Şeirlər - Məmməd TAHİR

 

Sənsizlik

 

Qaynar lava kimi,

Bəzən də bürkülü hava kimi.

Adamın ürəyini yandırır,

Uzaqdan səslənən nəva kimi.

Sənsizlik

Yerə dağılmış üzüm gilələrini yığmaq kimi,

Bəzi anlar ayaq altında qalıb əzilir.

Baxanda adamın üzgün halı

Kənardan sezilir.

Tut yarpağını yeyən qurd kimi,

Adamın içini yeyir sənsizlik.

Ağıl uçur,

Baş dönür.

Adamın qəddini əyir sənsizlik.

Yaralı quş kimi

Çırpınmaqdır sənsizlik.

Soyuq külək olub,

Çılpaq ağac budaqlarına

Çırpılmaqdır sənsizlik.

Qışda buz üstündə

Yalını ayaqla yeriməyə bənzəyir.

Ocaq üstə qoyulmuş qazanın içində

Yağ kimi əriməyə bənzəyir.

Kirpiyimin altında

İynənin ucu boyda

Donub qalmış buz.

Sənsizlik

Yarama səpilmiş duz.

 

 

Payızı, yağışı, bir də yolları

 

Bulud arxasından gün isidirdi,

Payızı, yağışı, bir də yolları.

Torpaq pıçıldayır, yer eşidirdi,

Payızı, yağışı, bir də yolları.

 

Ölüm ayağında,

Sənə göndərmişdim mən bu qolları.

Qılınc tutmasa da, qələmdən tutan

Bu əllər sevirdi

Payızı, yağışı, bir də yolları.

 

Hər gün bir səhifə, hər gün bir varaq,

İçində isidir soyuq suları.

Varaqlar içində bir sarı yarpaq

Yadıma salır

Payızı, yağışı, bir də yolları.

 

Əyilir üfüqə gün aram-aram,

Olur göy üzünün belə halları.

Bir gün dönüb yenə xatırlayaram

Payızı, yağışı, bir də yolları.

 

Hərənin göylərdə bir qisməti var,

Ayrılır, qovuşur yerdə yolları.

Soyuq nəfəsiylə qış salamlayır,

Payız, yağışı, bir də yolları.

Onun könlü...

 

 

Milli Məclisin üzvü

Fazil Mustafanın 60 yaşına

 

Bir söhbətə unutduğun yerdən başla,

O yerdən ki, orada bir ürək vurur.

Çox ürəyi ovutduğu yerdən başla.

Çox pislərin ayağına ilgək vurur.

Öz ömrünü ləpədöyən yerdə qurub,

Yağış döyür, gün isidir, külək vurur.

 

Sular, sellər döyür onun qapısını,

Hər tərəfdən görünən bir dağ kimidi.

O dünənim, o bu günüm, o sabahım,

Yeni zaman, yeni dövran, çağ kimidi.

Duyğuları münbit yerə düşən toxum,

Onun könlü yeni baxça, bağ kimidi.

 

Dost dediyi adamların çoxusunun

Gözlərindən patron daraq, güllə çıxdı.

Neçə-neçə əməl dostu yol ayırdı,

Neçəsi də arxasından güllə sıxdı.

Hər döyüşdə yaralandı, qan itirdi,

Hər döyüşdən qucağında güllə çıxdı.

 

Bir cəbhənin adamıdı dünən, bu gün

Sözdü onun əlindəki silahı da.

Acdı onun duyğuları sevgilərə

Ancaq sözdən yoğrulubdu tamahı da.

O bir Allah bəndəsidi yer üzündə,

İbadətdi axşamı da, sabahı da.

 

Ağ alnına yazılan bir yazı bildi,

Qarşıladı hər cövrünü, hər cəfanı.

Toy-bayramdı səndən gələn hər nə varsa,

Verdiyinin nə yağlısı, nə yavanı.

Biz də sevdik, doğma bildik, əziz bildik

Ana Vətən, sənin Fazil Mustafanı.

 

 

Bizim aramızda küləklər əsir

 

Qınama payızın yağışlarını.

Bizim aramızda əsən küləklər

Soyudur o isti baxışlarını.

Kirpiyin titrəyir yarpaq yerinə,

Yanağın səyriyir otlaq yerinə,

Əllərin üşüyür budaq yerinə.

Elə ki, buludu tutur göyləri,

Elə ki, yağışı yağır payızın.

Bizim aramızda küləklər əsir,

Başlayır günləri ağır payızın.

Qınama küçədən keçənləri də,

Qınama dünyadan köçənləri də,

Qınama dənizdə yelkənləri də.

Qoyma bir kimsəni günah yerinə

Bu da bu dünyanın işidir elə.

Bizim aramızda əsən küləklər

Bəlkə onları da üşüdür elə.

Elə ki, ağacda saralır yarpaq,

Dəyişir, dəyişir halı payızın.

Elə ki, buludun gözləri dolur,

Tökülür dəymişi, kalı payızın.

Yerisəm yol tutur ayaqlarımdan,

Dayansam, ürəyim zamana əsir.

Görəsən, mən indi hayana gedim,

Durub hara getsəm, soyuqlar əsir.

Bu payız,

Bu payız əhdimi kəsir.

Nə bilim, hələ ki

Bizim aramızda küləklər əsir.

 

 

Mən səni niyə unutdum

 

Bir vaxt arxa idim, dayaqdım sənə,

Ən çətin anında sənə umuddum.

Bəlkə neçə kərə gözlərindəki

O qara suları sildim, qurutdum.

İndi qara-qara düşünür ürək,

Mən səni,

Mən səni niyə unutdum?

Dedim uzaq durum aran-dağ kimi,

Kənara çəkildim, getdim gözündən.

