Hörmətli Güləmail xanım Murad!
Sizin şeirlərinizi ilk dəfə "Qobustan" jurnalında oxumuşam. Vətənpərvərlik mövzusunda olan bu şeirlər yazılanda torpaqlarımız hələ işğaldan azad edilməmişdi, zamanın dumanlı-çiskinli vaxtları idi. Bu gün artıq torpaqlarımız düşmən tapdağından azad edilib, amma siz yenə də Qarabağ müharibəsi, şəhidlər, qazilər haqqında şeirlərinizi yazırsınız. Yəni siz öz mövzusu olan şairsiniz və bunu yazıçı, şair üçün önəmli sayıram. Siz şəhid analarının dilindən yazdığınız şeirlərdə xalqımızın böyük kədəri, eyin zamanda qüruru, dəyanəti, əyilməzliyinin bədii ifadəsini verirsiniz. Bəzən tədbirlərdə, müxtəlif yazılarda sizə Güləmail Ana - deyə müraciət olunduğunu görürəm və haqlıdırlar. Çünki siz öz şeirlərinizdə bütün Azərbaycan analarının sözçüsü kimi çıxış edirsiniz. Sizin şeir və poemalarınızın daha bir diqqətçəkən tərəfi ümumtürk dünyasına bağlılığınızdır. Biz gənc olanda ən adi bir türk sözünü işlətmək belə, qəti yasaq idi. Hamının başı üstündə pantürkist damğası təhlükəsi var idi. İndi bu qorxulu yasaqlar, qadağalar aradan qaldırılıb və türk xalqlarının vahid mədəni birliyinə qayıdış prosesi başlayıb.
Xoşdur ki, siz də ümumturk ruhunda olan əsərlərinizlə, Türkiyədə və digər türk respublikalarında düzənlənən ədəbi-mədəni tədbirlərdəki iştirakınızla bu prosesin fəal iştirakçılarından birisiniz. Redaktorluğunu unudulmaz Fikrət Qocanın elədiyi yapon haykularından ibarət kitabınız isə sizin dünya poeziyasına olan marağınızı göstərir.
Siz artıq neçə ildir ki, Azərbaycan Yazıçılar Birliyində işləyirsiniz və öz təvazökarlığınız, nəzakətinizlə ziyalı bir Azərbaycan xanımı kimi kollektivin dərin hörmətini qazanmısınız.
Siz mənim yaddaşıma həm də bir cəhətdən daxil olmusunuz ki, haqqımda yazılan ilk və hələ ki son poemanın müəllifisiniz. Sağ olun!
Hörmətli Güləmail xanım! Bu günlərdə dünyaya gəlişinizin 75 ili tamam olur. Azərbaycan, Gürcüstan, Türkiyə və digər türk respublikalarında qazandığın bir çox ödüllər, haqqınızda yazılan təqdiredici yazılar, işlədiyiniz kollektiv üzvləri arasındakı hörmətiniz, ən başlıcası, oxucuların sevgisi bu 75 illik ömrün mənasız keçmədiyindən xəbər verir. Sizi yubileyiniz münasibətilə təbrik edir, arzu edirəm ki, sağlıqlı və yaradıcılıq uğurları ilə zəngin illər bundan sonra da nəsibiniz olsun!
Dərin hörmətlə;
ANAR
Azərbaycan Yazıçılar Birliyinin sədri,
Xalq yazıçısı
***
Şair, publisist Güləmail Muradı artıq uzun illərdir ki, tanıyıram. Azərbaycan Yazıçılar Birliyində birgə çalışırıq. O, çox fəal, zəhmətkeş və vətənpərvər yazar, çox sayda kitab müəllifidir. Onun, xüsusən, vətənpərvərlik mövzusuna, Qarabağ müharibəsinə həsr olunmuş, şəhidlərimizə ithaf etdiyi kitablarının təqdimatları dəfələrlə Azərbaycan Yazıçılar Birliyində, eləcə də digər mötəbər məkanlarda və müxtəlif bölgələrdə keçirilib.
