Şeirlər - Alməmməd ELDAROĞLU

Həmən o evdi

 

Palçıq divarları boydan balaca,

Mənim doğulduğum həmən o evdi.

Yaşlı görkəmində, qocadan qoca,       

Üstü yaşıl donlu çəmən o evdi.            

 

Həmən evdi, tikəcəyi taxtadan,

Palçıq üstdə qurulmuşdu dördbucaq.

Qapımızı qoruyurdu şaxtadan -

Çar-çapıta sarılmışdı bir qucaq.

 

Gözlərimdən yenə keçir o çağlar,

Gəlir xatirimə xəyal qurmağım.

Buluda əl atıb ulduz tutmağa,

Uşaq xəyalımdı Aya çıxmağım.

 

Kiçik təpələrdən ləzzət alardım

Göydə uçurduqca çərpələngləri.

Di gəl ki, kərdidə hey yıxılardım

Tutmaq istəyəndə kəpənəkləri.

 

Həyətdə torpağa, zığa batdığım

O yerlər könlümdə bir cığır salıb.

Həmən tikəcəkdə ata-anamın

Rəsmini cızdığım izləri qalıb.

 

Görürəm nənəmin təknə, tabağı

Toz basıb, amma ki, taxcasındadı.

Üstündə paslı nal sınıq dirəyin 

Başlığı üstündə, baxçasındadı.

 

Babamın çarığı saralıb, solub,

Köşəbənd ipindən, küncdən sallanır.

Nəfit lampaların işıq saçdığı 

Torlu pəncərələr bizə boylanır.

 

Unutmaq olarmı kərmə, təzəyi?!

Mal-heyvan ətridi kəndin havası.    

Çatlaq  divarların bəri-bəzəyi

Qaranquş yuvası, sərçə yuvası.

 

Qəlbim tab eləmir belə fəryada,

O yanan ocağın külü sovrulub.

"Kişilər ağlamaz",- deyən dünyada

Ürəyim susmaqdan yaman yorulub.          

 

Keçmişə qayıdıb qalaqlanıram,

Nəfəsim daralır sinəmin altda.

Ölməkdən qorxmuram, unudularam,       

Bəlkə bir şeirlə qaldım dünyada.    

 

 

Mənim də səsimin sədası gəlsin

 

Köklə sarı simi, köklə, a tarzən,   

Gəlsin ürəyimin qadası, gəlsin.

Ruhum ayrılmamış öz bədənindən

Mənim də səsimin sədası gəlsin.

 

Oxuyub sızladım xumar gözləri,

Bəmdə laylay deyim, çəkim şikəstə.

"Şahnaz"ın üstündə, "Şur"un üstündə 

Girim yar qoynuna, girim ahəstə.

 

Ələnsin gözümdən qoy Arpa çayı,

Vayxır yaxalasın kədər-qəmimi.

Qatarla mən keçim Arazın üstdən,

Aparsın, Xəzərdə batırsın məni.

 

Şimşəklər çaxaraq göy dağlayacaq

Mən qərib dünyadan nəs köçən günü.   

Yağış laylay deyib gur ağlayacaq  

Cismimi torpağa köçürən günü. 

 

Həmd edin, qəbrimə düşməsin yağış,

Yağsın, ellər dönsün gülüstanlığa.

Sinəmi qoruyun, ora yağmasın,

Sirlərim dərd açar qəbristanlığa.

 

 

Evdə böyük idi ən doğmalarım

 

Evdə böyük idi ən doğmalarım,

Atadan babamdı, anadan nənəm.

Əmim də, bibim də bizdən biriydi,    

Biznəndi ömr edən, ruhən və mənən.  

 

Əzəldən beləydi ailənin himi,

Şərikdik sevincə, birdi acımız.     

Əmimin, bibimin dediyi kimi -

Atam "Qağa"mızdı, anam "Bacı"mız.

     

Keçmişi yaşadır ad qoyulanlar,

Bununla olublar şərik dərdimə.  

Təsəlli tapıram belə baxanda,

Ancaq doğmalarım girir qəlbimə.

 

Desəm, yarımadım mən o sarıdan,       

Bəlkə ayıb olar oğuldan, qızdan.

Yoxsa, yıxılanda, düşəndə nəvəm   

Adımla olardım yara sızladan.

 

Könül yad sözündən bulanarmı heç?!

Adamı doğması qoy yandırmasın.

Bu fani dünyanın günahından keç,

Gedəndə əməlin utandırmasın.

 

 

Yaşadım

 

Bu dünyanı gəzə-gəzə,

Ağrısına dözə-dözə.

Ürəyimi  üzə-üzə  

                        Yaşadım.

 

Hərdən alqışlanan oldum,

Oldu, qarğışlanan oldum.

Bəzən bağışlanan oldum -

                        Yaşadım.

 

Qürbət saldı çətin dərdə,

Çevrildim başqa bir fərdə.

Möhtac olmadan namərdə 

                        Yaşadım.

 

Varlığımla, yoxluğumla,

Aclığımla, toxluğumla,

Ümidlərdə çoxluğumla

                        Yaşadım.

 

Çiyinlər öyrənib yükə,

Ağrısı ömrə təhlükə.

Bu gün öldüm, sabah bəlkə 

                        Yaşadım.                           

 

 

Nəvəmlə söhbət

 

- Köçərilər payız uçur, yaz qayıdır,

Quşlar köç edəndə qayıdır, baba?

İnsanlar köçəndə niyə qayıtmır?

- Torpaq aldığını qaytarmır, bala.

 

Məni xəyal tutub apardı göyə,

Nə cavab qaytarım, dedim uşağa.

Bu sual önündə çarəsiz idim,

Susub gözlərimi tikdim uzağa.

 

Cavab verməliydim axı nəvəmə,

Körpə gah yerə,  gah göyə baxırdı.

Mənimsə nə atam, nə anam vardı,

Mənim də ulduzum sönüb axırdı.

 

- Uçanlar qayıdır, köçənlər əsla,

Biri ötəridi, biri əbədi.

Quşlar mələk kimi göyə uçurlar,

İnsanlar torpağa köçür əbədi.

 

Sualın içindən birtəhər çıxıb,

Bu sözü nəvəmə dedim, kövrəldim.

İnsanın həyatı yaşla bağlıdır,

Bir gün mən də köçüb gedəcəm, dedim.

 

 

Bilirdim

 

Mən səni ən yaxın, ən doğma adam,

Mən səni gözümün ağı bilirdim.

Mən səni dünyaya sığa bilməyən 

Könlümün çiçəkli bağı bilirdim.

 

Mən səni yuxumda belə sevirdim,

Gözümü açırdım sevirdim yenə.

Deyirdin, tufanlar, sel gəlsə belə,

Sən üz çevirməzsən heç zaman mənə.

 

İllərdi daşıdım öz nəfəsimdə,

Oldum dərdlərinin loğman həkimi. 

Hər sözün mənimçün bir qanun idi,

Sən idin dünyamın sevda hakimi.

 

Mən səni ən yaxın, ən doğma adam,

Mən səni gözümün ağı bilirdim.

Mən səni dünyaya sığa bilməyən 

Könlümün çiçəkli bağı bilirdim.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!