Bəlkə də mən səndən ayrılmadım heç,

Ayrıldım mən elə özüm özümdən.

Günahkar kim idi, nəyin üzündən

Mən səni,

Mən səni niyə unutdum?

 

Baharda yağışlar yağdı izinə,

Qurumuş ləçəklər gəlmədi dilə.

İslandı qaralmış ocaq daşları,

Döndü xatirələr qaralmış külə.

Sən bir nağıl idin, bilmirəm hələ

Mən səni,

Mən səni niyə unutdum?

 

Görən, heç düşürmü yadına sənin,

Ürəyin anırmı mənli günləri?

Sünbülü rüzgarda yellənən ömrün,

Qılçıqlı günləri, dənli günləri.

Hərdən düşünürəm sənli günləri,

Eh, görən, mən səni niyə unutdum?

                      

 

Sakit bir gecə

 

Nə külək var,

Nə meh əsir.

Arabir boz buludlar

Ayın qabağını kəsir.

Sakit bir gecə.

Bir qadın

Sığınıb pəncərənin qaranlığına

Verdiyi acını yeyir həyatın.

Bir gənc

Başını əllərinin arasına alıb

Qaytara bilmədiyi borcu düşünür.

Ümidi tavandan asılan kəndirə qalıb.

Sakit bir gecə

Bir gəlin

Şüşədən boylanan şəhidin

Gözlərinə baxır.

Körpəsinin solğun yanaqları,

Bir də kişi qolları arasında

Ərimək hissi

Ürəyini yaxır.

Sakit bir gecə.

Nə it hürüşü,

Nə ilbiz səsi.

Küçədə,

Evdə,

İşıq dirəklərində bir işıq həvəsi.

Bir də

Bir ana qucağında

Mışıl-mışıl uyuyan körpə nəfəsi.

Sakit bir küçə,

Sakit bir şəhər,

Sakit bir gecə.

 

 

Bu dünyayla aramda

 

Yerlə, göylə aramda

Gözəl bir qadın durur...

Bütün günü ağlımda

Ağlım canımı yorur.

 

Əyilirəm aşağı

Yerin içindən çıxır.

Guya sirr saxlayıram

Sirrin içindən çıxır.

 

Ağlımı alıb gedir,

İncə boyu, buxunu.

Sanki hər gün görürəm,

Hər gün eyni yuxunu.

 

O göz, dodaq, o yanaq,

Bədən ağlımdan çıxmır.

Hər yerdən çıxan qadın,

Nədən ağlımdan çıxmır.

 

Bu dünyayla aramda

Bir qadın adı durur.

O qadınla aramda

Qadın inadı durur.

 

 

Səni üşüdəcək payız yağışları

 

Bir gün səni üşüdəcək payız yağışları,

Parkda, çöldə, ya bir ağac altında.

Bu yerin üstündə,

Bu göyün altında.

Üstünə örtməyə bir yaşıl yarpaq,

Yazmağa bir qələm, bir ağ varaq.

Ayağın altında bir az torpaq,

Üstündə sən olan dünya.

Daha nə istəyirsən,

Bundan artıq kefmi olar?

Yaşa, nə qədər istəyirsən...

 

Bir gün səni üşüdəcək payız yağışları.

Uçmağa heyin yox.

Qırılmış qanadların üşüyəcək.

Kimsə soruşmayacaq,

Nahaq bu dünyanı sevdin.

Nəyinə gərəkdi, bu dünya nəyinə?

Nəyin var, nəyin yox?

Üşüyə-üşüyə dönəcəksən

Quru gül ləçəyinə.

 

Bir gün səni üşüdəcək payız yağışları.

O zaman quru gül ləçəyini

İsidəcək bir qız baxışları.

 

 

Sevəcək biri var

 

Payızda yarpağı saralan adam,

Bir gecə üşüdər yağan qar səni.

Bəlkə isinərsən bu təsəlliyə,

Hardasa sevəcək biri var səni.

 

Durnalar yol tutar yuxularına,

Ayılıb göylərə əl eyləyərsən.

Bir arı pətəyi ev olar sənə,

Hörümçək torunu yol eyləyərsən.

 

Səhərdən axşama gözün yol çəkər,

Ya biri axtarar, ya arar səni.

Pıçıldar budaqda sonuncu yarpaq,

Hardasa sevəcək biri var səni.

 

Asılıb qalarsan bircə fikirdən,

Bir qırıq ip saxlar ümidlərini.

Yaxınlar qaldırar yıxılsan yerdən,

Göyərdər uzaqlar ümidlərini.

 

Bir gün bahar dönər, bir gün yaz gələr,

Çiçəyə döndərər o dağlar səni.

Astaca pıçıldar şehli ləçəklər,

Hardasa sevəcək biri var səni.

Yazda yarpaqları göyərən adam,

Payızda sevəcək biri var səni...

 

 

Bu qış da gəlməyəcəksən

 

Gün keçir. Payızdı. Qışa nə qalır,

Bir azdan tutacaq yolu, izi qar.

Olacaq dağların bət-bənizi qar,

Könlümü indidən qayğılar alır.

 

Bilirəm, bu qış da gəlməyəcəksən,

Cığırı ot tutub, yolları çayır.

Payızın rəngləri ilməni sayır,

Dəymə, söküləcək bir sapı çəksən.

 

Payızın çisgini yuyur yolları,

Sən gedən o gecə hava sərindi.

Elə ogünkütək meh əsir indi,

Üşüdür bir məni, bir də kolları.

 

Göyərməz, bilirəm, yüz kərə əksən,

Sən ki, söz vermədin, gələcəyinə.

Əvvəl inanmırdım öləcəyinə.

İnandım, bu qış da gəlməyəcəksən.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!