***
Sən axı deyəsən, unutdun məni,
Fərqi yox, nə zaman, necə olduğu...
Bir qış axşamında, bir yaz çağında,
Bir çay axışında, arx qırağında,
Mövsümlər küsəndə biri-birindən,
Ah çəkdin, ahh...
sildin elə dərindən
Adımı, unutdun məni,
Fərqi yox, nə zaman, necə olduğu...
Ümidin kəsilib, gözləntin doyub,
Bitirib təlaşın sevda kürlüyü.
Hər dəfə süzdüyüm çay da soyuyub,
İtib çay keyfinin bərabərliyi.
Mənmi unutmadım keçən hər anı?
Mənmi unutmadım ötən hər dəmi?
Bu eşqi,
bu ömrü,
bu həyəcanı
bölüb paylaşanı itirmiş kimi,
Sən axı deyəsən, itirdin məni,
Bir sətir süzmüşəm, süfrəmə buyur,
(Bəlkə bu sətirdən içsən bir udum),
Bir çay tökülüncə necə soyuyur,
Eləcə soyudun, elə unutdun...
Fərqi yox, nə zaman, necə olduğu...
Sən axı deyəsən, unutdun məni,
Lalələr susanda, sular dinəndə,
Torpaq məzarlanıb evə dönəndə,
Onsuz unudulub gedəsi idik...
Niyə unutmağa belə tələsdik?
Yarpaq saralanda, çiçək solanda
Baxaraq üzülən, yanan biz idik,
Elə bu vədədə, elə bu anda,
Ayrılmaq bizimçün hələ tez idi.
Bu qədər qaçhaqaç, qovhaqov hədər,
İnsan varlığına susayıb axşam,
Üstümü toz basıb, gözümü kədər,
Sanki milyon ildi unudulmuşam...
***
Tanrı sınaq üçün lütf eləyibdi,
Qalmısan içində bu əsir ömrün.
Bir azca təsəlli olsaydı, bəlkə,
Bitirə bilərdin kəm-kəsir ömrü.
Ürək təzyiq edir, göz kölgə salır,
Ölüb-dirilirsən hər gün yüz kərə.
Qələm naşı durur, söz aciz qalır,
Sarırsan ruhunu ağ vərəqlərə.
Ömür də bir yoldur, tükənir yollar,
Bəzən bircə ömür insana yetməz.
İçində qırıqlıq sindromu var,
Yüz ömür calansa ömrünə, bitməz.
Darıxmaq borcu
Hər borca düşmüşəm,
borcdan çıxmışam,
Hər xərcə düşmüşəm,
xərcdən çıxmışam.
Vardır bu ömürə əzəli borcum,
Əbədi borcum...
Mən deyim, sən də bil!
Bil, nədi borcum!
Hər günə bu borcum bitib-tükənməz,
Hər günə bu borcum heç cürə dinməz.
O borc ödənməsə keçməz həmin gün,
Ömür təqviminə köçməz həmin gün.
O gün danışmaram, lal-kar olaram,
O gün ov olaram, şikar olaram
Ürəyim soyumaz, ruhum ovunmaz,
Duam göyə çatmaz, ahım ovunmaz.
Ürəyim həblərə itaət etməz,
İlhamım təblərə itaət etməz.
O borc həm tələdi, həm də təsəlli,
O borc ilahidən edib təcəlli.
O borc həm dərmanım, həm də yaramdı,
O borc ən sevimli ciyərparamdı.
Xəyal tək uzaqdı, quş tək azaddı,
Bu qədər yaxındı, bu qədər yaddı.
Allah dil verməyib binədən lala,
Danışsa, milyonlar yetər vüsala.
***
Bu gün də üstümə-üstümə gəldi,
Qul ikən şahanə-şahanə gəzdim.
Kim məndən ağıllı adam düzəltdi?!
Dəli olmaq üçün bəhanə gəzdim.
Göy ikən göy üzün endirdim yerə,
Ayaqlar altına yıxdım özümü.
Səma yamac-yamac, yer pərən-pərən,
Durna qatarına çaxdım özümü.
Ürəyim qırılıb ovcuma düşdü,
Göy üzü yarıldı bu toqquşmadan.
Durnalar yaralı-yaralı uçdu,
Bəzən günahın da çox sevir adam.
Bir durna gözündə damla yaş oldum,
Bir durna qanadın qırdı üzümdən.
Bu acı, amansız yerdən yoruldum,
Özüm olum deyə, döndüm özümdən.
Günahı saxlamır göylər, sən demə,
Ağlayıb, göylərin günahın aldım.
Bir ovuc qan sıxdım kipriklərimə,
Gözlərim ağrıdan bərələ qaldı.
Nəhayət, bu acı ağrını yendim,
Yendikcə dünyayla bitdi hər işim.
