Səs
Sükut dolu qəlbimin
İçindəki nə səsdir?
Bəlkə duyğum, ilhamım,
Bəlkə qəlbimə qəsddir?
Bəlkə elə ölümdür -
Gəldi, boynum büküldü?
Göz yaşıma çevrilib
Ürəyimə töküldü?
Bu səs tanışdır yaman,
İçimdə izlər məni,
Tanrım, bu səs nə səsdir?
Özümdən gizlər məni?!
Ay adam, baxma dalımca
Ay adam, baxma dalımca,
İtirdiyin məndə ki yox.
Tanrını duyan, anlayan
Mənəm, özgə bəndə ki yox.
Çağırdım bu qərib quşu,
Düşdüm sözün xatasına.
Tanrım qıyıb bir daş ata -
Qurban olam ədasına.
Dərdimiz
Dərd çəkərmi dərdə gülən?
Bir içim sudu dərdimiz.
Arsız olma, dərdə güvən,
Bəlkə yuxudu dərdimiz.
Söz mülküdü könül mülkü.
Gəl, könlündən keçəni yaz.
Dərdə düşsün dərd verəni -
Dərd olmasa, çəkən olmaz.
Bulud gələ, çən qarışa,
Ağlaya bir az dərdimiz.
Ay dünyanın bəxtəvəri,
Bəsdir bizə öz dərdimiz.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
