Şeirlər - Həmid HERİSÇİ

Ölməyibsən ki?

 

Hərdən iynə

batır dizinə,

get lap dərinə,

Su səp üzünə,

təsir etməyəndə

De özünə

Ölməyibsən ki?

 

Divardakı kölgən

heç səninkidir ki?

 

İnanma Bakı metropolitenində

ingiliscə elanlar oxuyan səsə

inanma səsə, əgər o daxili deyilsə...

Videokadra, əgər çiyindən çəkilməyibsə,

insanınkı deyilsə...

Küləyə də inanma

əgər qapına, pəncərənə

meyilli deyilsə...

Əgər sirr deyilsə,

Ölməmisən ki?..

İsaya da inanma,

insan deyilsə...

əgər ancaq peyğəmbərdirsə.

Əgər sən bunu deməyibsənsə...

De özünə

Ölməmişəm ki?

Güzgüdəki

Heç sənsənmi?

Sənə nə dəxli

Şəxsiyyət vəsiqəsindəki...

Qəfil bir dabanın üstə qanrılıb

Geriyə dönsən,

Qədim ruhları hürkütməsən,

görsən

ardınca gələn bütün mələkləri, rəhmətlikləri,

Üzərindəki rəhbərliliyi...

Bir tabloya sığışdırsan

bu dağınıq mənzərəni

Demək, şəxsiyyət vəsiqəsindəki foton,

Bu aldadıcı fantom

hüceyrələrindəki ilkin atom

Elə sənindi...

Demək, ölməmisən ki...

Düyməsini bas, qoy səsini artırsın

Səsgücləndirici

Arxada burax bütün bu cındırtresti...

Süni zəkaya dodaq büz,

de ki

- Day bəsdi!

Ölməmişəm ki...

 

 

İz gedir Azərbaycan Tarix Muzeyinə

 

İstəyirsənsə biləsən kim?

Nə?

Hansı laməkan qüvvə...

Gir əvvəlcə

öz köhnə şalvarının cibinə,

get dərinə...

nəsə dəyəcək əlinə...

Ordadı

bütün lal sualların cavabı!

siqaretin, ümidin son qullabı...

Gənc Verterin iztirabı!

Aşıq bilincə bu sirri,

Götürəcək mizrabı...

pulunu istəyəcək, saathesabı!

Bir az da getsən aşağı,

ordan

çıxacaq uşaqlığının ilk silahı...

Su tapançası!

O sənlə danışacaq

Şifahı!

Deyəcək necə, hansı gecə,

bu tapançadan atəş açdın əvvəlcə,

bir sovet zabitinə...

curətlənincə,

girişdin küçə itinə,

lap axırda atəş açdın bir dünya gözəlinə...

Bir az da getsən dərinə...

İz aparacaq səni,

Öz-özünə

Azərbaycan Tarixi Muzeyinə,

qalın şüşəli bir vitrinə...

Azığ mağarasından tapılmış çənə,

bu ilk tarixi nümunə,

Məxsusdu elə adamyeyənə!!!

 

Davam edir

qədim ənənə.

inan, bu gizli cinayət

Zəncirinə!

Həlak olanların əziz xatirəsinə...

Məhmədciyə...

Mərsiyə,

1991-ci il Qarakənddə, 2024-də Aktauda,

2025-də Tiflis səmalarındakı qəzanı törədən

eyni qara qüvvədi,

Eyni görünməz qüvə.

Eyni güllə...

Hələ

Çox canlar yeyəcək

Bu muzeydəki qanlı çənə...

 

 

Ay maaaaaa

 

Əgər dünən yediyin pitsa,

Bu gün də səni qusdurursa,

Hıçqırdırsa.

Əgər yaşadığın həyat

Bundan da ucuzdursa...

Əgər son ümidlərin də əriyibsə,

Mədə turşusunda.

Əgər gözlərin, gözəllərin qanun pozuntusunda

Ucdantutma

Artıq sevgi yoxdursa.

Əgər televizorunuzun ekranı tam solubsa...

Əgər televizorun solunda

Xəstə rəhmətlik anan oturubsa...

Ustaya veriləcək pul,

Televizorun sağında

Yoxdursa...

Anan da güclə başını döndərib sağa

Deyir: "Bala... yoxdu usta...

Özün qalx bizim dama.

Əlac qıl paslı, köhnə antenama...

Sən də, vallah, bir atılıma,

Qalxırsan dama.

