"Günlər ömrün gülləridi..." - Şeirlər - Ağacəfər Həsənli

***

Qaranlıq düşərkən

zaman özünü korluğa qoyur,

insan karlığa.

Xəyallarından keçirirsən -

varlığa

nə darlıq? -

Qarşında vaxt sonsuzluğu,

ömür cəngəlliyi.

Hava genişliyi,

səhra ənginliyi,

okean zənginliyi.

 

Gecə üstümüzdə qanad gərərkən,

nəfəs gedib-gələrkən,

insan yuxu bişirmir,

özünü ölülüyə vurur.

 

Ancaq alatoranda

əllərim yuxusunu qarışdırıb,

sənə danışım.

Barmaqlarımın zərif kölgəsi

səhərin bəyaz tülünü cırmaqlayır.

 

SƏTİRDƏN-SƏTRƏ

Dostum Kamal Abdullaya

Külək əsir ürəyimdə,

vücudumu titrədir.

Verilən gün ömrümə -

ianədir, fitrədir...

 

Havam boğuq, suyum lil,

qarışqam da olub fil.

Söyləyirlər milyon il -

vaxt önündə qətrədir.

 

Haqq yolunda farağat dur,

di, gur işığını söndür.

Kim deyir ki, ölüm sondur,

həyat sətirdən-sətrədir.

 

MÜRGÜ

Nə olub?

Göllər - qıyılmış gözlər kimi dolub,

nəsə hiss edir.

Bataqlıqda bitən küknar, şam meşələri

əski türk həqiqətindən bir hissədir.

Hanı altun atlar -

dırnağında qığılcımlar,

ayağında odlar?

Hanı Altay, hanı Tuva?

Türküstan, Kuznetstan.

Biçarə Şor harda qurub yurd-yuva?

Xakasiya Asiyadan qopubmu?

Üstü bitki, altı almaz,

Böyük Çöl.

Üstü itki, altı kömür,

Böyük Çöl.

Əcdadımın dəvə səbri qan qusub,

nəvə səbri haçan aşıb-daşacaq?

Üstü itki, altı yaqut,

Böyük Çöl.

Hanı maral sürüsü,

Qarabaşı, Alabaşı sürüsün!

Vətəgələr boşalsın,

balıq töksün kürüsün!

 

Hara köçüb getdiniz,

Attilalar, Metelər?

Nə vaxt püskürən kölgəniz

yeri-göyü mat elər?

Uzun çəkir Böyük Çölun mürgüsü.

Nə oxunur şaman duası,

nə də azman türküsü.

 

AĞ KÜLƏK

Açılır ağ küləyin

gül ağzı,

sovurur səhra qarını.

Ağ qoçun belindəmi gəlib,

ağappaq, bəmbəyaz külək.

Nəhəng sacın üstündə 

qovurur səhra qarını.

 

Balxaşdan*, Araldan əsir,

Sibirdən, Uraldan əsir,

Hər kurqandan, yaldan əsir,

ağ külək.

 

Cənnət qapısıtək açıb ağzını,

kımıs içib, şubat içib doyunca.

Tyan Şan, Akmila** baş qoşmur ona,

Tanrı dağları əvəzində utanır.

Ağ külək yola-rizə

kisə-kisə qar töküb,

evinin qapısını tanımır.

 

 * Balxaş - Qazaxıstanda göl adıdır.

** Akmila - həmin ölkədə dağ adıdır.

 

BƏDAHƏTƏN

Bədahətən Almatıda

göy guruldadı.

Sinədəftər Akmiladan

bir yağış başladı

gəl görəsən...

Bu dəmdə cəh-cəh vuran

buludların arasına girəsən...

 

Suya tamarzı arxlar doldu,

bağlar doldu.

Küçələrdə sel çıxdı dizə kimi.

Xoşbəxtlikdən şəhərdə küçələr

dərələr kimi üzüaşağıdı.

 

Bədahətən yağmur sarı siminə toxundu,

binalar şeir dedi.

Pəncərələr gülümsündü,

damcı-sözlər uğundu.

Ağacların yarpaq qulağında

şəffaf sırğaya döndü,

misra-misra oxundu...

 

Bədahətən gün çıxdı,

düşdü göyün qurşağı.

Suyu süzülən bulud

qaldı başıaşağı.

