüm qartal kimi uçsun, Təbrizim,
İlham pərisini qucsun, Təbrizim!
Qəşəng qızların var, totuq, yupyumru,
Səndə məskən salıb göyərçin, qumru,
Görüm uzun olsun onların ömrü,
Görüm gəlməyəsən gözə, Təbrizim,
Qulaq as dediyim sözə, Təbrizim!
Əzəldən şairlər yurdusan, inan,
Döşündən süd əmən saysız qəhrəman
Yolunda canını etmişdir qurban, -
Gətirib onları yada Təbrizim,
Baş əyməz cəllada, yada, Təbrizim!
Səttar xan, o böyük sərdari-milli,
O atəş ürəkli, o atəş dilli
Etdi azadlığı ellərə bəlli...
Gəl onun yolundan dönmə, Təbrizim,
Dalğalan, alovlan, sönmə, Təbrizim!
Nə qəşəngdir yol boyunca söyüdlər,
Söyüdlərin kölgəsində igidlər
Babalardan dinləyirlər öyüdlər, -
Coşur damarlarda, qanı, Təbrizim!
Yoxdur bu mərdlərin sanı, Təbrizim!
Atımı sinəndə çapıb sürürəm,
Hər keçən yolçuya salam verirəm...
Nələr eşidirəm, nələr görürəm,
Nədir bu qaranlıq gecə, Təbrizim,
Buna necə dözüm, necə, Təbrizim?!
Ağlasan, - ağlaram, gülsən, - gülərəm,
Yaşasan, - yaşaram, ölsən, - ölərəm,
Varımı səninlə yarı bölərəm...
Gəl, bir də üzündən öpüm, Təbrizim,
Başına gül, çiçək səpim, Təbrizim!
Nədir o mənalı, dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?..
Yetim tək boynunu burma, Təbrizim,
Məlul-məlul baxıb durma, Təbrizim!
Sənin çiçəyinə, gülünə qurban,
Mənə qardaş deyən dilinə qurban,
Vətəninə qurban, elinə qurban!
Baxdıqca hüsnünə, doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim!
Təbriz, 13 oktyabr 1941
Əyilmə
Sönməz qəlbimdəki qəzəb intiqam,
Əyilmək bilməyən qızıl bayrağam.
Tək bilmə özünü nə qədər sağam,
Tökmə gözlərindən qan-yaş, əyilmə!
Bu elə qəhrəman oğullar gərək,
Qoy vətən eşqilə döyünsün ürək.
Atıl cəbhələrə, gücünü görək,
İgidlər əyilməz, qardaş, əyilmə!
Böyük əcdadını gətirib yada,
Oynat qılıncını göydə, havada,
Azadlıq uğrunda gedən davada
Qana boyansa da dağ-daş, əyilmə!
Dərdin sevincindən min dəfə artıq,
Səni əzəcəklər görünsən yazıq,
Aç bir gözlərini, gün doğur artıq,
Olma bu həyatda çaş-baş, əyilmə!
Keçir geçən qara, gündüzün qara,
Özünə dost ara, dərd bilən ara,
Düşmənlər vursalar qəlbinə yara,
Mənim yanıma gəl bir baş, əyilmə!
Sinəm dərdlərinlə dolu bir dəftər,
Etmişəm adını dilimdə əzbər.
Çünki ürəyimdən verirsən xəbər,
Mənəm, mən könlünə sirdaş, əyilmə!
Təbriz, 25 oktyabr 1941
Dəymə
Mən sənin dilinə dəymirəm, sən də
Gəl mənim bu ana dilimə dəymə.
Sənin də bağın var, gülün var, çəkin,
Bağımda əkdiyim gülümə dəymə.
Həsədlərlə baxdın çəmənimə sən,
Gör bir nələr etdin vətənimə sən.
Yan deyib, od vurdun bədənimə sən,
Altında atəş var, külümə dəymə.
Mən ağa-ağ dedim, qaraya-qara,
Sən məni istədin çəkəsən dara.
Təzəcə sağalır vurduğun yara,
Mənim bu yaralı könlümə dəymə!
Təbriz, 1942
Gah gülən, gah da ağlayan gözələ!