Ordan qışqırırsan:

- Ay maaaaaaa...

Bir bax, sevdiyin teleserial,

Telesiqnal

Qayıtdımı ekrana?

Bir də təkrarlayırsan

- Ay maaaaaaa...

Sanki həyatını da

Uzatmaq istəyirsən o qadının,

Son səsləri bu qədər uzadanda...

Ay maaaaa...

Qayıtmır həyat daha o solmuş ekrana.

Ay maaaaaa...

 

 

Onlayn

 

Getmirəm, getmirəm hamı kimi

Şuşaya.

Üzv olmuram Audivizual Şuraya,

Danışıram

mikrofona yox...

danışıram axar suya...

Qoşulub uzaq üfüqlərdəki qərib durnaya

Uzaq yad dünyaya,

Dəvət alıb

Gündoğanın xınayaxdısına

Girirəm

Tam onlayna.

 

 

Oflayn

 

Arzularını

son dayanacağına qədər,

Bir gözəlin duyacağı qədər,

Kinoteatrın son oturacağına qədər

pusa-pusa,

min Əhmədliyə gedən son avtobusa...

O avtobus xatırlatsa da dəmir mafəni,

Axıracan izləmə

o acı mənzərəni.

Sərnişinlər hər an

çoxaltsa da sənlə aralarındakı məsafəni

Bu, davam edəcək

ancaq ilk döngəyə kimi.

Sürücü pəncəsini basınca əyləcə,

Sərnişinlərin biri,

aldığı əkszərbəylə,

qəfil qucaqlaşacaq sənlə.

Dönəcək bir anlıq sevgilinə.

Sev,

həyatın bu hibrid

meyvəsini,

Sərt sevgisini.

Yandır nəm çəkmiş kibritini.

Söndür həyatın

bu oflayn rejimini.

 

 

Bu nə qoşa zərdi?

 

Bu nə qoşa zərdi?

Bu nə qəzavü-qədərdi?

Bu nə zülmdü?

Mətbəxə su gəlmir iki gündü...

Xəstə anamın, Əlisəmidin

qarnına, ciyərlərinə isə

su gəlib?

 

"Azərsu" boru xətlərinimi dəyişib?

Kim? Hansı zalım? Çoxbilmiş alim,

papağı ulduzlu münəccim

Bu ziddiyyətləri, fərqləri

Birləşdirib?

Əlaqələndirib?

Hansı iplə bərk-bərk düyünləyib?

Belə görürəm, çox möhkəmdir

Bu ip.

Ay şoğərib! Şouqərib!

Deşifrələsən, qısa bir söz yaranacaq:

İcbari Tibbi Sığorta Agentliyi - "TƏBİB!"

 

Bu nə qoşa zərdi?

Bu nə dərddi?

Niyə telefonlarının hamısı

            "səssiz" rejimindədi?

Niyə "Azadlıq", "Ədəbiyyat qəzet"lərinin

Redaksiyaları bir vaxt

"Azərbaycan" nəşriyyatında

Eyni ayaqyolunu bölüşərdi?

Redaktorlarının gözləri məcburi görüşərdi?

Orda birləşərdi

Həyatın bütün fərqləri.

Axırda qulağımı isidərdi

Son cümləndəki "i" səsi:

"Ədəbiyyatda və siyasətdə

            ortaq maraqlar hakimdi".

 

Bu nə qoşa zərdi?

Bu gecələr niyə göylərdə

ulduzlara qənaət edərdi?

Ancaq yerdə hamısını

cəmləyərdi,

Xərcləyərdi

bir çirkab gölməçəsində.

Bir gözəlin gözlərində.

Hərdən hətta sənin sifətində.

 

Sən də qoşulardın gecənin

Bu bədxərcliyinə.

Əlini salıb kasıb, sallaq cibinə.

Təəssüflənərək

Xalqın az sıfırlı məvacibinə!

Bilirəm, ağzın zəhərdi.

Niyə ilk sevgilisini xatırlayanlar

Qəfil yerə tüpürərdi?

 

Bu nə şəhərdi?

Bu nə xeyirdi? Bu nə şərdi?

Əlisəmid Kür bunu deyərdi.

Siqaretini tüstülədərdi.

Siqareti tükənərdi.

Son siqaretini

o, həmişə səndən, məndən istərdi.

Bilirdi,

bütün qoşa zərlərin, siqaretlərin

fərqini.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!