Çinar ağacı
Bəlkə yadındadı, demişdim sənə, -
Bir az adi baxaq eşqin oduna.
Yəqin xatırlarsan dediklərimi,
Çinar gölgəsini salsan yadına.
Çox əzab çəkirdim ötkəmliyindən,
Daim yubanmısan görüş yerinə.
Bəlkə də məndən çox vurulmuşdun sən
Çinar ağacının sərinliyinə.
Deyirdim, gəl gedək bulaq başına,
Bir az mehr salaq çeşməyə, suya.
Gizlədək Çinardan çox sirrimizi,
Fərqli baxışlarla baxaq dünyaya.
Sənə söyləmişdim, gülüm, bu Çinar
Heç vaxt aşiqləri razı salmayıb.
Onun kölgəsində xumarlansaq da,
Amma bərəkəti, barı olmayıb.
Başqaydı bizə bu Çinar ağacı, -
Sanki sevdamızın ölkəsi idi.
Bizim eşqimizin pərvazlandığı
Çinar ağacının kölgəsi idi.
Deyirdim, Çinara qəlbini açma,
Ona doğma deyil qəm-kədərimiz.
Bizim sevdiyimiz o bulaq ki, var,
Bəlkə ora olsun görüş yerimiz?!
Bütün arzuları suya danışaq,
Dərdimiz varsa da, qoy su aparsın.
Çinar kölgəsində olan sirləri
Sular damcı-damcı sovub qoparsın.
Nə gün şəfəq saçdı bizə bu yerdə,
Nə də şərik oldu istimizə heç.
Nə külək xumardan ayıltdı bizi,
Nə yağış islatdı üstümüzü heç.
Solurdu sevdanın gözəllikləri,
Budaqlar böyüyüb olurdu haça.
Boyumuz Çinardan nə qədər gödək,
Arzular Çinardan nə qədər uca.
Çinar kölgəsində demişdim sənə:
- Bir az adi baxaq eşqin oduna.
İndi sən xatırla dediklərimi,
Çinar kölgəsini salıb yadına.
Çinar yarpaqları soldu bu payız,
Kölgəsi yox oldu bir acı kimi.
Bizim eşqimiz də bar gətirmədi,
Dediyim o Çinar ağacı kimi.
Sevirəm
Ağlım tab gətirmir qəlbin səsinə,
Yəni sevdalıyam, yəni sevirəm.
Məndən soruşurlar o qız kimdir, kim?
Deyirəm, hər kimdir, onu sevirəm.
Bu, bir müəmmadır, seçim də deyil,
Sanki göylərdədir, içimdə deyil.
Səni ram eləmək gücümdə deyil,
Gücüm çatan qədər səni sevirəm.
Sənə aşiq olmaq vəhydi, pozulmaz,
Bilmirəm bu, düzdü, səhvdi, pozulmaz.
Bizim eşqimizin əhdi pozulmaz,
O eşqə and verən günü sevirəm.
Həmişə günəşə, aya baxmısan,
Bəzən də özünü oda yaxmısan.
Dan yeri açanda üzə çıxmısan,
Məndə ki, hər zaman danı sevirəm.
Qurğuşun ətirli sevgi istərəm
Bütün sevdaları şanslar izləyir,
İndi yoxdur bu şans nə sən, nə məndə.
Susuz səhralarda sevgi axtardım,
Qurğuşun iylədim yaşıl çəməndə.
Eşq rahat otursun, nalça qoymuşam,
Əgər yol gedərsə, xalça qoymuşam.
Acı anlarına alça qoymuşam,
Sonra axtarmışam üfüqdə, çəndə.
Bir eşq göndərərəm, qəlbdə qovursan,
Görsən sənlik deyil, onu qov, vur, sən.
Söz ilə haraya məni qovursan?
Sözü partladaram qəlbim dinəndə.