 

MİSRALAR, BEYTLƏR, BƏNDLƏR

***

Ha inanmaq istədim,

ölməyimə,

ölmədim.

Gözlə-qaş arasında

ölməyimi görmədim.

Torpaq od qiymətinə,

sağlığımda özümə

bir qəbir də hörmədim.

***

Nə etmək? -

Budaqdan sürüşüb getmək,  

aradan cırmaq.

Yarpaqlar ağacın

başağrısına çevrilib.

Payız - özünü doğrultmamış

hakimiyyət kimi devrilib.

***

Günlər ömrün gülləridi,

solur zamanın əlində.

***

Qocalıq adamın üz ağlığıdı,

hər kəsin özündən uzaqlığıdı.

Kim çatır ömrünün zirvə çağına,

deyirlər, ikinci uşaqlığıdı.

***

Yoxdurmu qaranlığın işığı?

Lampanın piltəsini

çəkmişəm aşağı,

gizlətmişəm gözümü.

***

Yay dartılır,

ox atılır.

Yay dartılır,

uzanır gün.

***

Nökərinki nökərçilik,

ağanınkı ağalıqdı.

Şair, daha işin-peşən

qocalıqda yorğalıqdı.

***

Yağdı ilk qar,

payızın əl-ayağı soyudu.

Qış yağışın ömrünə,

ağappaq nöqtə qoydu.

***

Tərif xəstəsiydi,

zalım oğlu.

Qoltuğuna verdilər,

zalım oldu.

 

Bir şar idi,

üfürdülər içinə.

Yeli çıxdı,

ölü çıxdı.

***

Söz cürət toplayıb aldı ağlımı,

ağ varaq üstündə isti xanam var.

Xoşbəxt barlı günün yolu bağlımı? -

məhsul becərməyə istixanam var.

***

Artıq mən yoxam dünyada,

artıq dünya məndə yoxdu.

Adəm axtaran həqiqət

sünbüldəki dəndə yoxdu.

***

Ay şəbnəmdə çimərkən,

otlar torpağı əmərkən.

Üzüyumşaq ağacların

sarı yarpağı nəmərkən -

uçurtdum çərpələngimi.

 

BİLMİRSƏN

Qayıtdın axır üzümə,

nə verib, ala bilmirsən?

Zalım, ürəyimi üzmə -

bir halda qala bilmirsən?

 

Bulud kimi heçdən dolma,

quru çaya peyvənd olma.

Göynən gedənə bənd olma,

gəlir zavala, bilmirsən?

 

Bu güldür, səninlə adaş,

dərilsə, sirrin elər faş.

Bura Qobustandır - hər daş,

dönür qavala, bilmirsən?

 

Nə cismimə od salmısan,

hardan bəyazlıq almısan?

Günün altında qalmısan,

yenə qarala bilmirsən.

 

GETDİN ŞAM YANDIRMAĞA

And-aman etdim, gəlmədin,

uzaq düşməyimə dözdün.

Axır dost-düşmən bilmədin,

sazaq düşməyinə dözdün.

 

Gözümə dərd çökəndə,

sifət göstərdin mənə.

Mən siqaret çəkəndə,

sən xiffət çəkdin yenə.

 

İnadını yeritdin,

gah asta, gah da yeyin...

Yaman mənə yer etdi -

qabaqdangəlmişliyin.

 

Çər dəymiş nəfs qalıqmış,

korlayıb məhz işləri.

Mənə-sənə qalıbmış

həyatın nəhs işləri?

 

Nə hiyləydi, sən qurdun,

asandı baş yarmağa.

Çırağımı söndürdün,

getdin şam yandırmağa.

***

Ömrün ən yaxın sahili -

sözün lövbər saldığı yer.

Odun-ocağın sahili

közün lövbər saldığı yer.

 

Gözün lövbər saldığı yer

alyanaq və bəyaz buxaq.

Mənə azca təsəlli ver -

dərdin başını buraxaq.

 

Verək yola özümüzü

sən məni tanı, mən səni.

Çay tək axan ömrümüzün

onsuz bəllidir mənsəbi.

 

Yıxaq tamahın evini,

nəfsin nəfəsini kəsək.

Sormayıb daşın kefini,

ağlayıb halına kəsək...

 

Nəhs taledən kam al,

                             dadaq,

bəxti vecinə almayıb -

bir-birimizi aldadaq,

ortada heç nə olmayıb.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!