Şeirlər - Cavid Fərzəli

 

Minotavr

 

Divar yaddaşını yıxsan rəsmlərin,

ovuc-ovuc üzün dönər xatirələrdən,

Minotavr.

 

Göz yaşı öküz, buynuzu adam,

Bu süfrə gözlərinin otlağında

Səhəri diri açır,

Taleyin qarnını yırtır minotavr.

 

Neon işıqlarında küçələrin ürəyi çəhrayı,

yarasa ümidlər qıpqırmızı görür gecələri...

 

Çaylar xatırlayır;

Ağaclar yerimədiyi üçün deyil,

yubandığı üçün yolundan küsür sənin.

 

Zamanın yuxusunda

suların üzünü ayaqlayır Minotavr güzgülər.

 

Bir faytonda işıq sürətidir arzuların addımları.

 

Bu kağız gecələrdə

bəyaz ayrılıqlar yaşayır.

Yağışlar sevir buludların uşaq boyunu...

 

Ovuclar köhnəlmiş bir otaqda,

şam işığı ürəyində Minotavr bəsləyir.

Saat əqrəbləri kül olur, yaddaşım payız vaxtı.

 

Qollarımın gözü sarımtıl pəncərələri görmür,

gecənin çiyninə ay işığını sərir.

 

Bir ağac boyuna çatmaz minotavrların ömrü,

Günahları adam rəngində diş çıxarır,

Ayaqları zəncirlərin kölgəsində.

Azadlığın qanadları ləpir salır göy üzünə,

Çiyinləri kotan, beyni elektron,

surroqat ana dəmir bətnində Minotavr daşıyır!

 

Bir kaman dərəsində

Otların başını kəsir küləklər,

Salxım-salxım dağları,

Şəkil-şəkil şəhərləri

Dolanır,

Nəfəsini bir ağaca söykəyir Minotavr...

 

 

***

Başıma daş yağır, şeytanın Tanrısı.

Əsəb yağışıyam indi, bilirsənmi?

            Səhranın ürəyi solmayıb ki,

səhranı mərhəmətli sular boğub, öldürüb.

 

Günəş laldır.

Yağış var, göyün ürəyini yandırır,

Yağış var, pəncərələrə böhtan atır,

Yağış var, çiçəklərin ölümünü yaşadır.

 

Küləklər yarpaqların qanını içir.

Çiyinləri ölmüş divarlar kölgəsini sevir.

 

Taleyim qanad açan yollarda,

ayaqlarım intihardır mənə.

Bir yol kənarında dayandım,

üzümdə dərin çaylar saralır...

 

Bu gecənin dilini, dodağını

            qurudur elektrik lampası,

qaranlığı sürüməkdən başını itirir ay işığı.

 

Ayrılığa kor divarların

            üzündən baxmaq istəyirəm.

Bir axşam pəncərəsi olmaq istəyirəm.

 

Hirsimin şəklidir sınıb-tökülən arzular;

bu sınıq rəsmlərim, bu məbud sözlərim

            şeytan gülüylə dil tapa bilmir.

 

Xəyanətkar pərdələrdən baxmaq istəyirəm

yerə dağılmış ayrılıqlara.

Ürəyini sulara atır balıqların xatirəsi.

Kölgəsinə aldanmış günəşi yığmaq istəyirəm

buludların üzündən.

 

Biləndə ki, bir sərt baxışa can yandırmaq

            mərhəmət yox, fahişəlikdir,

Barmaqlarımdan hirs yağır...

Demə, sahiblənmək əllərini həbs etməkdir,

Ovuclarımız hər yerdə bir məhkumdur axı.

 

Kor günlərdən yaşayıb öyrəndim ki,

ağaclar havanın başını kəsdiyi üçün böyüyür,

buludlar dumanı öldürdüyü üçün yaşayır...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!