Şeirlər - Kənan HACI

 

Burovestnik

 

Fortunanın,

o tale ilahəsinin

hamıya əli çatır,

gah səadət bəxş edir insana,

gah atır qoynuna fırtınanın,

budur təsəllisi fəlsəfənin.

Fırtına -

Tale kitabının əlifbasıdır,

həyatın ibtidasıdır,

bətnində fırtına böyüdən

sükutun övladıyam mən,

başıma sığal çəkib

Bakı küləyi,

yeriməyi öyrədib qumsal təpələr,

laylamı çalıb gümüşü ləpələr,

mən öz taleyimin Burovestnikiyəm.

 

 

Əhatə dairəsindən kənarda

 

Naməlum adamlar meşəsində

bir ədəbi zəvvar

pomadalı dodaqlardan çıxan

siqaret tüstüsünü əliylə qovub

yol açır özünə,

sırğalı oğlanlar dəyir gözünə,

bu cinsi transformasiya

salır zəvvarı qorxuya,

Apokalipsis qoxusu gəlir bu meşədən,

baş açmır bu işdən

zavallı zəvvar...

daraşır canına qorxular,

yox, o, somnambul deyil,

debil deyil,

zəvvardı, zəvvar!

Nədənsə evakuator onu

səhv ünvana aparır,

telefonundakı naviqator

məkanı qarışıq salır...

bura dezinformasiya bataqlığıdır,

smartfonların əhatəsində

xoşbəxt yaşayan naməlum adamlar

nə qədər süni, nə qədər bayağıdır...

O modern zəvvaradır sözüm:

Söndür telefonunu,

xilas ol şüalanmadan,

qaç buralardan - dayanmadan,

vaxtı vermə boşa,

qalan ömrünü

əhatə dairəsindən kənarda yaşa.

 

 

***

Uşaqdım,

ağlım kəsmirdi,

bir gün dilimdən

bir söz çıxdı:

mən yazıçı olacağam.

Odu-budu,

ürəyim dilimin

bəlasına düşdü...

 

 

Smartfon erasından əvvəl

 

Smartfonlar dünyasında

çanaq antennaları

qürub çağını yaşayır,

DVD-lər istifadəsiz qalıb

evlərin bir küncündə,

üstünü töz basıb,

planşetlər televizorları

küncə qoyub,

bütün suallarına cavabı

süni intellekt verir indi.

Neyləyirsən kitabı?

Ye yağlı kababı,

üstündən iç "Sirab"ı,

sonra Chat GPT-dan soruş ki,

"mən necə arıqlayım?"

Özünüzə yaxşı bir dietoloq soraqlayın.

Biz smartfon erasından

əvvəlki dövrün uşaqlarıyıq,

repetitorsuz böyüdük,

kamal attestatı alıb kamala yetdik,

çörək növbələrində keçdi uşaqlığımız,

gəncliyimizi barıt qoxulu

səngərlərə verdik.

"Lamborghini" ilə şütümədik

Bakının küçələrində,

illər oldu ki,

atamın nimdaş paltosu ilə

çıxdım qışdan,

göynədi ayaqlarım

ayaqqabım su buraxanda,

kasıblıq əl çəkmirdi yaxamdan,

dibçək gülü kimi

heç boy atmadı ümidlərim,

bir köhnə "Jiquli" yadigar qaldı atamdan,

bir gün altını vurdum Həyat prospektində,

Tale şossesində...

Onda kameralar daxil olmamışdı

həyatımıza, həyətimizə,

şütüyürdü "avtoş"lar

radarsız küçələrin azadlığında.

Mənim Universitetim qatarlar oldu,

mən qatarlarda oxudum dünya ədəbiyyatını,

vaqonlarda dolaşan qocanın

peraşkisində duydum həyatın dadını,

bir də köşklərdən aldığım qəzetləri

qoltuğuma vurub ölçdüm hərarətimi,

evdə saatımız yox idi,

mən Günəş saatı düzəltmişdim,

Günəşlə ölçürdüm zamanın boyunu,

vaxtı düz hesablamamışdım,

ol səbəbdən nə atam, nə anam gördü toyumu...

nə e-mail ünvanım vardı,

nə yaşayış ünvanım,

nə noutbukum,

nə sosial şəbəkə hesabım...

Vardı 96 vərəqlik dəftərim,

qələmim, bir də

kənd kitabxanasından götürdüyüm kitabım,

yaşamaq üçün daha nə lazım?!

Biz filmlərə kinoteatrlarda baxan

sonuncu nəsilik,

"İnternetsiz dünya" kitabının

sonuncu fəsliyik...

 

 

Sükutun əlifbası

 

Sükutum

Tərk-silah etdi rəqibi,

Ney kimi gözdən aldım nəfəs,

Anladım ki, nəfsin ilanı

Zəhərini yeridəndə cana,

Zəhər işləyəndə qana,

Sükut imiş dərmanı,

Arzu-istək pətəyinin

Sükutla doludur şanı.