Dərdli qəlbində bir dərin yara var, -
Onu şair öz əllərilə sarar:
Səni qorxutmasın bu qəmli diyar,
Gələcək bir gözəl səhər, gözəlim!
Səni görmək böyük səadətdir,
Qaşların, gözlərin qiyamətdir.
Hamı söylər: - bu sərv qamətdir, -
Hüsnünə dəyməsin nəzər, gözəlim!
Qaş gülür, göz gülür, dodaq da gülür,
Lalədən rəng alan yanaq da gülür,
Ox... zənəxdan gülür, buxaq da gülür...
Gül, yox olsun bu qəm, kədər, gözəlim!
Bağrı eşqinlə dağlı bir şair,
Qəlbi qəlbinlə bağlı bir şair,
Səni sevməkdə haqlı bir şair,
Edəcək, dərdi dərbədər, gözəlim!
Gah gülürsən, gah ağlayırsan sən,
Çəkib hərdən ah, ağlayırsan sən.
Görürəm, vallah, ağlayırsan sən...
Gül, bizimdir bu gün zəfər, gözəlim!
Təbriz, 1942
Bir üzdə görün
Qəlbində əgər düz diləyin var,
Hər gün mənə göstərmə beş-on üz...
Bir üzdə görün, bir ürəyin var!
Gündüzsən əgər, zülməti boğ sən,
Dost olma, baharsansa xəzanla.
Bağçanda gülün var, çiçəyin var!
Hər bişərəfin öpmə əlindən,
Cəlladlara yalvarma, əyilmə!
Süfrəndə ki, o duz-çörəyin var.
Hər gün mənə göstərmə beş-on üz,
Bir üzdə görün, bir ürəyin var!
Təbriz, yanvar 1942
Yad gül dərə bilməz
Yad gül dərə bilməz çəmənimdən,
Heç qüvvə ayırmaz məni bir an
Öz doğma elimdən, vətənimdən.
Hər yerdə günəşdir mənə bayraq,
Baş əymərəm aləm yağı olsa,
Qan axsa da seltək bədənimdən.
Ölsəm, qalacaqdır əməlim sağ,
Düşmən mənə əl vursa, əminəm,
Atəş alacaqdır kəfənimdən.
Heç qüvvə ayırmaz məni bir an
Öz doğma elimdən, vətənimdən.
Təbriz, yanvar 1942
Durnalar
Hansı dərddir edən sizi bağrı qan,
Ey bu yerdən uçub gedən durnalar?
Siz ki, azad doğuldunuz anadan,
Qəmginsiniz, deyin nədən, durnalar?
Göydə azad qanad çalmaq gözəldir,
El dərdinə yanıb, qalmaq gözəldir,
Ana yurda qurban olmaq gözəldir, -
Nəyə gərək cansız bədən, durnalar?!
Yaman günün ömrü xeyli az olar, -
Qışdan sonra bahar olar, yaz olar;
bu ellərin keyfi onda saz olar, -
Siz, ey qəmgin-qəmgin ötən durnalar!
Bulaq kimi işıldayır gözünüz,
Dostunuzam, bilirsiniz özünüz.
Sinələrə dağ çəkir hər sözünüz,
Ürəkləri al qan edən durnalar!
Uçursunuz alnı açıq, üzü ağ,
Bağrım çatlar, sizdən almasam soraq,
Yorulanda olur sizə oturaq
Göl kənarı, yaşıl çəmən, durnalar!
Qaqqıldaşın, qoy yatanlar ayılsın,
Əzilənlər qalxıb adam sayılsın.
Şöhrətiniz bu ellərə yayılsın,
Ey baş vurub göldə çimən, durnalar!
Arzum budur, - kəsilsin göz yaşınız,
Hər bəladan uzaq olsun başınız.
Çiçəklənsin torpağınız, daşınız,
Toxunmasın sizə düşmən, durnalar!
Bir gün gələr, ürəyiniz açılar,
Duman kimi uçub gedər acılar:
Bağrınızı nişan alan ovçular
Qoy bilsinlər, - sizdənəm mən, durnalar!
Çox çəkməz ki, nəğmə söylər şən dillər,
Ətir saçar şux çiçəklər, şux güllər.
Bayquşları əvəz edər bülbüllər,
Xərabələr olar gülşən, durnalar!