Güləmail Murad bir şair və publisist kimi, hər zaman ədəbi hadisələrə adekvat reaksiyası ilə seçilib. Bu ictimai, ədəbi proseslərə münasibəti onun yaradıcılığında, kitablarında özünü göstərir. "Qarabağ harayı", "Vətən sağ olsun!", "Dağlarda şəhid səsi", "Günəş qürub edəndə" və sair kimi kitabları ədəbi ictimaiyyətin diqqətini çəkib, geniş oxucu marağına səbəb olub.
Onun yaradıcı fəaliyyəti diqqətdən kənarda qalmır. O, Azərbaycan Yazıçılar Birliyi tərəfindən Beynəlxalq "Rəsul Rza" mükafatına, Prezident təqaüdünə, eləcə də bir sıra fəxri diplom və mükafatlara layiq görülüb.
Güləmail xanım çox səmimi və sadə bir insandır. Onu 75 illik yubileyi münasibəti ilə təbrik edir, möhkəm cansağlığı və yaradıcılıq uğurları arzu edirəm!
Rəşad MƏcid
Mətbuat Şurasının sədri,
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini
Güləmail Murad
Zəfərin mübarək!
Azərbaycan Respublikasının
qalib Prezidenti, müzəffər Ali Baş
Komandan İlham Əliyev cənablarına...
Gün kimi doğuldun nurlu səhərdən,
Almısan dərsini ulu öndərdən!
Düşməsin qılıncın görüm kəsərdən,
Sənsən qürurumuz, sənsən şanımız,
Müzəffər Ali Baş Komandanımız!
Dünyanı mat qoyub kamalın sənin,
Pozulmaz inşallah, cəlalın sənin!
Olmasın heç zaman məlalın sənin,
Sənlə qoşa olsun Mehribanımız,
Müzəffər Ali Baş Komandanımız!
Zəfər müjdəsi tək çağladın, əsdin,
Düşmənin yolunu hər yandan kəsdin!
Sülhdən başqa yoxdu heç zaman qəsdin,
Bədəndə ruhumuz, təndə canımız,
Müzəffər Ali Baş Komandanımız!
Yurd oldu amalın, haqq oldu andın,
Özünü Vətənə bir oğul sandın!
Haqqın keşiyində ər tək dayandın!
Sənsiz keçmədi heç bircə anımız,
Müzəffər Ali Baş Komandanımız!
Bir zəfər müjdəsi gətirdin hər gün,
Sərkərdə borcunu bitirdin hər gün!
Xalqı qələbəyə yetirdin hər gün,
Qalmadı yerlərdə şəhid qanımız,
Müzəffər Ali Baş Komandanımız!
Ey əsgər libaslı, ey boyu çinar,
Nə gözəl yaraşır sənə bu vüqar!
Səni hifz eləsin qoy Pərvərdigar,
Gül-çiçəklər açsın dörd bir yanımız,
Müzəffər Ali Baş Komandanımız!
Sən Allahdan gələn buyruğa döndün,
Düşmənin başında yumruğa döndün!
Yenilməz sərkərdə, başbuğa döndün!
Ey yenilməz Milli Qəhrəmanımız,
Müzəffər Ali Baş Komandanımız!
Vətən səmalarda qartal tək süzür,
Baxışı yağının bağrını üzür!
Zəfəri zəfərin üstünə düzür,
Çünki sənsən sahibi-zamanımız,
Müzəffər Ali Baş Komandanımız!
Bu himni oxumağa türkü Şuşaya çağır
Mənim soyum, kökümdür qədim Turan elləri,
Burdan Tanrının səsi, türkün nəfəsi yağır.
Azərbaycan-Türkiyə - bir millət, iki dövlət!
Bu himni oxumağa türkü Şuşaya çağır!
Şığısın şahin kimi asimana səsimiz,
Yayılsın dörd bir tərəf, dörd bir yana səsimiz!
Gətirsin tarixləri yenə cana səsimiz,
Bu himni oxumağa türkü Şuşaya çağır!
