Atmacalı ustadnamələr - Abuzər TURAN

 

 

Qəvvas deyilsənsə...

 

Bir atmacalı ustadnamə söyləyək, feyziyyab olun.

 

Qəvvas deyilsənsə, girmə dəryaya,

Dalğa şahə qalxar, su boğar səni.

Baharda toxum səp, dərzi vur yaya,

Payızda döyərsən taxılı, dəni.

 

Ustadlar yanında sakit dayansan,

Naşılıq eyləyib, hərzə deməzsən.

Səhərlər yuxudan erkən oyansan,

Deyingən arvaddan tənə yeməzsən.

 

Zəhmətə alışsan, günün ağ olar,

Tənbəlin qisməti yavan çörəkdi.

Niyyətin safdırsa, canın sağ olar,

Bədxahı çürüdən xəbis ürəkdi.

 

Özünü bilənə dünya cənnətdi,

Qanmaza, nadana zillətdi ömür.

Yaşamaq Tanrıdan  lütfü-minnətdi,

Axırda hamını torpağa gömür.

 

Abuzər, baş vurma dərin mətləbə,

Dostlara sadiq ol, ürəkdən, candan.

Ucalsan da hər gün neçə mərtəbə,

Təklənsən, vurarlar səni hər yandan.

 

28.09.2025

 

Aqillər atmacalı ustadnaməni

bir yox, iki deyərlər, biz də deyək,

əhvalınız durulsun.

 

El anası olubdu

 

El doyuran el anası olubdu,

Kül başına kəc zəmanə, tərs dövran.

Həlləhuşlar dörd bir yana dolubdu,

Süd əvəzi göydə gedir turş ayran.

 

Elin gözü tərəzidi, mizandı,

Sərrast görər əyrini də, düzü də.

Günahları mələk kimi yazandı,

Yığılsa da, fitnəkarın yüzü də.

 

Hiylənin min üzü, min yolağı var,

Şeytana dərs verər biclikdən, şərdən.

Dul arvadı qız yerinə sırıyar,

Tələ qurar, mərdi salar yəhərdən.

 

Düzlük bir dənədir əzəl binadan,

Qılınctək doğrayar yalan-palanı.

Qahmar dursa nər kişiyə yad nadan

Süngüsar eyləyər olub-qalanı.

 

Abuzər, de gəlsin sözün məğzini:

Ömür-gündən ləzzət alana əhsən!

Qoçaqdır, kim tutsa həyat nəbzini,

Yaxşılıqda adı qalana əhsən!

 

11.10.2025

 

Müdriklər atmacalı ustadnaməni

iki yox, üç söyləyərlər,

biz də söyləyək, kefiniz kökəlsin.

 

Əppək gəzəndə

 

Yeri-göyü xəlq eyləyən əzəldən

Nizam qurub, saz yaradıb hər şeyi.

Kamil insan ləzzət duyar qəzəldən,

Handan-hana dilə vurar al meyi.

 

Adəm oğlu şəyird durdu şeytana,

Əyri düzə, nahaqq haqqa can dedi.

Qol çırmayıb, oğru girdi meydana,

Bicbalalar gecə-gündüz bal yedi.

 

Namus, qeyrət satlıq mala dönübdür,

Nakişilər zənən satıb varlanır.

Sanki mərdin gur çırağı sönübdür,

Çərxi-fələk daha tərsə fırlanır.

 

Qantarğasız minib haram halalı,

Mahmızlayır, dəhmərləyir durmadan.

Şərlə xeyir əlbir qurub cəlalı,

Toplayırlar sərvət, təpik vurmadan.

 

Qazı, cani xısınlaşıb dil tapır,

Araçıdı para adlı nazəndə.

Ay Abuzər, tülüngülər var qapır,

Kasıb bircə loxma əppək gəzəndə.

 

18.10.2025

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!