Kürçaylı küçəsi - Oqtay Rza

Şeirlər

Kürçaylı küçəsi

Aldım sorağını payız fəslində -

Gəlib hüzuruna kövrəldim yaman;

Sən qədim Salyanın xəritəsində

Bir uzun ömürlü meridiansan.

 

"Durnalar"… köç edir qaqqıldaşaraq,

Dəstəyə nə olub, öncül hansıdır?

Məktəbdən qayıdan o dalğın uşaq

Bəlkə də sabahın Kürçaylısıdır?

 

Budaqdan özünü asıb heyvalar,

Saralmaq - ayrılıq, qəm rəngidirmi?

Bağrından qan sızan o gülöyşə nar

Vəfalı Ülkərin ürəyidirmi?

 

Demə rübabının susur telləri,

Demə gülşəninə hicran daş atıb, -

Sən onun adaşı olandan bəri

İşığın güclənib, şöhrətin artıb.

 

Bir ucun qovuşur Kür sahilinə,

Kimin nəfəsidir bu həzin külək?

Kürçaylı küçəsi, əzizsən mənə

Kürçaylı şeirinin son misrasıtək!

 

Ülkər

Bu nə zəlzələdir - qopdu qəfildən?

Ülkər, ürəkləri yandırıb-yaxdın!

Atandan ayrılmaq istəməyib sən

Atanla əbədi səfərə çıxdın…

 

Evdən dənizədək - iki min addım,

Otuz dəqiqəlik o vaxt da tarix!

İyirmi üç illik ömür yaşadın,

İşə bax, gün tarix, həyat da tarix!

 

Evdən dənizədək nəyi düşündün?

Süzüldü göz yaşın duru su kimi;

Gör neçə dodaqda nəğməyə döndün

Təşnə ürəklərin arzusu kimi…

 

Körpə yazıları məzəli Ülkər!

Şair Kürçaylının gözəli Ülkər!

Yerdən, səmadanmı inciyib, söylə,

Gedib qucaqladın Xəzəri, Ülkər?!

 

Ömrün - ucalığa bünövrə, zəmin,

Səni öz qoynuna ulduzlar çəkər.

Babalıq qismətim olsa - nəvəmin

Ülkər qoyacağam adını, Ülkər!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!