Təbriz
I
Hansı alverçin Babəkin qollarını satdı?
Hansı dabbaqçın Nəsiminin dərisini aldı?
Hansı nanəcib cərrahın anamın dilini kəsdi?
Bizi Azəri səsləyən dilçinin başına daş düşsün,
Sənin kəbinini kəsən mollanın
ocağına su calanaydı,
Səni tərifləyən aşığın səsi bataydı,
Sən öz bacını qısqanarkən quyuya saldın,
Sən öz qardaşının, bacı söyüşü
eşitməsin deyə, canını aldın.
II
Uşaqlığım qonşumuzun quzusu ilə böyüdü,
Xatirələrimi otlayırdı evimizin böyründə.
Bir gün,
Sallaqların quzunun başını kəsdi,
Xatirələrimin başını kəsdilər sallaqların.
Bir gün,
Şirin yuxudaydım gecə yarısı,
Atamı əlimdən aldın.
Bir gün,
Anam, ayaqyalın qaçırdı
çörəyin ardınca qarın üstündə.
Qar, anamın ayaqlarından utanırdı,
Sən, utanmırdın, Təbriz.
III
Xeyir ola!
Ayna-daraq alırsan,
Yaman yetişirsən Gəcilin1 kəkəli
qızına
Yenə kimin oğlunu yazıq eləyəcəksən, Təbriz?
IV
Nə qədər gözəllikdə Yusifə bənzəsən də,
Nə qədər qəmin Yaqubun qəmi qədər olsa da,
Yusifin qardaşları qədər xainsən, Təbriz.
V
Anam,
Gündüzlər sənə güllü xalçalar toxudu,
Gecələr, ayaqqabı tikdi.
Anamın,
Nə ayaqlarına başmaq geydirdin,
Nə məzarının üstünə gül qoydun.
Atam
Gündüzlər sənə alma dərdi ağacdan,
Gecələr bağ suvardı.
Atamın,
Nə ağzına bir dilim alma qoydun,
Nə məzarının başında bir ağac əkdin.
Mən
Gündüzlər sevdiyim qızları
gəlin köçürtdüm yad qapısına,
Gecələr şeirlər yazdım.
Mənim...
Mənim ahım səni tutsun, Təbriz.
VI
Bir gün,
İtə çörəyimi verdim
Barmağımın tuşundakı o küçənin başında.
Bir gün,
O qırmızı dağ uçurdu,
Dağa kürəyimi verdim.
Bir gün,
Küçəndən keçirdim bir axşamüstü,
Mənə bir göz vurdun,
Sənə ürəyimi verdim.
İt,
Qapımda çörəyimi qoruyur illərdir,
Dağ,
Arxamda kürəyimi qoruyur illərdir.
İllərdir,
Ürəyimə xəncər soxursan, Təbriz.
VII
Nə qədər səni İsfahana vermirdilər,
Ayrılıq şeiri oxuyurdun hər səhər-axşam.
Nə qədər, Əmirəqız2 barışmırdı Tehran ilə,
Vətən şeiri oxuyurdun hər səhər-axşam.
Səni İsfahana verəndən sonra...
Əmirəqız Tehran ilə barışandan sonra...
Sənin şairliyinə nə gəldi, Təbriz?
VIII
Hansı dildə sənə yalvarmalıyıq?
Mahnılarımızı hansı yurda köçürməliyik?
Rəqslərimizdə qollarımız göylərdə qalıb.
Şeirlərimizi hansı qəbiristanlıqda basdırmalıyıq?
Bir gün, "İranşəhri"lərin arxamca hürürlər,
Deyirəm, qurdun ardınca it hürər, olsun!
Bir gün, satqınların məni küçəndə döyürlər,
Deyirəm, igidə yaralı gərək, boş ver!
Hər gün səni illərdir yıxırlar
Yıxılmaq ayıb olmasa da,
Yıxılıb yatmaq ölümdür, Təbriz.
IX
Haydı!
Buxçanı bağla,
Səni "Nobar hamamı"na götürürəm indi.
Keç içəri, ya Allah,
Məşhədi Rəcəb səni kisələsin bir.
Oturmuşam hamamın qapısında,
Bu şeirin ətəyində oturmuşam.
- Yuyundun gəldin?
Afiyət olsun!
Əlimdən tut, qıvraq ol!
Turan xanım bizi qonaq çağırıb.
1 - Gəcil: Təbrizdə məşhur məkan adıdır. "Gəcil qapısı" qədim Təbrizin səkkiz
darvazasından birinin adı imiş.
2 - Təbrizdə məşhur məhəllə adıdıdır.
(Bill Gates) ilə (Əhməd)in dialoqu
- özünü tanıtdırasan...
Adım Əhməddir, Bill Gates bəy.
11 il öncə Əfqanıstanın
Kabul şəhərində dünyanı fəth etdim,
11 ildir, dünyanın uğursuz fatehi kimi
yaşayıram Yer kürəsində.
Atam, qarnına bağladığı saatlı bombayla
özünü partlatdı, şəhərin teatr mərkəzində.
Və bir il sonra...
Anamı səngsər etdilər
Kabulun Məsud meydanında.
Bacım...
O məndən kiçikdir, məndən 2 il xırdaca.
Bacım, 63 yaşında bir şeyxin
ikinci arvadının günüsü oldu.
Və mən,
Çörəyə qoşulub qaçdım.
- Nə iş bacarırsan, Əhməd?
- Çox işlər bacarıram, Bill Gates bəy -
siz bacara bilməzsiz.
Məsəla....
Buludların səslərini görürəm -
siz görə bilməzsiz,
Göyərçinlərin rüyalarını açıram -
siz aça bilməzsiz.
Yol qırağına düzülən ağacları, maşınların pəncərəsindən qaçıram - siz qaça bilməzsiz.
V...
Sutapançası
Depress saatlarında
səni diksindirərək güldürdüm,
Gülmədin.
Stressli anlarında səni şirin-şirin dindirdim,
Dinmədin.
Bu küçənin başındakı parkda gözləyirəm səni,
Gəlmirsən.
Qarşımdan keçirsən bəzəkli papağınla,
Tətiyim sənin üçün darıxır.
Demişdim, məktəbə getmə,
Bu necə dərsdir?
Səni məndən küsdürdü.
Demişdim, uşaq qal həmişə,
Bu necə böyüməkdir?
Səni məndən uzaqlaşdırdı.
Demişdim, bu çərçi kişinin oğluna qoşulma
Bu necə evlənməkdir?
Səni məndən ayırdı.
Uşaqlıq şəklinə baxıram indi,
Qarnımda fişənglər özlərin öldürürlər.
Əllərini qovza göyə,
Dön divara, danışma!
Ölümə hazır ol,
Hazır ol ölümə.
Üç,
İki,
...
...
Bu soyuq tər nədir, Nazı?
Qorxma, qız!
Mənəm, baaaaaa -
Sutapançası.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!