Zaman silər ürəklərdən naləni,
El unudar göz yaşını - jaləni,
Yaşıl çəmən bayraq edər laləni, -
Ötərsiniz onda şən-şən, durnalar!
Əgər bir gün darda qalsa bu ellər,
Dərd əlindən nalə etsə könüllər,
Ahdan yanıb külə dönsə bu çöllər, -
Mən verərəm sizlərə dən, durnalar!
Qoy könüllər sellər kimi çağlasın,
Ağ günlərə min bir ümid bağlasın.
Qoymayın ki, qan-yaş töküb ağlasın
Bu yaralı ana vətən, durnalar!
Təbriz, oktyabr 1941
Zindan
Heyhat! Necə dözsün buna insan:
Vur, vur ki, yıxılsın təməlindən
Aysız və günəşsiz qara zindan.
Hər kərpici qan, hər daşı fəryad,
Gülməz üzü bir kimsənin, əsla...
Dözməz buna, dözməz buna vicdan.
Vicdansıza vicdan sözü yaddır,
Şair deyəcək, susmayacaq heç,
Cəllad nə qədər içsə də al qan.
Vur, vur ki, yıxılsın təməlindən
Aysız və günəşsiz qara zindan!
Təbriz, 7 yanvar 1942
Birdir
Araz! Hər yaz şimalında, cənubunda çəmən birdir,
Bu torpaqda, o torpaqda qərənfil, yasəmən birdir.
Suya xəncər-bıçaq vursan da, ayrılmaz, həqiqətdir,
Uzaqdır ayrılıq bizdən, ürək birdir, bədən birdir.
İki ayrılmayan qardaş elin əzmilə, eşqilə
Faşizmin əyninə birgə biçilmiş ağ kəfən birdir.
Araz tən ortasından qəlbinin axdıqca, ey Rüstəm,
Haray çal, qoy bütün aləm eşitsin ki, Vətən birdir!
1942
İstərəm
Doğruluqdan başqa bir şey bilmərəm dünyada mən,
Dosta hörmət bəslərəm, ondan da hörmət istərəm.
Gizli bir iş görmərəm, alnım açıqdır gün kimi,
Bir şüarın olmuş dilimdə bu - həqiqət istərəm!
Doğru sözdür: - Doğru söz kəskin olur, daşdan keçir,
Mən bu eldən, özgə bir şey yox, dəyanət istərəm.
Duz-çörək kəsdik səninlə, sirdaş olduq qəlbdən,
İxtiyarım var deyim,- səndən cəsarət istərəm!
Dəydi azadlıq yolunda dik başım daşdan-daşa,
Versələr hər gün mənə min cür əziyyət, istərəm.
Xalqı azad görməmiş, gəlsə əgər bir gün əcəl,
Söylərəm: - Tez gəlmisən, bir az da möhlət istərəm.
Ey Süleyman, nitqə gəl, bülbül kimi gül eşqinə,
Qoy bütün dünya eşitsin ki, sədaqət istərəm!
Yandı
O qədri nalə etdim ki, qızardı lalə tək bağrım,
Baxıb öz devrəmə gördüm qərənfil, yasəmən yandı.
Qonub asudə, damlarda ötür heybətlə bayquşlar,
Əlində haqqı bayraq eyləyən, düz yol gedən yandı.
Ürəkdə min yaran vardır, yazıq millət, yazıq millət,
Sənə hər ləhzədə öz canını qurban edən yandı.
Dolubdur nəmli zindanlar, yanır odlarda azadlıq,
Neçin dinmirsən, ey qardaş, soruş, bir gör nədən yandı?
Durubdur başım üstündə, əlində xəncəri, cəllad, -
Nə gül qaldı, nə bülbül qaldı, bağ yandı, çəmən yandı.
Yadımdan çıxdı bülbül tək qəfəsdə güllərin rəngi,
Qəmin, dərdin əlindən od tutub axır bədən yandı.
Süleyman, qəfil olma, yaxşı bax ətrafə, şairsən,
Cinayət aşdı həddindən, haray sal ki: - vətən yandı!
Təbriz, 1941
Heykəlin yüksələcək
Ey bu torpaqlar üçün torpağa düşmüş əsgər,
Gün gələr, səcdə edib ölkənə dünya baş əyər.
