Bəxtəvər göz yaşları - Yusif NƏĞMƏKAR

Tarixi Qarabağ Zəfərinin beşinci ildönümünə

 

El üzü gülürkən Zəfər yolunda,

Bir qız ağlayırdı səfər yolunda...

 

Quraqlıq içində yanan yaya bax!

Gülər ulduzlara, parlaq aya bax!

Bəxtəvər dərəyə, xoşbəxt dağa bax!

Sevinc tüğyanından ağlamağa bax - 

Bir qız ağlayırdı səfər yolunda...

 

...Qürur ədasını alıb boynuna,

Avtobus qalxırdı dağlar qoynuna.

Həsrətlə vüsalın qoşa yolunda

Bir qız ağlayırdı Şuşa yolunda...

 

Göz yaşı isladan hünər yolunda

Hıçqırıq səsinə boylandı Şuşa.

Qayalar sağında, dərə solunda,

Dönüb, xatirəyə boylandı Şuşa.

 

Dağlar dağ çəkmişdi dağ çəkənlərə,

Haqlının sözünə ağ çəkənlərə.

 

Vaxt, zaman ötdükcə dolama zoru

Qəlbin həyəcanı qalxıb-enirdi.

Ağzına su alıb sərnişin xoru,

Salon sükutunda haray dinirdi...

 

O qız adlar görüb sal daşlar üstdə,

Bəlkə qəm oyuqda bürüşəcəkdi.

Elə boylanırdı məhzun, ahəstə,

Sanki Natəvanla görüşəcəkdi.

 

Qayalar donmuşdu kövrək səsində,

Təsəlli verirdik o, kiriyəsi.

Bir ocaq çatmışdı od nəfəsində,

Sanırdıq ahından daş əriyəsi...

 

Qəddini yanakı dönüb, əyirdi,

Əksi bəxtəvərlik sehrlərində.

Qarabağ deyirdi, Vətən deyirdi

Otuz il yandığı şeirlərində...

 

Yenicə güllənir yara bağımız...

Bitirkən işğalın sonu beləcə.

İlk qədəm basdığı Qarabağımız

Köksünə sıxırdı onu beləcə...

 

Elə başlamışdı öyünc işini,

Baxışı çatılmaz göz-qaşlarında.

Sevinci sığmayan can atəşini

Söndürə bilmirdi göz yaşlarında.

 

İlahi, nə idi sirri bu qızın?!.

Borcmu ödəyirdi qəm rüsumutək?!.

Niyə titrəyirdi səsində hüzn

Sadıqcan tarının zil ofsunutək?!

 

Namərdi, nankoru keçirdik dörə,

Çox dözdük xəyanət "şabaşlarına"...

Tanrım, bu təlaşı sən görə-görə,

Biz necə göz yumaq göz yaşlarına?!

İsa bulağının ayna üzünə

Üzünü söykəmək - qəsdi, inadı.

Çırpılmaq eşqiydi Cıdır düzünə

Qəlbini uçuran mələk qanadı.

 

Mir Mövsüm Nəvvabın kamillik çağı,

Şairlik zənninə an-an düzülər.

Sanırdı Qalada sənət ocağı,

"Məclis-Fəramüşan" yolunu gözlər...

 

Nisgil harayına səs əli verən

Ötən intizarın öz əlləriydi.

Odlanan qəlbinə təsəlli verən

Fatma Kəminənin qəzəlləriydi...

 

Gəlmiş xəyalına Ağabəyim ağa,

O, Vətəndən uzaq solan bir güldür.

Tehranda əkilib həmdəm olmağa,

Qürbətdə bitməyən "Xarıbülbül"dür.

 

Dərin bir yuxudan qəfil ayılma -

Belə uçunmazdı quş-quşluğunda.

Yetək vadisində ani bayılma

Bir vüsal ətriydi bihuşluğunda...

 

Təlaş baharından açan qeylü-qal

Sevgi düsturunun törəməsiydi.

Adi bir kövrəklik deyildir bu hal,

Vücudun saf-behişt irəməsiydi.

 

Əlvan xəyalından çaxnaşır aləm,

Baxışı az qala çaşa yolunda.

Otuz il gözündə buludlanan qəm,

Yağmura dönmüşdü Şuşa yolunda...

 

Çin-çin əzizlənən xətrə, hala bax,

Susmayıb, hönkürür o, yana-yana.

Gözünü silməkçün anam Qarabağ

Zəfər "dəsmal"ını yetirir ona!

 

Xəyalı baş vurur yamaca, yala,

Düşünür, səsləyən onu hər yandır...

Daşaltı, Zarıslı, Qaybalı qala,

Xəlfəli, Göytala, Kərkicahandır...

 

Gözünün qarası-ağı deyirdi,

Şəhid oğullara Zəfər yolunda.

Nakam soyadlara ağı deyirdi -

Bir qız ağlayırdı səfər yolunda...

Ay yuvarlanacaq üzü aşağı,

Eniş mənzilinə qatılacaqdır.

Səma ödülütək bəyaz işığı

Gecənin döşünə taxılacaqdır...

 

O mübhəm ağlayış sarmış dağ-daşı,

Fərəh dənizində qəm dalğa uzun...

Zəfər müjdəsindən axan göz yaşı

Sevinc sərgisidir o zərif üzün.

 

Elə oxranırdı o, için-için,

Güclər toplanırdı incə qolunda.

Cəminə bərabər neçə sevincin

Bir qız ağlayırdı Zəfər yolunda.

 

"Tərslikdən" tökmürdü ətəkdən daşı -

Bəbəkdə hər damla nur ləli idi.

Kirsin ətəyinə axan göz yaşı,

Xoşbəxtlik notunun gur seli idi.

 

O, niyə hönkürdü Zəfər yolunda?

Titrək sədasıyla laylandı Şuşa?!

Zirvələr sağında, sükut solunda,

Səsin dönüşünə boylandı Şuşa!..

 

Sanmam bulud çöhrə qəm-qəhəriydi,

Bədirli Ay üzü - göy lisanıtək.

Yurdun Zəfər adlı bir baharıydı,

Gözündən axırdı şur leysanıtək.

 

Dedim, dağa dalıb, dağa dağ vurma,

Ömrü uzun yollar dil qısaltmasın...

Bulud gözlərindən leysan yağdırma,

Sevinc torpağını qəm islatmasın.

 

Ağlayıb göyləri titrədəcəkdi,

Ulduzlar ahına taxılacaqdır.

Ayın işığını büdrədəcəkdi,

Axşamın üstünə yıxılacaqdır.

 

...Qürur ədasını alıb boynuna,

Avtobus qalxırdı dağlar qoynuna.

 

Həsrətlə vüsalın qoşa yolunda

Bir qız ağlayırdı Şuşa yolunda...

 

Öpürdü torpağı, məğrur daşları

Zəfər sevincinin o göz yaşları!

 

Bir qız ağlayırdı Şuşa yolunda!..

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!