Şeirlər - Nigar HƏSƏNZADƏ

***

Ey insan! Sən çöldən tapılmamısan...

İnsandan doğuldun, insan adındır.

Adını, ruhunu qoru hər zaman,

Bu adın ən böyük mükafatındır.

 

Atanın, ananın duaları da

Qüvvətə gətirib qol-qanadını.

Bu həyat kədərlə sevinc qarışıq,

Qoru insanlığı, insan adını!

 

Bir gün çalınanda əcəlin zəngi

Gələr göz önünə çəkdiyin zəhmət.

Səni son mənzilə yola salanlar

Ürəkdən oxuyar ruhuna rəhmət.

 

Daş üstdə olumla ölüm tarixi,

Ömür çox qısadır - diqqətlə baxsan.

Yaxşı ki, ölməyən xatirələrdə

Öləndən sonra da yaşayır insan!

 

***

Bax belə... təşəkkür hər şeyə görə,

Sağ ol bu addımı atdığın üçün.

Gecələr mənim də əvəzimə sən

Yatdığın üçün.

 

Təşəkkür - özümə qaytardın məni,

Sən bunu bacardın, var imiş gücün.

Təşəkkür - sən mənə oxumadığın

O nəğmə üçün.

 

Təşəkkür - mən səni sözsüz anladım,

Anlaşdıq bir dərin sükut içində.

Elə bil tutuldu sevgi günəşi

Bulud içində.

 

Yenə də sağ ol ki, yad qapılarda

Məni qəribliyim sıxmadı küncə.

Sağ ol ki, ağlımın üstünə gəldi

Ağıl, düşüncə...

 

Bax, belə, əzizim, uğurlar sənə,

Bu həyat gözəldir, sevəsən ancaq.

Həm də ona görə sağ ol deyirəm -

Bir də əllərimiz tapışmayacaq...

 

***

Pəncərə önündə sarıgöz fənər

Bəlkə də yalqızlıq nişanəsidir.

Zülməti əridən "şəfəqləriylə"

Sanki sabahların ağ müjdəsidir.

 

Qaranlıq içində uyuyur zaman,

Səssizlik içində yatır çöl, bayır.

Uyumaq bilməyən sarıgöz fənər

Yenə öz nurunu ətrafa yayır.

 

Budur, bir binanın sakinlərini

Qoruyur bu beton arakəsmələr.

Fəqət bəs etməyir ulduz işığı,

Zülmət gecələrdə baş verir nələr...

 

Sarıgöz fənərin "baxışlarında"

Qapqara asfalt da sarıya çalır.

Göz gözü görməyən bu qaranlıqda

Fənərin sapsarı kölgəsi qalır.

 

Bu evin ikinci mərtəbəsində

Qaranlıq gecələr tək yatır bir qız.

Heç onu görməyir sarıgöz fənər,

O qız qaranlıqda uyuyur yalqız...

 

***

Sinəmi dəniz kimi

Mavi məxmərlə örtün.

Bu gülən dərdlərimi

Mavi məxmərlə örtün.

 

Yatağım yad mənzildə,

Nə parçayam, nə bütün.

Sənə qonşu yuxumu

Mavi məxmərlə örtün.

 

Dünənki sübh çağını

Niyə unutdum bu gün.

Mənim kağız süfrəmi

Mavi məxmərlə örtün.

 

Nəfəs alan hər kəlməm

Yaşayır - deyil ölgün.

Bu tacsız sözlərimi

Mavi məxmərlə örtün.

 

***

Bağışla ki, qapını mən açmışam döymədən,

Soruşma taleyinə daxil oldum mən nədən.

 

Bağışla ki, yolunda belə yanıb-sönmüşəm,

Səni ögey görəndə mən də yada dönmüşəm.

 

Bağışla - inandığım, sevib, duyduğum üçün,

Səni cəsarətimlə heyran qoyduğum üçün.

 

Bağışla ki, bu həsrət daim məni incidir,

Ürəyimdə sağalmaz yaralar səninkidir.

 

Bağışla - gülüşümə, göz yaşıma görə də,

Sevgidən dumanlanan bu başıma görə də.

 

Bu xəyaldır, həqiqət? Sən bilmədin, əzizim,

Gözünə göl göründü mənim sevgi dənizim.

 

Bağışla, olan oldu, bağışla məni daha,

Sənə bu doğmalığım yazılmasın günaha.

 

Bunu alın yazısı, bunu qismət sayıram,

Açdığım o qapını arxamca bağlayıram.

 

Rus dilindən tərcümə edən: Adil CƏmil

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!