Qəlbinin gözləri ağ günləri mütləq görəcək,
Bütün aləm yenidən bir yeni dövran sürəcək.
Azad ellər deyəcəkdir sənə: "əhsən, əhsən!"
Duyacaqsan bunu torpaqların altında da sən.
Pionerlər gələrək qəbrinə güllər səpəcək,
Analar başdaşını candan-ürəkdən öpəcək.
Gecələr nurladacaq alnını ay, ulduzlar,
Səni yad eyləyəcək dərdli gəlinlər, qızlar.
Gələcək qəbrinə hörmətlə xəyalən rəhbər,
Açacaqdır yenə qartal kimi ruhun şəhpər.
Orda yatsan da, ölüm yox sənə, heç qəm yemə, yat,
Sən də varsan, nə qədər varsa bəşər, varsa həyat.
Bədənin qalsa da torpaqda - yerin qəlbində,
Heykəlin yüksələcəkdir bəşərin qəlbində.
Təbriz, 1942
Könül baharı
Günah deyil nə qəsidə, nə də qəzəl yazmaq,
Məharət istəyir ancaq bir az gözəl yazmaq!
Ürəkdə olmasa hər dərin səmimiyyət,
Şeirdə qol-qanad açmaz məhəbbət, ülviyyət.
Görəndə qəmlər əlindən fəğan edən Arası,
Şikəstə ney kimi inlərdi qəlbimin yarası!
Desəm ki, dərdli deyildir könül, - bu düz olmaz;
xəzan qılıncını çəkməzsə, bağçalar solmaz!
Qapımda durmasa hicran, mənim nə dərdim var?
Bu doğma dərdimi bumbuz ürəklilər nə duyar?!
Cənublu qardaşımın dərdidir mənim dərdim,
Onun adıyla bağımdan ətirli gül dərdim...
Yenə uzaqlara doğru səfər edir könlüm:
Tutub baharın əlindən qonaq gedir könlüm.
Azadlıq elçisiyəm, sirdaşım günəş özüdür,
Bu yolda eşqimə rəhbərsə qəlbimin gözüdür.
Xəzanı qovmuşam, ellər bilir, ürəklərdən,
Azadlıq heykəlini qurmuşam çiçəklərdən.
Bahar, bahar! - deyə ötdükcə şən qaranquşlar,
Bu dadlı nəğməni ellər ürəkdən alqışlar.
Gözəllərin səsi gəldikcə iydəliklərdən,
Könüldə hər nə qəmim varsa, yox olur birdən.
Bahar təbəssümü oynar bütün dodaqlarda,
Dönər çiçəklərə gənclər səfalı bağlarda,
Gəzir el oğlumuz artıq başında taci-qürur,
Günəş önündə onun baş əyib səlamə durur.
Bahar həyatla əkizdir, - bu bir həqiqətdir, -
Əzəl və son beşiyi sevgidir, məhəbbətdir.
Baharla sirdaş olub hər zaman iyit babalar,
Baharı sev! - deyə vermiş bizə öyüd, babalar.
Baharla dost olanın baxçası xəzan görməz,
Uca əməllərinin dağları duman görməz.
Bahar gəlir, önünə siz də duz-çörəklə çıxın,
Açıq alınla, a dostlar, açıq ürəklə çıxın!
Bahar nədir? - deyə məndən soruşmaq artıqdır:
Həyatda, məncə, həqiqi bahar - azadlıqdır!
Könlümü
Mən açmaq istəsəm gözünü yatmış ellərin,
Kim cürət eləyər ki, çəkə darə könlümü!
Yağdırsalar da üstümə göylərdən od-alov,
Mən qoymaram gülünc ola əğyara könlümü.
Yadlar görüncə göz yumacaq, aşikardır, -
Azadlığın köyündəki səyyarə könlümü.
Haqqım! - deyib də hey gəzərəm, qorxu bilmərəm,
Düşmən qoparsa, çırpsa da divarə könlümü.
Ömrümdə görmərəm, bunu mən etmişəm yəqin, -
Millət, vətən yolunda üzü qara könlümü.
Torpaqda kök salan ağacam, heç əyilmərəm,
Yadlar qılıncla eyləsə min parə könlümü.
