Şeirlər - İslam SADIQ

Parçanı öpürlər

 

Torpağı sevirik yurda dönəndə,

Yurda "can" deyirik Vətən olanda.

Vətən ölmür onun ağır günündə

Hər bənddə, bərədə bitən olanda.

 

Həmişə xoş olur yerində dinmək,

Hər deyilən söz də vaxtına düşmür.

Parçalıqdan çıxıb bayrağa dönmək

Axı hər parçanın baxtına düşmür.

 

Oğul baş ucaldır eldə, obada,

Atanın gözünə çıraq olanda.

Öpülməz hər parça axı dünyada,

Parçanı öpürlər bayraq olanda.

 

 

Dünyada

 

Onsuz da pis çıxıb əzəldən adı,

Gündə neçə kərə dəyişir dadı.

Yaşayırıq basıb bağrına yadı,

Doğmasından yaxşı duyan dünyada.

 

Səhər günəş kimi çıxan kəsilir,

Hər şeyə dördgözlə baxan kəsilir.

Nə qada azalır, nə qan kəsilir

Qanımızı içib doyan dünyada.

 

Bir canlı göstərin insandan fağır,

Ürəyi qəm dolu, bağrı da yağır.

De görüm, Nəsimi olmaqdan ağır

Nə var Nəsimini soyan dünyada?!

 

Dahini tapşırır bir ağlı kəmə,

Qoşur pörnək kimi sevinci qəmə.

Heç zaman gözüm var, görürəm, demə

Xeyirin gözünü oyan dünyada.

           

Dinəndə dilindən Haqq yağan neyəm,

Haqqı çağırıram mən ona deyəm.

İslam Sadıq olmaq asandı bəyəm

Məni mənə həsrət qoyan dünyada?!

 

 

Duymadı

 

Olan yerdən yox demədim umana,

Heç zaman da əl atmadım samana.

Yamanlardan qaçıb düşdüm dumana,

Duman məni duymadı ki, duymadı.

 

Tanrı deyib haqsızlarla qapışdım,

Çox əlləşdim, çox vuruşdum, çarpışdım.

Bir imanın ətəyindən yapışdım,

İman məni duymadı ki, duymadı.

 

Bişib bağrım, olub daha köz, dedim,

Hələ bunlar harasıdı, döz, dedim.

Bir kamana ürək açdım, söz dedim,

Kaman məni duymadı ki, duymadı.

Kimə dedim, nə söylədim harda mən,

Özüm oldum, sözüm oldum orda mən.

Bir gümana bel bağladım darda mən,

Güman məni duymadı ki, duymadı.

 

O daş qoydu, mən ora baş qoydum da,

Hər nazına, hər sözünə uydum da.

Mən zamanı anladım da, duydum da,

Zaman məni duymadı ki, duymadı.

 

 

Doğulmaz

 

Hanı özü boyda nur olan kəslər,

Harda itdi-batdı işıqlı səslər?!

Dünya çalxanmasa, tanınmaz pislər,

Nəhrə çalxanmasa, onda yağ olmaz.

 

Bir durul, sözüylə durulmayıb ha,

Bir nur ol, sözüylə nur olmayıb ha.

Bir qurul, sözüylə qurulmayıb ha,

Bir dağıl sözüylə dünya dağılmaz.

 

Quran elə qurub işi əzəldən,

Heç zaman əyri iş çıxmaz düz əldən.

Koroğlu törəməz Keçəl Həmzədən,

Koroğludan Keçəl Həmzə doğulmaz.

 

 

Bir addım

 

Ürəyində arzu, qəlbində muraz,

Bir yandan Kür axır, bir yandan Araz.

Hərdən uzaqlaşır doğmadan bir az,

Hərdən yaxınlaşır yada bir addım.

 

Fələk sayalını salır sayadan,

Yaşayıb yarısın doymur dünyadan.

Bəlkə də beş addım uzağam sudan,

Bəlkə də yaxınam oda bir addım.

 

Ay yadın, yağının yolunu kəsən,

Ona qol qoyaram indi, nə desən.

Durmuşuq üz-üzə - bu mənəm, o sən,

Bizim aramızda bu da bir addım.

 

 

Yerindədi

 

Duymaz qorxu, hürkü, bir qadağa söz,

Quştək uçub qonmaz hər budağa söz.

Vurular ömründə bir dodağa söz,

Dodaq yerindədi, söz yerindədi.

 

Hələ oxunmamış bağlı kitabam,

Muzeyə qoyulub qılıncım, yabam.

Neçə min il öncə qalayıb babam,

Ocaq yerindədi, köz yerindədi.

