İnanmıram gözlərimə -
səni gördüm,
Atam, anam görməyən qələbə.
Otuz illik işğala
Can verməyən qələbə.
Sən kimsəsiz şəhidlərimin
qərib məzarından keçdin.
Viran qalmış evimizin
ot basmış hasarından keçdin.
Sən sevincdən ağlatdın
yurdsuz yurddaşlarımı.
Sevdim, nə qədər sevdim
Sən tökən göz yaşlarını -
Qələbə!
Toxundun qəlbimizin
sarı siminə.
Bütün cahan heyran qaldı
Bu işğalın sən sındıran tilsiminə -
Qələbə!
Barışmadıq bu işğalla,
Yaşamadıq bu minvalla.
Dəmir yumruq silkələdi
dağı, daşı.
Uzun bir tarix yazdı
Əsrin ən qısa savaşı.
Barışmadıq bu işğalla,
Sən qoymadın biz barışaq.
Hər an sənə yetmək üçün
Biz qan tökdük hər qarışa -
Qələbə!
Boylanıram indi azad
torpağıma,
Məğrur-məğrur dalğalanan
bayrağıma.
Gözün aydın, Azərbaycan,
Çevrilmisən düşmənimin
göz dağına!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
