Elə ki, qaranlıq qınından çıxır,
elə ki, səmadan parlaq Ay baxır,
mavi paltarını soyunur dəniz,
Ayın işığında yuyunur dəniz.
Unudub dünyanın dərdi-sərini,
dalğalar kəsirlər nəğmələrini.
Balıqlar dayanır öz üzgüsündə,
ulduzlar sayrışır su güzgüsündə.
Gözə görünməyən əsrarlı bir maq
dənizi yatırdır hipnozçu sayaq.
Birdən göy suların sınır aynası,
dağılır dənizin bir anlıq yası.
Hörümçək torutək titrəyir sükut,
dalğalar üstündə kükrəyir sükut.
Adlayıb uyumuş dilsiz qatları,
sahilə yan alır dalğa atları.
Atların belində bəzəkli dəyə
müsafir gətirir aylı gecəyə.
Qonaq da nə qonaq, bir qızdı qəşəng,
yoluna tökülür göy, fişəng-fişəng.
Gəlir dəniz kimi, gəlir lüt-üryan,
yan, ey Adəm oğlu, paxıllıqdan yan!
Nə əlin əlinə çatası deyil,
nə də sənin ilə yatası deyil.
Onu görmək haqqı mənimdir, ancaq,
onun nəğməsi də mənə çatacaq.
Mən xəyal dünyamı eyləyərkən fəth,
cin kimi şüşədən çıxdı bu afət.
Göy sulardan gəldi pəri qızcığaz,
Ayın işığında qızınsın bir az.
Gümüş Ay işığı, ətirli röya,
doğrudan, gözəldi sevdalı dünya.
Dənizdə balıqtək üzsə də azad,
yoxdu bu şirinlik, yoxdu belə dad.
Canlılar yaranıb məhəbbət üçün,
eşqsiz mənası varmıdır ömrün?!
o da insanlara məxsusdur ancaq,
onasa bir dəniz, dəniz qalacaq.
Soyulmuş qəlbini bürüyüb qara,
nə qədər o baxsın lal balıqlara?
Əvvəllər yenə də işi yaxşıydı,
dalğalar gümüşü Ay baxışıydı.
Barı, harda olsa, rahat üzürdü,
yosundan-yosuna inci düzürdü.
Axırdı köksünə asudə nəfəs,
pərilər heç zaman tünlük istəməz.
İndi hardan gəldi bəs bu adamlar?
deyirlər, dənizdən neft çıxarırlar.
Quru azlıq edir onlara yoxsa?!
lap tutaq, onların əlacı yoxsa,
doyunca alsınlar nə istəyirlər,
niyə bu suları zəhərləyirlər?
Qırılır balıqlar, yox olur tamam,
görən, yaşamağa varmı bir güman?
Bu boyda dənizdə qalıbdı tənha,
yaşamaq nə qədər olubdu baha.
Bu lap möcüzədir, necə qalıb sağ?
onasa rəhm qıl, rəhm, ay Allah.
Qoyma məhv olmağa belə gözəllik,
insafmı dünyada ölə gözəllik?
Gözəllik günəşin gözündə ziya,
gözəllik ölürsə, nəymiş bu dünya...
İşıq şırımları su üstündə lək,
qızılı saçları oynadır külək.
Dəli dalğaların siçrantısı toz,
bir yan qayalardı, bir yan yakamoz.
Su qızı oturub qayanın üstə,
altın saçlarını darayır asta.
Şərqilər oxuyur qəmli və ürkək,
mən burda yalnızam, o da orda tək.
İlahi, necə də sirli səs gəlir,
ölünü dirildən bir nəfəs gəlir.
Bu səsdə muğamın mayası dinir,
tanrısal Orfeyin arfası dinir.
Qayalar oxuyur, dəniz oxuyur,
nəğmələr həzzində dalğalar uyur.
Bu gün duyğuların ən xoş anıdır,
bu sevgi tanrısı - Mehri Banudur.
Yığır ulduzları sevgi tasına,
öygülər söyləyir Qız qalasına...
Günəşin xəncəri üfüqü yardı,
səmanın qübbəsi qandan qızardı.
Qondu göy sulara şəfəq kələğay,
yığıb ulduzları yoxa çıxdı Ay.
Dənizin içinə qayıtdı pəri,
dəniz pəriləri sevmir səhəri.
Hər işıq gözündə neçə nəzər var,
akuladan acgöz olub adamlar.
Gözəllik onların deyil gərəyi,
qan ilə çıxmırmı ovçu çörəyi?
Su qızı baş vurur bir az dərinə,
yosunlar ilişir ağ əllərinə.
Üzür forel kimi o yan, bu yana,
bəlkə tənhalığın aynası sına.
Bu boyda dənizdə bir həmdəmi yox,
pərilər üzəydi burda, gəmi yox.
Çapaydı dörd yana dəniz atları,
şərqilər deyəydi su arvadları.
Balıq gülüşləri fişəng atardı,
dənizin dadını zaman apardı.
Dadsızdı bu yaşam, nursuzdu dilək,
bu boyda dənizdə o, tək qalıb, tək.
Gərək varıydımı belənçi hıza?!
dedi dönəcəyəm öz dünyamıza.
O, neftli suların üzünə çıxdı,
son dəfə sevdiyi qalaya baxdı.
"səni xoş görmüşəm, mənim Qız qalam,
mənim yalqız qalam, baxımsız qalam.
Xəzərə atıldım sənin qoynundan,
bəlkə onun üçün qaçırsan sudan?!
İsmətin üzündə dönüb yaşmağa,
gəlmişəm səninlə vidalaşmağa".
qızmar qışqırıqla pozuldu sükut,
"sudakı qıza bax, tez tut onu, tut".
Geriyə qanrıldı Xəzərin qəmi,
üstünü almışdı nəhəng bir gəmi.
Bir an donuqlaşdı, bir an üşündü,
"bu da mənim sonum", - deyə düşündü.
Doldu qulaqları dualı yasla,
fəqət ölümündən qaçmadı, əsla.
Gəminin altına yan aldı pəri,
onu parçaladı gəminin pəri.
Pərdəki hər tikə bir neyə döndü,
ölən su pərisi nəğməyə döndü.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 
                        
                         
                             
                             
                             
                             
                             
                             
                            