Eşq zindana düşsə, təpkilər gözəl,
Ağrıdan yaranan cizgilər gözəl,
Qurğuşun ətirli sevgilər gözəl,
Onu yenə bilməz iman da, din də.
Tanrı sığalıdır sənin həyatın
Tanrı sığalıdır sənin həyatın,
İndi Tanrını da yad sanıram mən.
Daha qarğıyacam fani dünyanı,
Üstündə gəzirsən, qısqanıram mən.
Sinəm məhəccərdir bu gələn qışa,
Səndən ötrü əsim, bax, belə əsim.
Tanrı sığalısan, gözəl, sən yaşa,
Haqqın dərgahına qoy mən tələsim.
O tozlu yollarda dayanma, ay qız,
Yoxsa ətəyinə əlvan toz qonar.
Girmə sən bağçaya tək-tənha, yalqız,
Ətrini vəfasız çiçəklər yonar.
Deyəsən, çox sevir bu dəniz səni,
Onunçün dalğalar üstünə cumur.
Xəzər isladanda isti sinəni,
Tanrı həmin anda gözümü yumur.
O qədər baxdım ki, gözümdə əksin,
Ürəyimdə ölsən, gözüm götürər.
Tanrı sığalını çəkən kəsin də,
Hifzini boynuna özü götürər.
Özünü sevdirə bilmirsən mənə
Özünü sevdirə bilmirsən mənə,
Sən özün gedirsən qəmin üstünə.
Guya ki, günahkar mənəm həmişə,
Hər şeyi yıxırsan mənim üstümə.
Guya gözəlliyi duymuram, məncə,
Bu hissi öncədən qəlb etməliydi.
Razı olmasaydım özümdən - dedin,
Gözəlliyin məni cəlb etməliydi.
Sən mənim içimi duymalısan, qız,
Səni uzaq edən içimdir mənim.
Gözəlsən, ölçüyə sığışmalısan,
Şairəm, sonsuzluq ölçümdür mənim.
Eşq də tarazlığı sevir, əzizim,
Çalış, tikanı da gülə döndərək.
İçim okeandır, ümmandır mənim,
Deyirsən, gəl, onu gölə döndərək.
Məndən sevgi payı istəyirsənsə,
Onu xırdalama, etmə heç xırda.
Okeana çaylar, dənizlər sığar,
Göllər bataqlıq da olar axırda.
Həyatda yarıyıb kimlər sevgidən,
O, bəzən şirindir, bəzən acıdır.
Sevilməmək sənə dərddirsə, mənə
Eşqlər həyatımın taxtı-tacıdır.
Gözəlliyi duymaq şairə nədir,
Şair gözəlliyi tora salır, bil.
Şairin içində nurdandır o tor,
Hörümçək toruna düşəntək deyil.
Deyirəm sevilsin, sevsin insanlar,
Hamı sadiq olsun öz aşiqinə.
Gözələ vurular minlər, milyonlar,
Yenə möhtacdırlar şair eşqinə.
Şairlər sevərlər bəni-insanı,
Şairlər göyləri yerlərə qatar.
İnsan yox, şairdən eşq umursansa,
Ondan bir damla pay sənə də çatar.
Tükənməz oyundur sevgi həyatda,
Uduzdun, nəmləmə qəmdən gözünü.
Niyə sevilmirsən, günahkar tapma,
Çalış, sevdirməyi bacar özünü.
Qapı ağzında
Sizin evinizə behişt deyərəm,
Məndən soruşsalar behiştin hanı?
Yolüstü bir dəstə gül alım sənə,
Bəlkə də telinlə dəyişdim onu.
Bu şəhər nə bilir kimik, nəçiyik,
Bir dost kimi sizə gedirik qoşa.
Çatdıqsa, qoy durum qapı ağzında,
Özünsə addımla yuxarı başa.
Yolu da yüz dəfə ölçüb-biçirəm,
Ya yolu genəltdim, ya da ki, yoldum.
