Şeirlər - Elman İSKƏNDƏR

 

Dəmirağac

 

Sevimli əmim - professor Əyyub İskəndərova ithaf

 

Özün dəmir kimi - adın "dəmir"di,

ağacların şahı - "adamtək ağac"...

İyirmi milyon il, - yaşın qədimdi...

Yurdun dəyanəti - mübarək ağac! 

 

Diyar-diyar gəzir sözün-söhbətin,

zirvədə bərq vuran zümrüd qaşısan...

Talış dağlarının nadir sərvəti, -

ana təbiətin məhək daşısan...

 

Çiçəyin, yarpağın Günəşi sevər,

çətiri kölgəli, səfalı ağac...

dəstə budaqların əl-ələ verər, -

el dilində adın: "şəfalı ağac"...

 

Polad kimi möhkəm, daş kimi sərtsən, -

nə qasırğa yıxmaz, nə balta batmaz...

Sən elə möcüzə, elə sehrsən, -

nə odda alışmaz, nə suda batmaz...

 

Qorxutmaz nə isti, nə sazaq səni, -

çiçəyin tez açar yarpaqlarından...

Tarix də həkk edib, - ulu adını

yaşadır "qırmızı kitab"larında...

 

Torpağın dayağı, tarix yaddaşı, -

yurdun möcüzəsi, ay dəmirağac!

Tək-tək oğullar var, səninlə qoşa, -

qürurda, elinə tay, dəmirağac!

 

 

Salam, torpaq

 

Salam, torpaq, - mənim ilkim, əzəlim!

Bir kəlmədən cana gələn gözəlim...

O zamandan öz başımda öz əlim, -

əkirəm, əkirəm, - biçə bilmirəm...

 

Demə, səndən uzaq düşmək qəhərmiş,

qucağında zülmət - nurlu səhərmiş...

Şərbət sanıb süzdüyüm bir zəhərmiş, -

udqunub, udqunub, - içə bilmirəm...

 

Doğru nədi, yalan nədi, seçmirəm, -

eşq qədəhi bir udumdu, - içmirəm...

Ovcumdakı qədərimdən keçmirəm -

arıdıb, arıdıb, - seçə bilmirəm...

 

Nə uzağın, nə yaxının səfası,

nə doğmanın, nə hampanın vəfası, -

hər ülfətin başdan aşır cəfası,

duruxub, duruxub, - keçə bilmirəm...

 

Sübh günəşə, şam doğulan aya bax.

Ömür hanı? İllər gəlmir saya, bax...

Salam, torpaq! Qalanıbdı taya, bax, -

yayınıb, yayınıb, - qaça bilmıram...

 

 

Gül

 

Nə gözəl xəlq edib Yaradan səni, -

sevda bağçasında bir qönçə gülsən.

Ətrini duyandan sehrə düşmüşəm, -

bir budaq üstündə yarpaq - mən, gül - sən.

 

Cənnət gülüm, dünyanı heç bilmə sən,

hər qılığa aldanıb, eşq bilmə sən...

Pis oluram, hər gülənə gülmə sən, -

tək mənim ruhuma nur çilə, gül sən.

 

Qoy açsın tumurcuq dil, gülüşündən, -

etmə sən Elmanı gəl gülüşündən...

Ürək də gül açar, gül gülüşündən,

a güllər sultanı, üzünə gülsən...

 

 

Gözəl

 

Ay bulaq başına əlində səhəng, -

sübh çağı hamıdan tez gələn gözəl...

Nağıllardan uçan su sonasıtək -

lal suyun üzündə güzgülən, gözəl...

 

Sular heyran olsun ətrinə sənin.

Budaqlar çevrilsin çətrinə sənin...

Güllər qoy dəysinlər xətrinə sənin, -

ay gülə-çiçəyə naz edən gözəl...

 

Gördüm səni, oldum yaralı axı, -

dilimin sənə var sualı axı:

- Səndən necə qalım aralı axı?

Gözümün içində gəz-dolan, gözəl...

 

 

Təkləndim bir belə adam içində

 

Hər səhər Günəşdən od kəsirəm mən,

hər gecə zülmətə qul, əsirəm mən...

Həmişə harasa tələsirəm mən,

dünya boyda evin yadam içində...

 

Hayanda olsam da, qonaq kimiyəm.

Damı səma olan otaq kimiyəm...

Qasırğa gözləyən ocaq kimiyəm, -

Nuhun gəmisiyəm bu dam içində...

 

Tapdığım cığırın tozunda itdim.

Bir kolun tikanlı şivində bitdim.

Səadət duyğulu bir qəmə batdım, -

yandığım atəşin, şadam içində...

 

Torpaq can dilədi, göylər bilmədi...

Külək haldan düşdü, od dincəlmədi...

Dağ dağa rast gəldi... insan gəlmədi, -

təkləndim bir belə adam içində...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!