 

Qoyma alışım az, yanım az, İslam,

Dərdi az görməyib, canım az, İslam.

Aşağı, yuxarı tanımaz İslam,

Harda olur-olsun, öz yerindədi.

 

 

İki qurd

 

5-6 yaşım olanda gecə yarı

yaylaqda camış axtararkən

bir dərədə iki qurdla üz-üzə gəldim.

 

Hərdən düşünürəm mən fikrə dalıb,

Üzürəm xəyalın gen qucağında.

Çox şeylər ilişib,

Çox şeylər qalıb

Mənim yaddaşımın künc-bucağında.

 

Dərədə qarşıma iki qurd çıxdı,

Başımın tükləri ayağa durdu.

Elə bil başımı məngənə sıxdı,

Gözlərim görməmiş bu iki qurdu.

 

Nə onlar tərpəndi,

Nə mən tərpəndim,

Onlar mənə baxdı, mən də onlara.

Ancaq duydular ki, bir az ürpəndim,

Ağzını açmadı bu ağzı qara.

 

Üstümə gəlmədi, dayanıb baxdı,

Hər nəydi, bilmirəm, burda hikmət var.

Gördülər qaxaca dönən uşaqdı,

Deyirlər, uşağa dəymir canavar.

 

Onlar ac deyildi, toxuydu, bəlkə,

Bizim Bozdarıydı uzaqda hürən.

Mənim gördüklərim yuxuydu, bəlkə,

Canavarlar yuxu görürmü görən?!

 

Görün Bozdar harda,

Görün mən harda,

Duyur ki, dardayam, darda, bəlkə də.

Üz-üzə qalmışam qurdla mən burda,

Ona agah olub orda, bəlkə də.

 

Gecənin yarısı olmazdı hələ,

Yoxuydu bir inni-cinni dörd yanda.

Qorxu-zad bilməzdim o zaman elə,

Dəhşətə gəlirəm indi duyanda!

 

 

Hərdən

 

Gah qaranlıq üstdə qurulur adam,

Gah da işıq olur, nur olur adam.

Bulana-bulana durulur adam,

Durula-durula bulanır hərdən.

 

Açdığı cığırı yol andıran da,

Özü sağda durub, sol andıran da,

Dünyanı başına dolandıran da

Dünyanın başına dolanır hərdən.

 

Sualı mən verdim, mənimdi bu səs,

Onun cavabını kim verəcək bəs?!

Özgə ocağına odun qoyan kəs

Özü öz oduna qalanır hərdən.

 

Dördədi Tanrının daşı olan da,

Ona altdan baxır başı olan da.

Bağban xam olanda, naşı olanda,

Alma da söyüdə calanır hərdən.

 

İslam Sadıq, dərd-qəm başdan aşır lap,

Gözüm qaralır lap, ağlım çaşır lap.

Adam duyğu-duyğu dolub-daşır lap,

Adam duyğu-duyğu talanır hərdən.

 

 

Şübhə

 

Şübhələr qəlbimi sökə-sökə mən

Gerçəyin yolunda yollar ağartdım.

Bütün gerçəkləri tikə-tikə mən

Şübhənin içindən çəkib çıxartdım.

 

Yaşayır içimdə bir dəli şübhə,

Məni göydən qabaq elə yer çəkdi.

Şübhədi, hər şeyin əvvəli şübhə,

Ancaq hər şübhənin sonu gerçəkdi.

 

Haqqın qalasını sözlə qarışıq

Şübhə kərpiciylə özüm hördüm mən.

Qatı qaranlığın içində işıq,

Şübhələr içində gerçək gördüm mən.

 

Şübhələr sonsuz da, qısır da deyil,

Şübhədi anası hər həqiqətin.

Şübhələr üzünə açır elə bil

Bağlı qapıları bəşəriyyətin.

 

Adam ağaca da şübhəylə baxır

Başından bir meyvə dərənə kimi.

Adam neçə-neçə şübhədən çıxır

Bircə həqiqəti görənə kimi.

 

 

Dırmaşıram

 

Ömrüm yarpaq tökür ağaclar kimi,

Yarpağım azalır,

Xəzəlim artır.

Limana üz tutub mən adlı gəmi,

Bir əl də yaxamdan yapışıb dartır.

 

Bir zaman dar yolu geniş bilərdim,

İzlərim torpaqda naxış kimiydi.

Bir zaman yoxuşu eniş bilərdim,

İndi eniş mənə yoxuş kimidi.

 

Həyatın qanunu niyə belədir?

Gəlirindən çoxdu onun çıxarı.

Ömür çaytək üzü aşağı gedir,

Özüm dırmaşıram üzü yuxarı.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!