Bilirəm, xeyri də olmadı bunun,
Nə irəli düşdüm, nə geri qaldım.
Qapının ağzını xoşlayıram mən,
Evdə tam başqadır yerişin sənin.
Qapını açım ki, çölə rahat çıx,
Qapını örtəndə soyuq dəyməsin.
Açılmaz, örtülsə bəxtin qapısı,
Bəxtin gül açarsa, dili qapıdır.
Sirləri kilidlər qapılar çox vaxt,
Bütün sevdaların həlli qapıdır.
Qapılar hamıya ümid yeridir,
Qapıdan asılıb yellənən də var.
Qapı-qapı gəzib qız axtaran kim,
Qapı-qapı gəzib dilənən də var.
Bütün duyğularım qapı ağzında,
Bəlkə burda çatdım mən kamil yaşa.
Hələlik gözləyim qapı ağzında,
Hələ haqq etmirəm yuxarı başa.
Bu yağış nə qədər yuyacaq bizi
Bu yağış nə qədər yuyacaq bizi?
Nə qədər yusa da, təmizlənmirik.
Bizə salam verən mələklər ilə
Bir yol söhbət edib əzizlənmirik.
Hər yağış yağanda nələr yuyulur, -
Yuyulur qibtələr, kinlər, həsədlər.
Torpağa girməyə tələsmir hələ
Torpağın üstündə olan cəsədlər.
Zaman süzgəcindən süzülmək üçün,
Məni də yağışa döndər, İlahi.
Ya da ki, yağışa qovuşmaq üçün,
Onu geyindirib göndər, İlahi.
İlahi bir eşqin sorağındayam
Çilçıraq yandırdım evin damında,
Axı mən göylərin marağındayam.
Dərdimdən öləsi bir qız olsaydı,
İlahi bir eşqin sorağındayam.
Dərdimi çəkməklə o qız yaşasın,
Bir kimsə görməsin gülən, o qızı.
Ovuda bilməsin heç qonşular da,
Ağlayıb dərdimdən ölən o qızı.
O qız məndən ötrü necə öləcək,
Bir mələk libasda, ağappaq donda.
Bir əli bükülü baxır səmaya,
Cənnət qapısının açarı onda.
Etdiyim bəlkə də qarşıma çıxa,
Çox sirlər örtdüm ki, heç kim bilməsin.
O adam mənəm ha ölüb, dirilən,
Məndən ötrü bir qız niyə ölməsin?!
O qız yavaş-yavaş ölə dərdimdən,
Hər çiynində olsun bir huri-pəri.
Bircə son nəfəsdə üstündə olum,
Görüm necə ölür məndən ötəri.
Həyatda o qızı dərk etməsəm də,
Barı son nəfəsdə onu duyaydım.
Cəmi bircə dəfə alnından öpüb,
İncə tellərini sığallayaydım.
O qız son nəfəsdə heç tək deyilmiş,
Gözünün yaşını silən var imiş.
Deyirəm, ey dünya, bir mənə bax ha,
Mənim də dərdimdən ölən var imiş...
Bircə keçid üçün yer saxlamışam
Doğru bitirməyə çiçək əkirəm, -
Bəlkə qol qoymazsan onda yalana.
Bir yol sərt üzünü göstərmirsən heç
Bizim aramızda nifaq salana.
Nə olsun mahirsən çox oyunlarda,
Mənlə çıxmayıbmı elə az adın...
Şairin ruhuna göylər şərikdir,
Onə nə edəcək sehrbaz qadın?
Mən təsbeh tuturam əlimdə indi,
Sən odun üstündə bardaş qurursan.
Sirli döşəklərdə ad yazdırmaqla,
Eşqin kürəyinə xəncər vurursan.
İslah etməyəcəm yol azanı ta...
Nə olsun həddən çox sirr saxlamışam.
Barışıq yolları bağlanıb daha,
Bircə keçid üçün yer saxlamışam.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!