Yağılar baş qaldırıb deyə bilərmi qan-qan,
Türk elləri birləşib olsalar yenə bir can?
Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan!
Bu himni oxumağa türkü Şuşaya çağır!
Qoy bu himn hər misra,
hər bir bənddə oxunsun,
Türk yaşayan hər şəhər,
hər bir kənddə oxunsun!
Ankara, Bakı, Daşkənd -
hər başkənddə oxunsun,
Bu himni oxumağa türkü Şuşaya çağır!
Bu, zamanın hökmüdür, bunu zaman eşitsin!
Eşitsin bütün ellər, bütün cahan eşitsin!
"Mən türkəm!" söyləyən hər bir insan eşitsin,
Bu himni oxumağa türkü Şuşaya çağır!
Turan bayrağı
Könül Turan sevgisiylə doludur,
Bu yol Türkün yolu, haqqın yoludur.
Səni tutan ərənlərin qoludur,
Ey birlik bayrağı, Turan bayrağı!
Ürəyimdən necə həzin səs gəlir,
Turan eli köksümdədir, dincəlir!
Qalxacaqsan, zaman gəlir, gün gəlir,
Ey birlik bayrağı, Turan bayrağı!
Altaylardan Xəzərədək çalxalan,
Anadolu ellərinə arxalan!
Ağrıdağın zirvəsində dalğalan,
Ey birlik bayrağı, Turan bayrağı!
Azərbaycan ordusu
Sən xalqımın aldığı nəfəsdən yaranmısan,
Azadlığa sevgidən, həvəsdən yaranmısan,
Oddan-alovdan keçən bir səsdən yaranmısan!
Dilimizin nidası, sözümüzün vurğusu,
Azərbaycan ordusu, Azərbaycan ordusu!
Bir əsr bundan öncə qoyulsa da təməlin,
Tarixlərin ən dərin qatına çatır əlin.
Azərbaycan eşqiylə bağlıdır həm əməlin,
Biləklərin qüdrəti, ürəklərin duyğusu,
Azərbaycan ordusu, Azərbaycan ordusu!
Cavanşir tarixlərə adını qanla yazıb,
Babək bayraq qaldırıb, zülmə üsyanla yazıb,
Koroğlu nərə çəkib, qılınc-qalxanla yazıb!
Vətənimin qeyrəti, torpağımın namusu,
Azərbaycan ordusu, Azərbaycan ordusu!
Keçdi neçə yüzillər, sən yenidən yarandın!
Torpağımın ruhuna sanki bədən yarandın!
Nə yaxşı sən doğuldun, nə yaxşı sən yarandın!
Cavanların təpəri, körpələrin yuxusu,
Azərbaycan ordusu, Azərbaycan ordusu!
Əliağa Şıxlinski sənə yaran, ol, dedi,
General Mehmandarov marş, irəli, sol, dedi,
Ana Vətən dil açdı, sənə yaxşı yol, dedi!
Hər atanın övladı, hər ananın yavrusu,
Azərbaycan ordusu, Azərbaycan ordusu!
Sular axdı, bulandı, coşan ümmana döndü,
Nuhun zamanı kimi sanki tufana döndü!
Heydər baba yenidən Azərbaycana döndü,
Gəl dedi, gözlərində qalmadı bu arzusu,
Azərbaycan ordusu, Azərbaycan ordusu!
Yurdun hər qarışını sən qorudun qanınla,
Torpaqlara can verdin nəfəsinlə, canınla.
İftixar mənbəyimsən öz adınla, sanınla!
Sarsıda bilməz səni heç bir düşmən qurğusu,
Azərbaycan ordusu, Azərbaycan ordusu!
Ali Baş Komandanım durur sənin başında,
Xalqın ümid yerisən Qarabağ savaşında!
Təbrik edirik səni, qocaman yüz yaşında!
Nə qədər yazsam, yenə qaldı sözün çoxusu,
Azərbaycan ordusu, Azərbaycan ordusu!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