Ey Xaqaniyə

xaqan ola bilməyən sükut,

Mənim xəzinədarım ol,

Zənginə çevir

Fəqir bir insanı.

 

 

***

Qəlbən uşaq,

bədəncə gənc,

ruhən ixtiyar

və zehncə ölüyük artıq

diri üzlər kölgəsində...

Bütün simvollar qarışmış bir-birinə,

amma qovuşmaq üçün

öncə dirilmək lazım,

bu haqda yenidən

düşünmək lazım...

köhnə nə varsa, yıpranmış,

daşlar yerindən oynamış,

dünyanın təməli sarsılmış...

zərurətdən yorğuncasına

böyüyürük bu həngamədə,

hər şey göz qapaqlarımızın

yumulmasına bəndmiş,

hər şey uyuyunca unudulsa,

unudulsa...

 

 

Qoca Ravinin sualları

 

Ey

Orfey!

Bəşər övladı,

Məcnunun əcdadı,

niyə susub nəğmələrin?

Yoxsa qovuşmusan Evridikaya?

Əhsən bu "evrika"ya!

Ey Məcnun!

Təkcə sən uğramadın

dekonstruksiyaya -

çün ruhun yenilməzdi,

"saliki rahi həqiqət"

eşqə biət etmiş əlbət...

Siz ey əfsanədən çıxıb gələnlər -

Orfey və Qeys -

Eşqin qəhrəmanları,

açın bu əsrarı

Miflər diyarından

Loqos məmləkətinə

necə keçdiniz?!

 

 

Unudulmuş mahnıya remeyk

 

Üfüqlərdə görünən

yorğun gəminin

yükü buludlardı,

sahillərdə gəzişən

yorğun adamın

yükü umudlardı...

Sən umudlara sığın,

buludlar gəldi-gedərdi...

 

 

Quyu dibində unudulmuş Məlikməmməd

 

Taleyinin üfüqündə

yorğun bir umud işarır,

sənsə abajurun kövrək işığında

umuddan təsbeh düzəldirsən,

aynaya baxınca

gözünün boşluğuna düşürsən,

güzgüdə ipini kəsən umuddu,

Tale yenə Məlikməmmədi

Quyu dibində unutdu...

 

 

***

Şaxtaların soyuğunu

daşıyan külək hələ

çox uzaqlardadır,

hələ

səssizliyin fleytasında

Ay işığının həzin musiqisi səslənir,

odamda isə

qürurlu tənhalığın

bayrağı yellənir...

 

 

Səbrin qönçəsi

 

Oldu Leyla eşqinə könlüm vətən,

Açdı səbrin qönçəsi, güldü çəmən.

 

Gördülər avarəyəm, sərgərdanam,

Tutdular bu aşiqi Məcnuna tən.

 

Eşqinin dərsində oldum biqərar,

İmtahanından kəsildim, bəs nədən?

 

Gərçi oldu məskənim səhra mənim,

İtdi cismim, can seçilməz kölgədən.

 

Rəhmi gəldi aşiqə öz yarının,

Sürgün oldum Yusifi-Kənana mən.

 

 

Rəngidir

 

Üzdə xəfif qızartı utanmağın rəngidir,

Saçda tək-tük ağartı usanmağın rəngidir.

 

Gözdə qəmin, məlalın ayrılıqla savaşdır,

Vüsal görən xəyalın inanmağın rəngidir.

 

Dodağın qənd misalı, səhər şirin çay olar,

Axşam sevgi masalı can almağın rəngidir.

 

Sevda yeli bir əsim, əsib keçər içimdən,

Gül qoxulu nəfəsin oyanmağın rəngidir.

 

Misirdə sultan ola Yusifi-Kənan yenə,

Yarə itaət qıla, qul olmağın rəngidir.

 

 

Retrospektiv qəzəl

 

Dəniz həmin dənizdir, məndən əsər qalmayıb,

Şəhər həmin şəhərdir, kənddən əsər qalmayıb.

 

Şıltaq dalğalar yenə dil çıxarır Günəşə,

Deyib-gülür sevənlər, dərddən əsər qalmayıb.

 

Sahildə bir qoca var, gün isitmir canını,

Külək vurub söndürüb, şəmdən əsər qalmayıb.

 

Gəncliyini axtarır, hər gözəlin gözündə,

Amma odlu-alovlu qəlbdən əsər qalmayıb.

 

Laübalı baxışlar parçalayır ruhunu,

Ehtirasdan, sevgidən, kefdən əsər qalmayıb.

 

Hər dildə dastan olan Yusifi-Kənan idi,

Züleyxadan, Yusifdən, eşqdən əsər qalmayıb.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!