Şeirlər - Kənan HACI

Meyvələrin söhbəti

 

Elektrik qatarında oxuduğun kitablar

səni çox uzaqlara apardı, dostum...

Əvvəlcə xərabata yetirdi,

sonra ədəbiyyata gətirdi,

sonra ədəbiyyatda itirdi...

Kaş elektrik qatarında tərəvəz daşıyaydın

Sabunçu vağzalına,

sərmayə qoyaydın bir meyvə dükanına,

adı da olaydı: "Meyvələrin söhbəti".

Gəl, burda - Əbədiyyət qatarında

bağlayaq bu söhbəti,

yolumuz uzundu,

çoox, çoox uzundu,

qoy bizim əvəzimizə kitablar danışsın...

 

 

Hardasan, dost?

 

Ey kimsəsiz bağ evində

məğlubedilməz tənhalığıma

qonaq gəlmiş dost!

yadındadı,

bir almanı iki böldük,

bir ucuz arağa çatmışdı ikimizin pulu,

bir də iki plastik stəkana,

yamanca üşüyürdük

noyabr sazağında,

bir azdan qanımız qaynayacaqdı,

isinəcəkdik

və qəfildən diksinəcəkdik,

iki bölünmüş alma

gözümə dağ kimi görünəcəkdi,

sənin adın Musa idi...

İndi sən hardasan, min ildi görmədiyim dost?..

 

 

Yaşıl mələklər

 

Dəli külək dürtüb məni bir ucuz kafeyə,

Sığınmışam "Mandel dərəsi"nə -

Quido Qezelleyə,

bu qoca pıçıldayır qulağıma:

canım-gözüm, küləkdi bu, küləkdi,

onun çarıxını fırladan fələkdi,

küləyin qolları arasında çırpınan ağacların

hərəsi bir mələkdi,

səbr edin, yaşıl mələklər,

bir azdan təslim olacaq külək...

 

 

Yuxu oğrusu

 

Ey yuxu oğrusu - ilham pərisi,

istəyirəm biləsən,

mən şeir yazmaq yox,

metaforalar içində azmaq yox,

bir azca yatmaq istəyirəm,

yuxumu yox, yorğunluğumu oğurla,

mənə layla de, layla...

 

 

Ovcumdakı xətlər

 

Yenə də sağ çıxdım

özümlə savaşdan,

dünən falçı ovcumdakı xətlərə baxıb

söylədi: çox yaşayacaqsan.

Pulum olmadı sevindirim ovcunu,

dedi: qəmin kəm,

sən yaşa biqəm,

şad-xürrəm...

ovcumdakı xətlərə baxdım,

bir də falçının qara gözlərinə,

inanmaq istədim yalan sözlərinə,

ömrün xəritəsi - savaş meydanı,

kimlə savaşıram, rəqiblər hanı?!

 

 

Palıd mehrabı

 

Çoox, lap çoox yaşamışdı

palıd ağacı,

minilliklərin izi qalmışdı

cadar-cadar olmuş gövdəsində,

gövdəsi min qucaq idi,

kölgəsi min kələ sığınacaq idi,

tənhalığa məğlub olmuşdu

yarpaq-yarpaq,

budaq-budaq...

Bu ağacın budağında uyuyurdu mışıl-mışıl

xatirələr yelləncəyi,

dülgər laqeyd addımlarla

ötüb keçdi uzaqdan,

baltasını çıxarmadı torbadan,

düşündü ki, yararsızdı qoca palıd,

yoxsa bu qədər yaşamazdı.

Qoca palıd

dülgərdən çox yaşadı...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!