Rüstəm, vəfalı dostlara al ərməğan apar
Hürriyyətin yolunda olan yarə könlümü.
Təbriz, 1941
Sor məni
Şahiyəm şux güllərin, ətrimdən bihuşdur çəmən,
İstəyirsən lalələrdən, nanələrdən sor məni.
Get ora, harda eşitsən ah səsi, zəncir səsi,
Qolları zəncirlənən divanələrdən sor məni.
Bir gözəl dilbərlə çoxdan əhdü-peyman etmişəm,
İmtahandan ötrü, bu peymanələrdən sor məni.
Sızladıqca, dağ çəkir hər qəlbə naləm, ney kimi,
Düşmüşəm dildən-dilə, əfsanələrdən sor məni.
Oldu daşlar yasdığım, ulduzlu göylər yorğanım,
Yox mənim yurdum-yuvam, viranələrdən sor məni.
Mən ümidvaram zəman bir rəngdə qalmaz, mütləqa
Gün gələr ki, söylərəm: - Kaşanələrdən sor məni.
Mən də bir pərvanəyəm, dərdli vətənsə bir çirağ,
Atəşi-eşqə yanan pərvanələrdən sor məni.
Təbriz, 1942
Səs qalmış
Görənlər gözlərimdən tökdüyüm yaşı, güman etdi,
Mənim bu dərdli könlümdə nə arzu, nə həvəs qalmış.
Qəribə pasibanım var, adı insan, özü cəllad,
Ona miras bu dünyada qan içmək, kəs-ha-kəs qalmış.
Hər evdən yüksəlir fəryad, ürək dustaq, dilək dustaq,
Azadlıq qalmamış, ancaq dəmirdən bir nəfəs qalmış.
Qan içməkdən, can almaqdan dənilər söyləməz - doydum,
Fəqət bilməz ki, cismində həyat yox, son nəfəs qalmış.
O kəslər ki, vətən, millət yolunda can verib getdi,
Süleyman, bax, o mərdlərdən bütün aləmdə səs qalmış!
1942
Xatirə
Hər kim ki, zəhər içsə gözəl yarın əlindən,
Olmaz bilirəm, zərrə peşiman əməlindən.
Bir ev ki, məhəbbətdən uzaqdır, nəyə lazım, -
Heç kəs acımaz, uçsa o bir gün təməlindən.
Könlüm quşu ilham alıb eylər yenə pərvaz:
Bir zülfü pərişan, dodağı qonça gəlindən.
Hicran məni yandırdı... gözəl eyibsiz olmaz, -
Cananı xəbərdar eyləyin el məsəlindən.
Qəlbində yaran varsa da, fəxr eylə, Süleyman,
Bir xatirədir səndə, bu Təbriz gözəlindən...
1943
Məlalımdır
Həyatə gəldiyim andan məhəbbət ilk məalımdır,
Günümdür, ulduzumdur, kəhkəşanımdır, hilalımdır.
Mənə, canandan ayrılma, yolunda can fəda eylə, -
Deyən sevdalı könlümdür, öz əqlimdir, kəmalımdır.
Yetər hicranə yandım, hardasan, gəl, ey vüsalım, gəl,
Cənublu dilbərə etmək mənim ən xoş xəyalımdır.
Bütün aləm eşitsin, gülmərəm ömrümdə mən onsuz,
Onun dərdi, məlalı doğma dərdimdir, məlalımdır.
Süleyman car çəkib söylər: - Cənuba can verən ancaq
Könüllərdə günəşlər doğduran xoşbəxt Şimalımdır.
Təbriz gözəlinə
Anır xəyalını könlüm, gözəl mələk, hər yaz,
Qırıq qanadlı göyərçintək eyləyib pərvaz.
Yaranmısan, görünür, varlığınla nazlardan:
O can alan gülüşün naz, ədalı rəqsin naz...
Səni ürəklə sevən aşiqin məhəbbətinə
Nədənsə, etmədin ömründə mərhəmət bir az.
Mənə məhəbbətinin yadigaridir, gözəlim:
Qırıq piyalə, qırıq bir könül, qırıq bir saz...
Yanır vücudum əzəl gündən hicrinin oduna,
Günəş sönərsə, səmadən mənim bu qəlbimi aç!
1946
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