Ağrı yenildikcə özüm yenildim,
Onda anladım ki, ağrı mənmişəm.
Divara çırmandım, kölgəyə qaçdım,
Mincildli "bəlkədən-bəlkəyə" qaçdım.
Mən bu göy üzünə əmin olmadım,
Mən özüm-özümə əmin olmadım.
***
Sevmə məni, ürəyim,
ayazdı, üşüyərsən.
Saçlarıma toxunma,
bəyazdı, üşüyərsən.
Aldatmırsan, bilirəm,
get, başqasın sev, sevil.
Aldatsan da, nolar ki,
aldanan yaşım deyil.
Hər sevgi bir cür yara,
hər yaradan iz qalır.
Ürək buz bağlayanda
sevgilər aciz qalır.
Daha gülməyim tutur,
bu sözümdən üşənmə.
Pis mənada demirəm,
qəti elə düşünmə.
Kimi sevsən, əminəm,
sənə biganə qalmaz.
Ürək hökmrandısa,
ürəyə hökm olmaz.
Can, biz nəkarəyik ki?
Hər məsləhət Onundur!
Uzaqdan cazibədar
görünürəm, uzaq dur!
***
Sevməyə bir adam olmalı yenə...
Könlünə, ruhuna yaxın bir adam,
Gözəllik təbinə yaxa bir adam,
Lap elə ürəyi yuxa bir adam
olmalı, olmalı,
olsun da, olsun!
Gözünün içinə baxan birisi,
Su kimi qəlbinə axan birisi,
Ruhunda şimşəktək çaxan birisi,
Tanrının yadından çıxan birisi
olmalı, olmalı,
olsun da, olsun!
Xatirə içindən süzülən gələn,
Yüz yerdən seçilən, sezilən, gələn,
Eşqiylə süslənən, bəzənən gələn,
Kiminsə atdığı,
laaapp unutduğu,
olmalı, olmalı,
olsun da, olsun...
Dünyanı könlünə gen edən biri,
Gününü hər daim gün edən biri,
Hər şeyi sevgiylə tən edən biri,
Yuvada çöp olsun,
evdə dam olsun,
Sevib-seviləcək bir adam olsun,
olmalı, olmalı,
olsun da, olsun...
***
Kimsə bilməz,
laldı qapım,
Ağzında dili yoxdu, yox...
Gələnə-gedənə yanır,
Yanır eyy,
külü yoxdu, yox...
Bəlkə uludan uludu,
Bəlkə də haqqın yoludu.
Tanrının aciz quludu,
Dilənən əli yoxdu, yox...
Əyriləri düz göstərməz,
Üz görməzsə,
üz göstərməz,
Qapı-qoşun düz, göstərməz,
Bu qədər dəli yoxdu, yox...
Nə tozu var, nə hisi var,
Kimin belə dəlisi var?!
Dərd verməyə ölüsü var,
Dərdindən ölü yoxdu, yox.
***
Məndən göyə yol yox,
göydən Tanrıya,
Nə bu yağış bitər, nə bu yol başlar.
Bu gecə çətin ki, ağrıya, doya
Mənim günahımı dənləyən quşlar.
Yenə aç əlimi, bir falıma bax,
Oxu ulduzların boş vədlərini.
Yerə məlhəm elə, göylərə qurşaq
Mənim sirlərimlə göyün sirrini.
Çoxdandır səssizdir içimdə gecə,
Tut yenə əlimi, bir falıma bax.
Bax, alın yazımı elə dürüstcə
Əlimdə-ovcumda yazıbmı Allah?!
***
Hürkütdüm tozunu xatirələrin,
Düşdüm ocağına nimdaş illərin.
Nənəmin min illik nimçəsi kimi,
Qalayçı əlimdən qopdu əllərin.
Toz necə hürkərmiş, kim görüb belə?
Gözümün görəsi yol, iz qalmadı.
Göz-gözü görmədi duman içində,
Adını çağırdım, cavab almadım.
Küçələr, səkilər toza bələndi,
Divarlar, şəkillər toza bələndi,
Hər yerə,
hər şeyə bu toz ələndi.
Rənglər bir anlığa saraldı, soldu,
Hər yer duman oldu, hər yer toz oldu.
Pilləyə, kürsüyə kök atdı bu toz,
Hər kəsə, hər şeyə kök atdı bu toz.
"Nədir ki" dediyin toz yalan oldu,
O qədər böyüdü, şişdi, dağıldı,
Sözdə sevgisinə toz qondurmayan,
Dönüb yekə başlı bir ilan oldu.
Bu toza bulaşdı dostlar, yaxınlar,
Gözümdə qayalar toza çevrildi.
Nə yaxşı, yapışıb iki yaxamdan,
Özümü bu tozdan çıxara bildim.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
