Adamların zəhər sözün
Oyaq başla çəkmək olmur,
Tanrım, mənə yuxu ver...
Alışmışam,
Xoş nə varsa, ver özgəyə,
Göz yaşardan dumanından
Gətir, çəkim ahı,
ver...
Buludlanmış fikirləri,
Xoşbəxtliyin abidəsin
O adamın dodağında
Sözdən sözə yıxıb, ver...
Bir orqan bağışı kimi,
yaddaşımı,
Ver alzeymer xəstəsinə,
Anam səhvən doğub,
ver...
Şans istəsəm, yolun azar,
qəza edər.
Atılası nə dərdin var,
Ver,
nə varsa yığıb, ver...
Tanrım,
gücün çatsa məni,
Təkrar zalım biri kimi
Bu dünyaya doğub ver...
***
Öpdüyüm barmaqları gözümün üstə qoydum,
Bir dözülməz həsrəti dözümün üstə qoydum.
Eşqi ən şah beytimin, sözümün üstə qoydum...
Yalqızlıq gəmirdikcə gözümdə dərd uladı,
Əlimin tərsi ilə yanağımı buladım,
Doğmalar "dəli", deyib bir-bir başın salladı...
Qəm oxunu atdıqca kirpiklərim qanadı,
İçimdəki saflığım döyüldükcə anladım
Səadət axtarırmış bu qürursuz inadım...
Əzildikcə hey əzdi yükü ağır qayğılar,
Axı mənim nəyimə yaraşır saf duyğular?!
Ömür ölümmüş demə, yaşamaqmış yuxular...
Mən yatmaq istəyirəm,
Torpaq sinəmin üstə
Bir ovuc yağış olub
Bu toxumluq insanı
Uyutmaq istəyirəm...
***
Göz yaşlarımı
sapanda qoydum,
Atdım bu şəhərin yanaqlarından.
Suları qasırğada
dördnala çapan,
Xəzər oldum...
Arzuların
yosun saçlarını hördüm,
Sildim
göylərin rəsmini
dalğaların başı üstdən,
pozar oldum...
Keçmişin
sönmüş yaddaşında susdum,
Ayaq açdı
Uşaqlıq xatirələrim
başdaşında,
Özümü
Atamın
Şəkildən baxan gözündə
Gəzər oldum...
Dəliliyin
bəyaz donunda
dolaşdım ismətimlə,
Allaha
bir pərdə uzaq, bir pərdə yaxın.
Hər şeyi düşündüm,
"Heç nə" olmadım,
Bircə
Bu ölkədə bəxtsiz şair,
"Yazar" oldum...
İspaniya şeirləri silsiləsindən...
1
Bir ispan
kafesindən
baxıram Allaha,
Ruhuma qürbət damır.
Şərab qoxulu küçələrdə,
Kilsə zəngləri
toxtamır...
Duyğular - boş çərçivə,
Təkliyi qoyub içinə,
asıram boşluqdan.
Ümidsə yarıyuxulu,
Təklikdən, sərxoşluqdan...
Necə də kədərlidir
həsrətin tərcüməsi...
Burda heykəl çılpaqlığı
mədəniyyət,
Yaşamaq özü bir sənət.
Hər kəs sənətkar,
Qaç... qurtar...
Flamenko rəqsində
addımlayır
burda ömür,
İspanca danışıram, ispanca darıxıram,
senyor,
ispanca...
Bəs o?.. Heç kimsə bilmir...
Ruhumdakı qabarmalar
Çəkilmir...
2
Okean suları altda
Çamura bulaşmış arzuları
axtaran
balıqçıdır əllərim,
Kirpiklərimi tilov atdım,
Toruma düşən göz yaşına...
Senyorita,
Qayğısız ömründən bir gün ver mənə,
Çırpım keçmişimin
Boz yaddaşına...
Başdan-başa
körpüyə dönüb
Göy üzü,
Qanad taxdım qollarıma...
Düşməsin deyə,
qəlbimi
dimdiyimdə
gəzdirirəm qürbəti...
Senyorita,
Çünki, o ürək
mənə uzaqların əmanəti...
Gec-tez burdan ayrılacaq nəfəsim,
Burda qəribəm.
Çırmala ətəyini
suların,
yol ver,
Biskay körfəzi...
3
Siqaret dumanında
rəqs edən qəhqəhə səsi -
Yaşamağın
savabı,
Yanağı qızarmış qədəhlərdə
səndələyir
ispan şərabı.
Çəkilib bir küncə
Gəzirəm məni tapanı,
Yuxumu qaçıran xəyallara
bir fincan, limonlu
çay süzərək
İzləyirəm
Avropanı...
Ağlımda
Vətənim, həyatım
Və yağış gölməçələri.
Bir də yanımdan ötən
maaşım,
Payızın
palçıqlı ayaqlarıyla
savaşı...
Sonuncu zəngini çalır
Kilsə,
Yuxulu gözlərinin duası qaçıb...
Ovuclarımdan çırpılır zənglərə
Bakının
küləkli havası
uçub...
Bir neçə saat sonra
Həftənin ilk
günüdür,
Dincələcək badələr.
Qəhvə ətri yayılacaq
kafelərdən,
İşə tələsəcək
xoşbəxt ifadələr...
Mənsə,
Hər İki ölkədə,
saat fərqində
beləcə
mürgüləyəcəm ömrə...
Bəzən əqlim çaşacaq,
Oğlumu qorusun deyə,
Başqa dildə
dua edib
Yalvaracam Allaha
Sonra...
Sonra...
***
Hər gün bir tel qopur
ruhumun
sevgi simlərindən...
Yavaş-yavaş
Xaric səslənirik
Oxuduğumuz eşq nəğməsində.
Do notu
barmaqlarım arasında susqun,
Re-ni üzgün görürəm.
Bir həsrət çaları var
Mi səsində...
Fa notu yolun ortasında
peşman və üzgün,
Sol səsi
Sol açarından küskün,
Lya - oktavada
ayrılığa gedən yolun sonu,
Si - bu sevgidəki ən yanıqlı
nöqtə.
Peşmanlıq
Və yanlış həyatımdakı
son beyt,
Məqtə...
Budur,
bizim musiqimiz səslənir,
Bir günahsız sevgi
ömrün son akkordlarında
bəstələnir,
Gözlərimdəki kədərdə
Dəfn olur...
Maestro,
Götür bu şeiri,
İfa et, əlvida əvəzi
Mavi gözlü göy adama,
bulud əlçimlərində...
***
Sübhün gözlərini dua öpürdü,
Təsbehlər adını zikr edirdi,
Minarələrdən
Tanrı nəfəsi axırdı...
Bir məsciddə Azan səsi
İsanı
doğurdu,
Çarmıxlar çiçək açmışdı.
Bütün dinlər
minbərə çıxmışdı
kəlmeyi-şəhadət
gətirirək.
Şeytan daşlayan adamlartək
Mən də
Günahlarımı daşlayırdım
Səni sevərək...
Kirpiklərim yenicə
səcdədən qalxmışdı ki,
İlahi bir eşqlə
Sevginə ibadətə oturdum
o gündən
İllərin necə ötdüyündən xəbərsiz,
Daha
Allahsız kimiyəm
Mən sənsiz!!!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
