***
Qar üstünə
Gün düşdü,
Gözüm qıyıldı... -
Səhranın uğultusu,
atların kişnərtisi
bir-birinə qarışdı,
Qar ağlığı,
Gün sarısı
birgə doğuldu...
Sonra küləklər coşdu.
Və sevdalı qıpçağın
hekayəsi başladı...
Gözüm qıyıldı -
Tarixin işığına...
Atlarımız Günçıxardan
Günbatara qoşdu da, qoşdu,
Başımızın üstündə
Yenə Göy vardı,
Ağ buluddu Göyüzündə,
Torpaq vardı ayağımız altında...
Yolumuz Ayyoluydu...
Uğur belə yazıldı alnımıza...
Al-qırmızı qanımız
Qapqara torpaqla tanışdı...
Hər qarı əridən qan
Ruhlara ismarıcdı...
Qar üstünə
Gün düşdü
Gözüm qıyıldı... -
Şükürlər olsun, Tanrım!
Gözü qıyıq oldum,
Gözüqıpıq olmadım,
Kölgəm atbelində
düşdü qar üstünə,
Gözüm kölgəli olmadı...
13.10.2025
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
